Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Əyar mərkəzinin yeni binası istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.
Açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov Maliyyə Nazirliyi, eləcə də onun şəhər və rayon şöbələrinin fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə qiymətli metalların və daşların alınması, istifadəsi və qeydiyyatı, onlara əyar nəzarətinin həyata keçirilməsi “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu qanun əsas götürülərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 25 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əsasnaməsində dəyişiklik edilmiş, nazirliyin yanında Əyar mərkəzi yaradılmışdır. Yarandığı gündən etibarən mərkəz öz işini ölkəmizdə bu sahə ilə bağlı qəbul edilmiş qanunların tələbləri əsasında qurmuş, öz üzərinə düşən vəzifələrin icrasına çalışmışdır. Son illər bu sahədə çalışanların bilik və bacarıqlarının artırılması da diqqət mərkəzində saxlanılmış, əməkdaşlar müvafiq kurslar keçərək bu sahə üzrə ixtisaslaşmışlar”.
Ali Məclisin Sədri demişdir: “Bu gün muxtar respublikamızda qiymətli daşların və metalların, zərgərlik məmulatlarının idxalı və satışının həyata keçirilməsi sahəsində 41 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əyar mərkəzi tərəfindən qiymətli zərgərlik məmulatlarının satışını həyata keçirən fiziki şəxslərin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görülür, onların satışa çıxardıqları zərgərlik məmulatlarına dövlət nəzarəti həyata keçirilir, tərkibi yoxlanılır. Bu da istehlakçıların hüquqlarının qorunmasına və onların keyfiyyətli zərgərlik məmulatları ilə təmin olunmasına imkan verir. Ötən il muxtar respublikaya gətirilən 12 minə yaxın müxtəlif zərgərlik məmulatları əyarlanmış, analiz olunmuş və damğalanmışdır”.
Ali Məclisin Sədri demişdir ki, muxtar respublika ərazisində əyar nəzarəti, eləcə də qiymətli daşların və metalların alınması, istifadəsi, uçotu və saxlanılması sahəsində dövlət nəzarətini həyata keçirmək Əyar mərkəzinin əsas vəzifəsidir. Mərkəz öz işini bundan sonra da qanunvericiliyin tələbləri səviyyəsində qurmalı, əhaliyə nümunəvi xidmət göstərməlidir.
“İstər muxtar respublikada istehsal edilən, istərsə də xaricdən satış üçün gətirilən qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması davam etdirilməli, satışa çıxarılan məhsulların tərkibinin öyrənilməsi üçün analizlər aparılmalı, keyfiyyətli məhsulların satışı təmin olunmalıdır”, – deyən Ali Məclisin Sədri kollektivə fəaliyyətində uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binanın tikintisinə ötən ilin əvvəllərində başlanmış və Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsi tərəfindən keyfiyyətlə başa çatdırılmışdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 15 iş otağı, laboratoriya, arxiv, bufet və qazanxana vardır. Təhlükəsizlik və videonəzarət sistemləri ilə təmin olunmuş binada lazımi şərait yaradılmış, iş otaqlarında mebel dəstləri və kompyuterlər qoyulmuşdur.
Qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması, qiymətli daşların ekspertizası və diaqnostikası üçün Əyar mərkəzində müasir tələblərə cavab verən laboratoriya yaradılmışdır. Laboratoriyada Avropanın qabaqcıl ölkələrində istehsal edilən lazer damğavuran qurğu, əyar damğa izlərinin həqiqiliyini ekspertiza edən videokompleks, qiymətli metalların və qiymətli daşların kimyəvi tərkibini müəyyənləşdirən analizatorlar, elektron tərəzilər və mikroskop qoyulmuşdur. Laboratoriyada qiymətli metalların kimyəvi tərkibi və əyarı müəyyənləşdirildikdən sonra onlara dövlət əyar damğası vurulur. Dövlət əyar damğası zərgərlik məmulatlarının dövlət standartlarının tələblərinə uyğunluğunun təminat göstəricisidir.
Bildirilmişdir ki, qiymətli metallar ilkin olaraq əyar damğa izlərinin həqiqiliyini ekspertiza edən videokompleksdə yoxlanılır. Bundan sonra həmin məmulatın əyarı müəyyənləşdirilir və ona lazer damğavuran aparatında dövlət əyar damğası vurulur. Lazer damğavuran aparatı yüksək iş əmsalına malikdir. Belə ki, bu aparat vasitəsilə metallara istənilən ölçü verərək kəsmək, fiqurlar hazırlamaq və dizayn vermək mümkündür. Muxtar respublika sakinləri istədikləri vaxt Əyar mərkəzinin laboratoriyasının xidmətindən istifadə edərək qiymətli metalların və daşların əyarını, kütləsini, tərkibini və keyfiyyətini öyrənə biləcəklər.
Laboratoriyaya baxış zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə və Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinə muxtar respublikaya idxal edilən qiymətli metalların və daşların, onlardan hazırlanan zərgərlik və digər məişət məmulatlarının qeydiyyatının aparılması, onların keyfiyyətinə nəzarətin gücləndirilməsi barədə tapşırıqlar vermişdir. Qiymətli metal və ya daşlardan zərgərlik məmulatı hazırlayan istehsalçıların və onların satışı ilə məşğul olan sahibkarların qeydiyyata alınması isə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə tapşırılmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan Şəhər Maliyyə Şöbəsi də bu binada fəaliyyət göstərəcək. Burada şöbənin əməkdaşları üçün yüksək iş şəraiti yaradılmışdır.
Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmış, müasir işıqlandırma sistemləri qurulmuşdur. Öz orijinallığı və müasir arxitektura quruluşu ilə seçilən bu bina paytaxt şəhərimizin Cəlil Məmmədquluzadə küçəsinə yeni görkəm verir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti