Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə hərbi qulluqçuların mənzil-məişət şəraiti yaxşılaşdırılır, zabit-gizir ailələri yeni mənzillərlə təmin olunurlar.
Dekabrın 31-də Naxçıvan şəhərində istifadəyə verilmiş yaşayış kompleksində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş 16 hərbi qulluqçuya yeni mənzillər verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunan hərbi qulluqçuları və onların ailələrini təbrik edərək demişdir: “Ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbçi ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması mühüm yer tutur. Qüsursuz xidmət edən hərbi qulluqçuların mənzillərlə təmin olunması ölkə Prezidentinin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Bu gün mənzillərlə təmin olunan hərbi qulluqçuların xidməti fəaliyyəti ordu sıralarında xidmət keçən digər zabit, gizir və əsgərlər üçün nümunə olmalıdır”.
Ali Məclisin Sədri hərbçi ailələrini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yenil il bayramı münasibətilə təbrik etmişdir.
Mayor Cahangir Şirinov və hərbçi ailəsi adından Almaz Rəcəbli yeni mənzillərlə təmin olunmalarına görə minnətdarlıqlarını bildirmişlər.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim etmiş, yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, isitmə, soyutma və yanğından mühafizə sistemləri ilə təmin olunan mənzillərdən 14-ü üçotaqlı, 2-si isə ikiotaqlıdır. Hər birinin sahəsi 139 kvadratmetr olan mənzillərdə lazımi kommunal-məişət şəraiti yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti