02 Yanvar 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında daxili işlər orqanlarında səmərəli fəaliyyətlərinə görə:
Əliyev Pərviz Ramiz oğlu
Həsənov Tahir Tapdıq oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
Əkbərov Elmin Aydın oğlu
Əsədov Mənsur Sabir oğlu
Quliyev Aydın Yusif oğlu
Qurbanov Şahin Əsgər oğlu
Mehdiyev Orxan Nadir oğlu
Məmmədov Elnur Tariyel oğlu
Məhərrəmov Şəhriyar Dadaş oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 yanvar 2014-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında ədliyyə sahəsində səmərəli fəaliyyətlərinə görə:
Cəfərov Rafət Telman oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;
Ağayev Rayiq Bəhman oğlu
Cəlilov Rəşad Elşad oğlu
Əsgərov Məzahir Əkbər oğlu
Gülməmmədova İsayə İsa qızı
İsmayılov Bayram Həsən oğlu
Quliyev Məcnun Abbasqulu oğlu
Nəcəfov Ramazan Zeynal oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 yanvar 2014-cü il

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığına işgüzar səfərə gəlmişdir.

*      *      *

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

AzərTAc

2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.
Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.
Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir.
Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi olduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunsun.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı hazırlayıb həyata keçirsin.
3. Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planını hazırlayıb həyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2014-cü il

Uşaqlara qayğı və diqqət gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüdülməsinə xidmət edir. Bu baxımdan muxtar respublikada uşaqların təhsil və tərbiyəsinin təşkili, eləcə də məktəbəqədər tərbiyə müəssisələri üçün zəruri şəraitin yaradılması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində yeni inşa olunan uşaq bağçası da bu sahədə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda fəaliyyətinə görə Həsən İbrahim oğlu Hacıyev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 10 yanvar 2014-cü il

Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun, təxminən, 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz təşkil etdiyini bildirdi. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlətimizin başçısı ölkəmizin strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılmışdır və işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil etmişdir.
Dövlətimizin başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd etdi. 2013-cü ildə TAP və “Şahdəniz-2” layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğuladı.
Dövlətimizin başçısı 2014-cü ilin “Sənaye ili” olacağını bildirdi.

AzərTAc

Yanvarın 7-də paytaxtda Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur. Dövlətimizin başçısı 2011-ci ilin iyulunda mərkəzin təməlqoyma mərasimində iştirak etmişdir.
Yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi.
Qeyd edildi ki, 50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı və xanımı sağlamlıq mərkəzinin ayrı-ayrı şöbələrində yaradılan şərait və müasir tibbi avadanlıqla tanış oldular.
Prezident İlham Əliyev Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra həkim kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Yanvarın 7-də Sədərək kənd 1 nömrəli tam orta məktəbin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov demişdir ki, aparılan quruculuq və abadlıq işləri Sədərək rayonunu abad yaşayış məntəqəsinə çevirmişdir. Rayonda digər sahələrlə yanaşı, təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Son illər Sədərək rayonunda 1 məktəb, 2 uşaq bağçası və Şahmat Məktəbi üçün inzibati bina inşa edilmiş, aparılan abadlıq işləri sayəsində yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, rayonda təhsil uğurları ilbəil artmaqdadır. Ötən tədris ilində rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 31-i ali məktəblərə qəbul olmuşdur. Həbib İbrahimov yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, nazirliyin və onun struktur qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada fövqəladə hadisələrin baş vermədən qarşının alınması, yaşayış məntəqələrinin və əhalinin təbii və texnogen hadisələrdən qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur.
Yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılan əraziyə və binanın layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, binanın yerləşdiyi ərazi rayonun yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə uyğun seçilmişdir. Hazırda binanın özülü qazılmış və ilkin dəmir-beton işləri görülmüşdür. Ərazidə inzibati bina, yeraltı ehtiyat su hovuzu, texniki qaraj və təlim qülləsi tikiləcək, növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətinin təmin olunması üçün hər cür şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Yeni ili böyük sevinc hissi ilə qarşılayan xalqımız əmindir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf xətti 2014-cü ildə də Azərbaycanın davamlı yüksəlişinin təminatına çevriləcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər qazanacaqdır.

Ardını oxu...

