Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il dekabrın 25-də dünya azərbaycanlılarına ünvanladığı müraciətində demişdir: “Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki Vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir. Dünya azərbaycanlılarının həmrəyliyi hazırda özünü təkcə emosional hiss və duyğularda deyil, həm də daha çox real məzmuna malik milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir”.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı hər il Naxçıvan Muxtar Respublikasında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Həmrəylik ideyasının ictimai təşəbbüslərdən əməli işə çevrilməsinin nəticəsidir ki, bayram günlərində muxtar respublikamızda xüsusi diqqətə, qayğıya və şəfqətə ehtiyacı olan insanlar unudulmur, onlara bayram sovqatları aparılır.
Dekabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Psixi Xəstəliklər Dispanserinə gəlmiş, səhiyyə ocağındakı xəstələri və tibb işçilərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: “Dövlətimiz tərəfindən insanların sağlamlığının qorunmasına hərtərəfli qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, eləcə də Onkoloji Mərkəzdə tibb işçilərinin fəaliyyəti, eləcə də xəstələrin müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Göstərilən dövlət qayğısının müqabilində kollektiv öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, xəstələrin müalicəsinə və qidalanmasına diqqət artırılmalıdır. Bununla yanaşı, həkim və tibb işçiləri mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparmalı, xəstəliklərin vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə profilaktik tədbirlər görülməlidir”.
Sonra Ali Məclisin Sədri Psixi Xəstəliklər Dispanserindəki xəstələrin səhhəti, onların müalicəsi və qidalanması ilə maraqlanmışdır.
Qeyd olunmuşdur ki, bu il binada əsaslı təmir işləri aparılmış, su və istilik sistemləri yenilənmiş, xəstələrin məişət şəraiti yaxşılaşdırılmışdır. Dispanserdə qidalanmaya ciddi diqqət yetirilir, xəstələr vaxtlı-vaxtında tibbi müayinədən keçirlər. Səhiyyə ocağının lazımi dərman preparatları və tibbi avadanlıqlarla təchizatı müalicə işinin tələb olunan səviyyədə həyata keçirilməsinə imkan verir.
Ali Məclisin Sədri psixi, ağciyər və onkoloji xəstələrin müayinə və müalicəsinə ciddi diqqət yetirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Gətirilmiş hədiyyələr Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində və Onkoloji Mərkəzdə müalicə alan xəstələrə və burada çalışan tibb işçilərinə paylanmış, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti