Dekabrın 13-də Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyevə park haqqında ətraflı məlumat verildi.
Dövlətimizin başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə üzrə müasir səviyyədə yeni park salınmışdır. Bu istirahət məkanı paytaxtın ən böyük parklarından biridir. Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, müasir standartlara uyğun işıqlandırma sistemi qurulmuşdur. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır.
Parkda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev mərasimdə iştirak edən elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
AzərTAc