Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun, təxminən, 6 faiz, qeyri-neft sektorunun 9,8 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artdığını, inflyasiyanın 2,4 faiz təşkil etdiyini bildirdi. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda – 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlətimizin başçısı ölkəmizin strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılmışdır və işsizlik bir qədər də aşağı salınaraq 5 faiz təşkil etmişdir.
Dövlətimizin başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilisi-Qars dəmir yolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd etdi. 2013-cü ildə TAP və “Şahdəniz-2” layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğuladı.
Dövlətimizin başçısı 2014-cü ilin “Sənaye ili” olacağını bildirdi.
AzərTAc