07 Yanvar 2025, Çərşənbə axşamı

Fevralın 24-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak etmişdir.

Məktəbin direktoru Elmira Həsənova çıxış edərək demişdir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-texniki bazalarının gücləndirilməsi və informasiya-kommunikasiya texnologiyaları ilə təminat diqqət mərkəzindədir. Bu gün Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşulur. Yeni bina və yaradılan hərtərəfli şərait məktəbin müəllim və şagird kollektivi üçün əvəzsiz töhfə, eyni zamanda yeni vəzifələr deməkdir. Pedaqoji kollektiv bundan sonra da gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaq, bilikli və vətənpərvər gənclər yetişdirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 11 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, onlara tədrisdə uğurlar arzulayaraq demişdir: “Ölkə­mizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər bu sahədə uğurların qazanılmasına, tədrisin forma və məzmunca yeniləşməsinə səbəb olmuşdur. Hər il ali məktəblərə qəbulda yüksək bal toplayanların və xaricdə təhsil alan tələbələrin sayının artması da ölkəmizdə təhsilə göstərilən dövlət qayğısının nəticəsidir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Gəncləri təhsilli etməklə Azərbaycanın gələcəyi üçün yaxşı əsas yaradırıq” fikrini xatırladan Ali Məclisin Sədri demişdir: “Təhsilin inkişafı ölkənin inkişafı və gələcəyi deməkdir. Bu mənada hər bir xalqın gələcəyi məktəblərdə yetişən gənclikdən asılıdır. Təhsilin müasir tələblər səviyyəsində təşkili, müəllim-şagird münasibətlərinin qarşılıqlı anlaşma və tələbkarlıq üzərində qurulması, gənclərə xalqımızın milli dəyərlərinin öyrədilməsi isə sağlam cəmiyyətin formalaşmasına xidmət edir. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Dövlət tərəfindən təhsilin inkişafına, məktəb işinə hərtərəfli qayğı göstərilir, təhsil sahəsində uğurlu nailiyyətlər qazanılır. Bütün bunları 11 nömrəli tam orta məktəbin timsalında da görmək mümkündür. Məktəbin uğurlu təhsil ənənələri vardır. Ötən tədris ilində ali məktəblərə qəbulda göstərilən nəticələr də bunu bir daha təsdiq etdi. Yaradılan şərait gələcəkdə nailiyyətləri daha da artırmağa imkan verəcəkdir”.
Ali Məclisin Sədri 11 nömrəli tam orta məktəbin Xocalı soyqırımı ərəfəsində istifadəyə verildiyini bildirərək demişdir ki, gənc­lərimiz tariximizi dərindən öyrənməli, xalqımıza qarşı törədilmiş soyqırımları unutmamalı, vətənpərvər ruhda böyüməli, dövlətimiz üçün yararlı vətəndaş olmalıdırlar. Müəllimlər unutmamalıdırlar ki, onlar ölkəmizin gələcəyini hazırlayanlar, şagirdlər isə bu gələcəyin etibarlı təminatçılarıdır. Ona görə də məktəbdə müəllim-şagird münasibətləri qarşılıqlı tələbkarlıq şəraitində qurulmalı, gənclər biliklərə dərindən yiyələnməlidirlər.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, Naxçıvan şəhər ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədri məktəbdə tədrisin təşkili ilə maraqlanmışdır.
Qeyd olunmuşdur ki, 4 mərtəbəli məktəb binası 1100 şagird yerlikdir. Binada yaradılan müasir sinif otaqları, laboratoriyalar, hərbi kabinə, kompüter otaqları, kitabxana, elektron lövhəli siniflər və idman zalı tədrisin müasir metodlarla təşkilinə imkan verəcəkdir.
Məktəbdə şagirdlərin dərslik, bədii və elmi ədəbiyyatlarla təminatına, eləcə də onların mütaliəsinə xüsusi diqqət yetirilmiş, 17 mindən artıq kitab fondu olan kitabxana yaradılmışdır. Kitabxana ilə tanışlıq zamanı şagirdlərin mütaliə vərdişlərinin artırılmasının vacibliyi qeyd olunmuş, bununla bağlı həvəsləndirici tədbirlərin keçirilməsinin də əhəmiyyəti vurğulanmışdır.