Artıq tərəqqi və uğurlarla dolu olan “Heydər Əliyev ili” – 2013-cü il tarixə qovuşdu. Hər gün dəyişən, müasirləşən Azərbaycanımızda, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu il ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illi­yinin dövlət səviyyəsində qeyd olunması, xalqımızın prezident seçkilərində növbəti dəfə dahi şəxsiyyətin siyasi xəttini dəstəkləməsi ilə əlamətdar oldu. İqtisadi və sosial sahələrdə əldə olunan nailiyyətlər, əhalinin rifahının yüksəldilməsi istiqamətində görülən işlər növbəti ili bayram əhval-ruhiyyəsi ilə qarşılamağa imkan verir. Muxtar respublika sakinləri muxtariyyətimizin 90 yaşını qeyd edəcəyimiz 2014-cü ildə də daha böyük uğurlara nail olmaq əzmindədirlər.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırılır, zabit-gizir ailələri yeni mənzillərlə təmin olunurlar.
Dekabrın 31-də Naxçıvan şəhərində istifadəyə verilmiş yaşayış kompleksində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilmişdir.

Ardını oxu...

Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasi xətt iqtisadiyyatın dinamik inkişafı ilə yanaşı, Silahlı Qüvvələrin maddi-texniki bazasının güclənməsinə və döyüş qabiliyyətinin artmasına da səbəb olmuşdur. Artıq peşəkar şəxsi heyətə malik olan Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin yeganə qarantıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim güclü siyasi iradəmiz, güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu dövlətçiliyi, bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur”.

Ardını oxu...

Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli birliyinin təqviminə çevrilmişdir. Milyonlarla insanı vahid ideologiya ətrafında həmrəy edən bu bayram bütövlük və bərabərliyin vacib formulu olan xalq-ordu birliyinin də əsasını təşkil edir. Muxtar respublikamızda həmrəylik bayramının əsgərlərimizlə birlikdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyətin nümayəndələrinin vətənimizin sadiq keşikçilərinə maddi və mənəvi dəstək olması onların mübarizlik əzmini daha da artırır.

Ardını oxu...

Dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qız qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olmuşlar.
Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılmışdır. Elmi araşdırmalara əsaslanan bu layihənin reallaşdırılması zamanı müasir texnologiyalardan geniş istifadə edilmişdir. Burada aparılan işlər nəticəsində Qız qalasının təkrarolunmaz görkəmi tam bərpa edilmiş, bu bənzərsiz abidə yenidən istifadəyə verilmişdir.
Dövlətimizin başçısı və xanımı Qız qalasında mövcud olmuş xarakterik zədələri, abidənin müqayisəli görüntülərini, köçəri quşların (uzunqanadlıların) alternativ yuvalarla təmin edilməsi ilə bağlı görülmüş işləri əks etdirən stendə baxdılar.
Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Qız qalasında həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verildi.
Qeyd olundu ki, 2013-cü ilin oktyabrında Qız qalasının həm fasadında, həm də daxilində bərpa və konservasiya işləri uğurla yekunlaşdırılmışdır. Bununla yanaşı, qalanın daxilində beynəlxalq standartlara uyğun müasir muzey ekspozisiyası yaradılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva görülən işlərlə yaxından tanış oldular.
Sonda dövlətimizin başçısı və xanımı xatirə şəkli çəkdirdilər.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il dekabrın 25-də dünya azərbaycanlılarına ünvanladığı müraciətində demişdir: “Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı hər il Naxçıvan Muxtar Respublikasında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Həmrəylik ideyasının ictimai təşəbbüslərdən əməli işə çevrilməsinin nəticəsidir ki, bayram günlərində muxtar respublikamızda xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlar unudulmur, onlara bayram sovqatları aparılır.

Ardını oxu...

Dekabrın 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıb­ov 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Ülkər İmamqulu qızı Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilsin.

Vasif  TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 dekabr 2013-cü il

Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin akademiyanın həyətində ucaldılmış abidəsinin önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev akademiyanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Azərbaycan Prezidentinin 2008-ci il 2 iyun tarixli Sərəncamı ilə yaradılmış akademiya xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanması, əməkdaşların ixtisaslarının artırılması və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir. Dövlətimizin başçısının 2009-cu il 10 iyul tarixli Fərmanı ilə akademiyanın Nizamnaməsi təsdiq edilmişdir.
Məlumat verildi ki, akademiyanın strukturuna həyat fəaliyyətinin təhlükəsizliyi, yanğın təhlükəsizliyi, kadrların yenidən hazırlığı və ixtisasartırma, qiyabi təhsil fakültələri və altı kafedra daxildir. Burada tədris Avropa Kredit Köçürməsi Sisteminin tələblərinə uyğun olaraq aparılır.
Dövlətimizin başçısı akademiyanın kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*  *  *

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov birgə nahar etmişlər.

 *  *  *

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olmuş, Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev əvvəlcə Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.
Sonra Prezident İlham Əliyev yenidən qurulması başa çatmış Zabrat-Pirşağı avtomobil yolunun açılışında iştirak etdi.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycanın sürətlə inkişaf edən ölkələrdən biri olduğunu vurğulayan Koray Tarqay ölkəmizdə diplomatların fəaliyyəti üçün yüksək şəraitin yaradıldığını bildirdi.
Görüşdə Azərbaycan Respublikası ilə ATƏT arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*     *     *

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına təbrik ünvanlamışdır.

AzərTAc

Dekabrın 24-də Bakının Yeni Ramana qəsəbəsində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin yenidənqurmadan sonra açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak etmişlər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva əvvəlcə tibb məntəqəsinə baxdılar.
Sonra dövlətimizin başçısı və xanımı mərkəzdə sağlamlıq imkanları məhdud gənclər üçün yaradılmış şəraitlə, habelə idman zalı ilə tanış oldular.
Mərkəzlə tanışlıqdan sonra Azərbaycan Prezidenti və xanımı sağlamlıq imkanları məhdud gənclərlə görüşdülər.

AzərTAc

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Dövlətimizin başçısı əvvəlcə 2011-2013-cü illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. 
Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açdı.
Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov dövlət proqramı çərçivəsində görülən işlərlə bağlı məruzələrlə çıxış etdilər.
Konfransa yekun vuran Prezident İlham Əliyev bildirdi ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası şəhərimizin abadlaşması üçün böyük təkan olmuşdur. Dövlətimizin başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğuladı.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
I. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası 2013-cü il dekabr ayının  28-də saat 1100-da Naxçıvan şəhərində çağırılsın.
 II. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
 1. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
 2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi
 3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi
 4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
 5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi
 III. Sessiyanın iclasına müzakirə olunacaq məsələlərə  aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 23 dekabr 2013-cü il

Başıqarlı dağların əhatəsində yerləşən Bist və Nəsirvaz Ordubad rayonunun ən ucqar dağ kəndləridir. Yaşı min illərlə ölçülən, qədim tarixə, gözəl təbiətə, turizm potensialına, zəhmətkeş və torpağa bağlı insanlara malik olan bu yaşayış məntəqələrində sakinlərin sosial problemləri vaxtlı-vaxtında həll olunur. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində bu il kəndlərdə yeni sosial obyektlər tikilmiş, geniş abadlıq işləri aparılmışdır. Hər iki kənddə yaradılan müasir infrastruktur insan amilinə verilən qiymətin ifadəsi olmaqla yanaşı, dövlətimizin iqtisadi gücünün də daha bir göstəricisinə çevrilmişdir.
Dekabrın 21-də Bist və Nəsirvaz kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Bist kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılmışdır

 

Bu il Bist kənd tam orta məktəbinin binası yenidən qurulmuş, müasir tədris sistemi yaradılmışdır.
 Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bist kənd tam orta məktəbinə gəlmiş, yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.

Ardını oxu...

Nəsirvaz tağım dayaq məntəqəsində xidmət nümunəvi təşkil olunmuşdur

Muxtar respublikamızda hərbi hissələrin maddi-texniki bazalarının gücləndirilməsi, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün muxtar respublikamızda dağ şəraitində yerləşən tabor mərkəzlərində, bölük və tağım dayaq məntəqələrində xidmət yüksək səviyyədə təşkil olunmuş, əsgər və zabitlərimiz torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmışlar.
 Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nəsirvaz tağım dayaq məntəqəsinə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.

Ardını oxu...

Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir. Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Naxçıvanın gözəl təbii abidələri var. Gəmiqaya dünyada məşhur bir yerdir... O, bizim böyük sərvətimizdir. Orada insanın qoyduğu izlər var. Bu, Azərbaycanın, onun ayrılmaz hissəsi olan Naxçıvanın tarixidir. Bunlarla məşğul olmaq lazımdır”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin şimal regionuna səfəri çərçivəsində dekabrın 20-də Qubada “Rixos Quba Azerbaijan” otel kompleksinin açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, “Rixos Quba Azerbaijan” oteli Qudyalçayın sahilində inşa olunmuşdur. Yüksək keyfiyyətli müxtəlif xidmətlərin göstəriləcəyi otel kompleksi maraqlı memarlıq üslubunda tikilmişdir. Avanqard və modern memarlıq üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Turistlərin Heydər Əliyev Beynəlxalq Aeroportundan “Rixos Quba Azerbaijan” otelinə çatdırılması üçün özəl VİP servis və helikopter xidməti göstəriləcəkdir.
Prezident İlham Əliyev komplekslə tanış oldu.
Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı otelin kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.

 *  *  *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-20-də “Şahdağ” qış-yay turizm kompleksində tikilmiş yeni otellərin açılışında iştirak etmiş, yaradılmış yüksək xidmət şəraiti ilə tanış olmuşdur.
Ölkəmizdə ilk dəfə yaradılan və dünya standartlarına cavab verən bu layihənin reallaşdırılması respublikada dağ-xizək və digər qış idman növlərinin, xüsusilə də turizmin inkişafı üçün geniş imkanlar açır.

AzərTAc

Dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksində olmuşlar.
Dövlətimizin başçısı və xanımı “Şahdağ”, “Pik Palas” otellərinin açılışında və 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı və xanımı əvvəlcə beşulduzlu “Pik Palas” otelinin açılışında iştirak etdilər.
Prezident İlham Əliyev otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Paytaxtdan 230 kilometr şimalda, “Şahdağ” qış-yay turizm kompleksində yerləşən “Pik Palas” oteli dağların əzəmətli gözəlliyi ilə əhatə olunmuşdur və onun hər bir elementi məmnunluq doğurur.
Dövlətimizin başçısı otelin fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni tikilmiş beşulduzlu “Şahdağ” otelinin açılış mərasimində iştirak etdilər.
Azərbaycan Prezidenti otelin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2013-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak etdilər.
Azərbaycan Prezidenti mərasimdə nitq söylədi.

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabr tarixli 770-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 11.0.4-1-ci və 12.0.4-1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində (yalnız birinci instansiya məhkəmələrinə münasibətdə) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2013-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasının təmin edilməsi məqsədilə qərara alıram:
1. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və ildə bir dəfə icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
3. Bu Sərəncam 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18  dekabr 2013-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi vəziyyətini yaxşılaşdırmaq məqsədilə qərara alıram:
1. “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və ildə bir dəfə icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
3. Bu Sərəncam 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 18 dekabr 2013-cü il

Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Plamin Orişarski, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, İtaliyanın xarici işlər naziri Emma Bonino, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın enerji nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdilər.
Sonra sənədlər imzalandı.
“Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalandı.
Bununla da, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi başa çatdı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu, Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri qlobal iqtisadi layihələrin önəmi qeyd edildi, dekabrın 17-də “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyəti vurğulandı. Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla icra olunduğu bildirildi, enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 *     *     *

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur.

 *     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Xorvatiyanın Baş naziri Zoran Milanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 *     *     *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Malena Mardın etimadnaməsini qəbul etmişdir.

AzərTAc

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şamı İsmayıl oğlu Abdullayevə general-leytenant hərbi rütbəsi verilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 dekabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 14 dekabr tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardır.

“Hərbi xidmətlərə görə” medalı ilə

Hüseynov Azadil Əli oğlu
İmanov Kənan Şakir oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Kazımov Vüqar Etibar oğlu

Dekabrın 13-də Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevə park haqqında ətraflı məlumat verildi.
Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə üzrə müasir səviyyədə yeni park salınmışdır. Bu istirahət məkanı paytaxtın ən böyük parklarından biridir. Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, müasir standartlara uyğun işıqlandırma sistemi qurulmuşdur. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır.
Parkda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

AzərTAc

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından on il keçir.
Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoydu.
Azərbaycanın Dövlət himni səsləndi.
Dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

*  *  *

Dekabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ümummilli liderin vəfatı günü ilə əlaqədar ehsan verilmişdir.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, ölkəmizin bütün şəhər və rayonlarından ictimaiyyətin nümayəndələri mərasimdə iştirak etmişlər.
Ehsan mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

AzərTAc

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi ölkə­mizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilmiş, Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında musiqi sahəsindəki səmərəli fəaliyyətinə görə Kamal Rüstəm oğlu Əhmədova “Əməkdar incəsənət xadimi” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 dekabr 2013-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cəlil Abbas oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini təyin edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 dekabr 2013-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini dedi. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını dedi. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzuladı.
Səfir İkramullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

AzərTAc

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər il ulu öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli liderimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.
Dekabrın 10-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.

Ardını oxu...

Babək rayonunun Çeşməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dinamik və mütərəqqi dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev siyasi xəttinin təntənəsidir. “Doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da inkişafın əsas hərəkətverici qüvvəsidir. Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, abadlaşan şəhər və kəndlər məhz ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Babək rayonu da ümummilli liderin ideyalarının işığında sürətlə inkişaf edir, rayon mərkəzi və kəndlər müasir görkəm alır.

Ardını oxu...

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının Atıcılıq Mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının sədri Asəf Məmmədov açılış tədbirində çıxış edərək demişdir ki, muxtar respublikada uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılmışdır. Bu sahədə görülən işlərin məntiqi davamı kimi yaradılan Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası da idmanın bu növünün inkişafında mühüm əhəmiyyətə malikdir. Atıcılıq Federasiyasının Naxçıvan şəhərində, Şərur, Culfa və Kəngərli rayonlarında müxtəlif atıcılıq idman klubları yaradılmışdır. Bu gün istifadəyə verilən Atıcılıq Mərkəzi gənclərin atıcılıq idman növlərinə marağının artırılmasında mühüm rol oynayacaqdır. Asəf Məmmədov yaradılan şəraitə görə idmançılar adından minnətdarlığını bildirmişdir.

Ardını oxu...

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Bu gün iqtisadi güc və davamlı sosial siyasət müasir Azərbaycanın inkişaf modelini əks etdirir. Ölkə Prezidentinin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan quruculuq işləri ölkəmizin bütün regionlarını əhatə etmiş, yeni binalar, körpülər tikilmiş, yollar çəkilmiş, sakinlərin sosial rifah halı yüksəldilmişdir. İqtisadi yüksəliş və qarşıya qoyulan vəzifələrin uğurlu icrası “Heydər Əliyev ili” olan 2013-cü ildə muxtar respublikanın tikinti-quruculuq xəritəsini daha da genişləndirmişdir.
Dekabrın 6-da Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Güney Qışlaq kəndinin avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərinin bir hissəsini də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi təşkil edir. Xüsusilə də kənd yollarının yenidən qurulması rahat və təhlükəsiz hərəkətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir.
“Heydər Əliyev ili”ndə növbəti avtomobil yolu Güney Qışlaq kəndində istifadəyə verilmişdir.
Dekabrın 6-da avtomobil yolunun açılışı olmuşdur.

Ardını oxu...

Muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks abadlıq-quruculuq işləri sakinlərin sosial problemlərinin həlli ilə yanaşı, turizm potensialını da xeyli artırmışdır. Zəngin təbiətə, saf suya və təmiz havaya malik olan dağ kəndlərində tikilən yeni sosial obyektlər həm də turizm infrastrukturunun inkişafına təkan vermişdir. Bu gün müasirliyin vəhdətində daha abad və əsrarəngiz bir görkəm alan yaşayış məntəqələrindən biri də Şərur rayonunun Şahbulaq kəndidir. Rayon mərkəzindən 22 kilometr aralıda yerləşməsinə baxmayaraq, kənddə insanların yaşayışı üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlər tikilmişdir.
Dekabrın 3-də Şərur rayonunun Şahbulaq kəndində avtomobil yolu, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.

Ucqar dağ kəndinin yolu müasir tələblər səviyyəsindədir

Muxtar respublikanın dağ kəndlərində yolların yenidən qurulması sakinlərin rahatlığına, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə şərait yaratmışdır.
Dekabrın 3-də Gümüşlü-Şahbulaq avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Yolun texniki göstəriciləri barədə Ali Məclisin Sədrinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Gümüşlüdən Şahbulaq kəndinədək olan yolun uzunluğu 7 kilometrdir. Yenidənqurma işləri zamanı yola yeni asfalt örtük salınmış, kənddaxili 2300 metr məsafəyə qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 20 su keçidi, 2 körpü və 310 metr istinad divarı tikilmiş, 280 metr beton kanal çəkilmişdir.

Ardını oxu...

Muxtar respublikanın şəhər və rayon mərkəzlərində olduğu kimi, kəndlərdə də müasir təhsil infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi kimi, Şərur rayonunun Gümüşlü kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılmışdır.

Ardını oxu...

Dekabrın 2-də Bakı Sərgi Mərkəzində “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısına məlumat verdi ki, sərgidə yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkət iştirak edir. Builki sərgidə 15 ölkə milli pavilyonu ilə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirir. Əfqanıstan, İtaliya və   ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər. Həmçinin aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribüterlər də sərgidə təmsil olunurlar.
Diqqətə çatdırıldı ki, builki sərginin fərqli cəhəti Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal dəstəyi ilə təşkil edilən milli stendlərin say etibarilə daha çox olmasıdır.
Sərgidə MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdirilir.
Prezident İlham Əliyev sərgi ilə tanışlıq zamanı “Euronews” televiziyasına müsahibə verdi.
Dövlətimizin başçısı milli və xarici pavilyonlarla tanış oldu.
Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

 *   *   *

Dekabrın 2-də Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış olmuşdur.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR