Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans işə başlamışdır.
Dövlətimizin başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.
Sərgidə 2003-2012-ci illər üzrə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın ayrı-ayrı sahələri – sənaye, infrastruktur, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya və sair sahələr üzrə iqtisadi inkişafı əks etdirən göstəricilər yerləşdirilmişdir. Bildirildi ki, 2003-2012-ci illərdə Ümumi Daxili Məhsul üç dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, orta aylıq əməkhaqqı 5,1 dəfə artmışdır. Bu dövrdə ölkənin strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard ABŞ dolları təşkil etmişdir.
Prezident İlham Əliyev konfransda nitq söyləmişdir.
AzərTAc