Hazırda məktəbin birinci sinfində 68 şagird təhsil alır. Onların təlim-tərbiyəsinə, eləcə də ibtidai təhsilin əsas şərti olan azyaşlıların psixoloji hazırlıqlarına xüsusi diqqət yetirilir. Yuxarı və aşağı sinif şagirdlərinin ayrı-ayrı mərtəbələrdə təhsil almaları da bu məqsədə xidmət edir.
Ümumtəhsil məktəblərində şahmat fənninin tədrisi şagirdlərin zehni inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Məktəbdə şahmat otağı yaradılmış, şagirdlərin zehni idman oyununa olan marağının artırılması diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, məktəbin şagirdləri ölkəmizdə və muxtar respublikada keçirilən bir çox müsabiqə və yarışların qalibi olmuşlar.
Kimya, biologiya və fizika laboratoriyalarında sınaq-təcrübə avadanlıqları quraşdırılmışdır. Elektron dərsliklərlə təminat isə mövzu üzrə müxtəlif mənbələrdən, o cümlədən internet resurslarından istifadə olunmasına və dərslərin daha əhatəli öyrədilməsinə imkan verəcəkdir.
11 nömrəli tam orta məktəbdə 4 kompüter və 4 elektron lövhəli sinif vardır. Kompüter otaqlarında 76 kompüter dəsti quraşdırılmışdır. Sürətli internetə çıxış imkanı kompüterlərdən və elektron lövhələrdən səmərəli istifadəyə, elektron tədris mübadiləsinə və beləliklə, distant təhsilin inkişafına geniş imkanlar açmışdır. Təhsil müəssisəsinin informasiya texnologiyaları ilə təminatı pedaqoji kollektiv və şagirdlər, eləcə də digər ümumtəhsil məktəbləri ilə informasiya mübadiləsi aparmağa imkan verir.
Ali Məclisin Sədri 11 nömrəli tam orta məktəb ilə Şərur rayonunun Aralıq kənd tam orta məktəbi arasında videobağlantı vasitəsilə keçirilən dərsi izləmişdir.
Qeyd edilmişdir ki, informasiya texnologiyalarından istifadə etməklə qurulan müasir təhsil modeli məktəbin pedaqoji heyəti qarşısında da yeni tələblər və vəzifələr qoyur. Müəllimlər təkcə tədris etdikləri fənlər üzrə nəzəri bilikləri deyil, həm də informasiya texnologiyalarından istifadəni dərindən mənimsəməlidirlər. Ona görə də müəllimlərin elmi-nəzəri və peşəkarlıq səviyyəsinin yüksəldilməsində, eləcə də fənlərin tədrisi sahəsində yeniliklərlə tanış olmasında ixtisasartırma kurslarında iştirak vacib amildir. 11 nömrəli məktəbin müəllimləri də mütəmadi olaraq bu kurslarda iştirak edirlər.
Hərbi kabinəyə baxış zamanı bildirilmişdir ki, ötən il məktəbin 4 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur. Yaradılan şəraitdən səmərəli istifadə bundan sonra şagirdlərdə hərb sənətinə olan marağı daha da artıracaqdır.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı demişdir ki, təhsilin səviyyəsinin yüksəldilməsində pedaqoji kollektivin üzərinə mühüm vəzifələr düşür. Hər bir müəllim çalışmalıdır ki, təhsilli və vətənpərvər gənc­lər yetişdirsin. Qeyd olunanlara nail olmaq üçünsə müasir tədris infrastrukturu olmalıdır. Artıq 11 nömrəli tam orta məktəbdə bu  yaradılmışdır.
Müəllimlər qeyd etmişlər ki, təhsilin inkişafı pedaqoji kollektiv üçün yeni imkanlar açır. 11 nömrəli məktəbin müəllim heyəti bundan sonra da öz fəaliyyətləri ilə göstərilən etimada layiq olmağa çalışacaqlar.
Binanın həyətində də abadlıq işləri aparılmış, mini-futbol meydançası yaradılmış, yaşıllıq sahələrinin suvarılması üçün 830 metr uzunluğunda su xətti çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR