Yeni ili böyük sevinc hissi ilə qarşılayan xalqımız əmindir ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf xətti 2014-cü ildə də Azərbaycanın davamlı yüksəlişinin təminatına çevriləcək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə böyük nailiyyətlər qazanacaqdır.
Yanvarın 1-də ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində də bayram şənlikləri keçirilmişdir.
Yeni ilin ilk günündə Naxçıvan şəhərinin əhalisi ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan prospektdəki mərkəzi meydanda keçirilən bayram şənliyinə toplaşmışdı. Vətənimizi, yeni ilin gəlişini tərənnüm edən mahnıların səslənməsi, yolka ətrafında Şaxta babanın, Qar qızın çıxışları, Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklərin göstərilməsi şənliyə gələnlərdə xoş ovqat yaratmışdır.
Mərkəzi meydanın bir hissəsində 50-dən artıq istehsal və xidmət müəssisəsi tərəfindən şəhər sakinlərinə ictimai-iaşə xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyinin keçirildiyi mərkəzi meydana gəlmiş, bayram yolkası ətrafında toplaşmış uşaqların və şəhər sakinlərinin Yeni il bayramını təbrik etmişdir.
Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, uşaqlara hədiyyələr vermişdir.
Yeni il şənliyi bayram günlərində davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti