Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir, muxtar respublika 90 yaşını yeni quruculuq töhfələri ilə qeyd edir. Şəhər, rayon və kəndlərdə tikilənlər, qurulanlar yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Artıq muxtar respublikanın ən ucqar dağ kəndində belə, əhali rahat yaşayış şəraiti ilə təmin olunmuş, insanlara göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu istiqamətdə aparılan quruculuq tədbirləri nəticəsində Şahbuz rayonunun Sələsüz və Mərəlik kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Sələsüz kənd tam orta məktəbinin binası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir
Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sələsüz kəndinə gəlmiş, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 234 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Yenidənqurma işləri çərçivəsində məktəbin fasadı və interyeri yenilənmiş, tədrisin müasir metodlarla aparılması üçün lazımi infrastruktur yaradılmışdır. Binada 3 elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompüter otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.