07 Yanvar 2025, Çərşənbə axşamı

Fevralın 1-də Naxçıvan şəhərində Gənclər Mərkəzi istifadəyə verilmiş, Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gənclər Mərkəzinin açılışını bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan Gənclər Mərkəzində elektron lövhəli 3 linqafon sinfi, kompüter otağı, elektron kitabxana, intellektual və stolüstü oyun zalları, interaktiv tir və kafe vardır.
Mərkəzdə informasiya texnologiyalarının ən son nailiyyətləri tətbiq edilmiş, 104 kompüter dəsti quraşdırılmış, mərkəzi server sistemi və daxili şəbəkə yaradılmış, kompüterlərin hər birinin internetə çıxışı təmin edilmişdir. Mərkəzdə xarici dil kurslarının tədrisi üçün 3 linqafon sinfi yaradılmışdır. Siniflərdə 58 kompüter və 3 elektron lövhə quraşdırılmışdır. Gənclər burada istənilən xarici dil üzrə həm nəzəri, həm də praktik olaraq düzgün tələffüz vərdişlərinə yiyələnə biləcəklər.
Mərkəzin elektron kitabxanasının bazasında minə yaxın ədəbiyyat vardır. Kitabxanada 11 kompüter qoyulmuş, kitabları elektron formata çevirən surətköçürmə aparatı quraşdırılmışdır.

Sürətli internetlə və xüsusi proqram təminatı ilə təchiz olunmuş kitabxanada gənclər eyni zamanda ölkə­mizin digər elektron kitabxanalarının fondundakı ədəbiyyatlarla tanış ola biləcəklər. Binada gənc­lərin asudə vaxtlarının səmərəli təşkili və onların intellektual səviyyələrinin artırılması da nəzərə alınmış, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün intellektual zal istifadəyə verilmişdir. Zalda proyektor, səsgücləndirici avadanlıqlar və işıqlandırma sistemi quraşdırılmış, televiziya çəkilişlərinin aparılması üçün lazımi şərait yaradılmışdır.

Ali Məclisin Sədri “Xəmsə” intellektual oyununda yarışan komandaların nümunəvi çıxışını izləmişdir.
Tir otağında pnevmatik tüfəng və tapançadan atəş açmaq mümkündür. Altızolaqlı tirdə gənclər idmanın atıcılıq növünə daha yaxşı yiyələnmək imkanı əldə edəcəklər. Oyun zallarında yaradılan şərait isə gənclərin stolüstü idman növləri ilə məşğul olmalarına imkan verəcəkdir. Binada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu üçün 5 iş otağı ayrılmış, lazımi iş şəraiti yaradılmış və fonda xidməti avtomobil verilmişdir.
Bina ilə tanışlıqdan sonra 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 1 fevral tarixli Sərəncamı ilə hər il fevralın 2-nin Azərbaycanda “Gənclər Günü” kimi qeyd olunduğunu bildirmiş, belə bir əlamətdar gündə Naxçıvanda Gənclər Mərkəzinin istifadəyə verilməsi və Gənclər Günü münasibətilə muxtar respublikanın bütün gənclərini, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və bölmələrində xidmət edən əsgərlərimizi, gənc zabitləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını təbrik edərək demişdir: “Azərbaycanda dövlət gənclər siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində dahi rəhbərimiz sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlamış, Azərbaycan müstəqillik qazandıqdan sonra bu sahədə zəngin qanunvericilik bazası və gənclər siyasətini həyata keçirən dövlət orqanları yaradılmışdır. Bu gün ölkəmizdə gənc­lərlə iş “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və 20-yə yaxın normativ-hüquqi aktla tənzimlənir. Ötən dövrdə bu sahənin inkişafı ilə bağlı 5 dövlət proqramı qəbul edilmişdir.
Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycanda gənclərlə bağlı iş birinci dərəcəli məsələlər sırasındadır. İntellektli və vətənpərvər gənclərin yetişməsinə, gənc­lərin sosial problemlərinin həllinə, bu sahədə müasir infra­strukturun yaradılmasına xüsusi diqqət yetirilir. Bunun bəhrəsi göz qabağındadır. Artıq gənclərimiz diplomatiya, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman və digər sahələrdə ölkəmizi dünyada layiqincə təmsil edirlər”.
Ali Məclisin Sədri demişdir: “Müstəqil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da gənc nəsil hərtərəfli qayğı ilə əhatə edilmişdir. Gənclərin yaradıcılıq potensialının inkişafı üzrə dövlət proqramı qəbul olunmuş, gənc istedadların “Qızıl kitabı” təsis edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılmışdır. Son illər muxtar respublikada 220-yə yaxın səhiyyə müəssisəsi, 200-dən çox ümumtəhsil məktəbi, 17 uşaq bağçası və 18 uşaq musiqi məktəbi üçün binalar, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onların idmanla məşğul olmalarını təmin etmək məqsədilə olimpiya-idman kompleksləri, üzgüçülük mərkəzləri, şahmat və digər idman növləri üzrə məktəblər, “Gənclik” Mərkəzi istifadəyə verilmişdir”.
Qeyd olunmuşdur ki, gənclərin elmi potensialının formalaşdırılması, eləcə də onların mütaliə vərdişlərinin və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılmış, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Döv­­lət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır. Təhsil sisteminin informasiya texnologiyaları ilə təminatı istiqamətində ardıcıl tədbirlər görülmüş, muxtar respub­likanın ümumtəhsil məktəblərində 3409 kompüter dəsti və 551 elektron lövhə quraşdırılmışdır. Təhsil müəssisələrindəki kompüterlərin 84 faizinin internetə çıxışı təmin edilmiş, istifadəyə verilən bütün məktəblərdə idman zalları, şahmatın tədrisi üçün nümunəvi şərait yaradılmışdır. Bütün bunlar o məqsədə xidmət edir ki, gənclərimiz biliklərə dərindən yiyələnmək imkanı qazansınlar, fiziki və mənəvi cəhətdən sağlam böyüsünlər və layiqli vətəndaş kimi yetişsinlər.

Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdik­cə genişlənməsi gənclər qarşısın­­da əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkə­miz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar. Ali Məclisin Sədri muxtar respublikada dərsdən və ya işdən kənar fəaliyyətlərini bu istiqamətdə quran, sosial şəbəkələrdən məqsədəuyğun istifadə edən, Azərbaycan həqiqətlərini müdafiə və təbliğ edən gənc­lərə təşəkkürünü bildirmişdir.
“Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola, Naxçıvan kimi ikinci bir muxtar qurum tapmaq çətindir ki, blokada şəraitində yaşaya-yaşaya gəncliyin problemləri ilə bu qədər yaxından məşğul olsun”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün yer üzündə xalqlar var ki, əhalinin statistikasında gənclərin xüsusi çəkisinə görə ən axırıncı yerlərdə dayanırlar. Belə ölkələr nə qədər böyük əhali potensialına malik olsalar da, inkişaf edən, gələcəyi olan ölkələr arasında yer ala bilmirlər. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında isə əhalinin böyük əksəriyyətini gənclər təşkil edir. Bir faktı qeyd edim ki, Naxçıvan Muxtar Respublikasında əhalinin 63 faizindən çoxu 35 yaşa qədər gənclərdən ibarətdir. Bu göstərici bir yandan gənclər diyarı olduğumuza görə qürur hissi doğurursa, digər tərəfdən gənclər siyasətinin icrası istiqamətində qarşıya ciddi vəzifələr qoyur. Vəzifə konkret və aydındır. Biz gələcəyimizin formalaşması qayğısına bu gündən qalmalıyıq. Muxtar respublikamızın gələcəyi bugünkü gəncliyin təhsilə nə dərəcədə yiyələnməsindən, tariximizi, dilimizi, adət-ənənələrimizi necə öyrənməsindən, milli dəyərlərimizi hansı səviyyədə mənimsəməsindən, əsl vətəndaş kimi formalaşmasından asılıdır. Gənc nəsil vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmalı, onlar öz intellektual və yaradıcı potensiallarını müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafına sərf etməlidirlər.
Ali Məclisin Sədri gənclər siyasətinin həyata keçirilməsində aid orqanlara tapşırıqlar verərək demişdir: “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Bu mənada böyüməkdə olan nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın böyük rolu vardır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirməli, gənclər arasında idmanın kütləviliyinin təmin edilməsi məqsədilə federasiyalarla birlikdə səmərəli işbirliyi qurmalıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu yaradılan infra­strukturdan düzgün istifadə etməli, bu gün açılışını keçirdiyimiz Gənc­lər Mərkəzi naxçıvanlı gənc­ləri vahid amal – vətənpərvərlik, dövlətçilik və millilik ruhunda birləşdirən güclü mərkəzə çevrilməlidir. Fond tərəfindən gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə köməklik göstərilməli, elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclər üzə çıxarılmalı, onlar haqqında məlumat bazası yaradılmalıdır”.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi məktəblərdə şagirdlərin xalqımız və dövlətimiz üçün yararlı vətəndaş kimi yetişmələrini diqqət mərkəzində saxlamalı, Azərbaycan dili, tarixi və mədəniyyəti ətraflı öyrədilməli və tədris olunmalıdır. Bu gün ali təhsil müəssisələrində təhsil alan gənclər təkcə gələcəyin mütəxəssisləri deyillər. Onlar eyni zamanda xalqımızın sahib olduğu intellektual potensialın daşıyıcılarıdır. Bu potensialı dövlətin və xalqın sağlam gələcəyinə çevirmək, vətənpərvər gənc nəsil yetişdirmək ali və orta ixtisas təhsili müəssisələrinin qarşısında duran əsas vəzifədir. Muxtar respublikanın təhsil ocaqlarında gənclər müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət ruhunda tərbiyə olunmalı, tələbələr ictimai və elmi fəaliyyətə geniş cəlb edilməlidirlər. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmi-tədqiqat işlərinə həvəsi olan gəncləri müəyyənləşdirərək tədqiqat işlərinə cəlb etməli, gənc alimlərin fəaliyyəti stimullaşdırılmalıdır.
Yaradıcılıq birlikləri öz fəaliyyətlərini gənclərlə iş sahəsində də gücləndirməli, Naxçıvan Muxtar Respublikası Yazıçılar və Rəssamlar birlikləri gənc şair və yazıçılara, rəssamlara istiqamət verməli, onların yaradıcılıq axtarışlarını diqqət mərkəzində saxlamalıdırlar. Muxtar respublikanın kütləvi informasiya vasitələri gənc­lərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən teleradio layihələrinin və qəzet materiallarının hazırlanmasını təmin etməli, televiziya, radio və qəzetlərdə xalqımızın milli dəyərlərini və tarixini əks etdirən materiallara üstünlük verilməli, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işi əməli tədbirlərdə öz əksini tapmalıdır.
Ali Məclisin Sədri demişdir: “Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Bu imkanlardan səmərəli istifadə edilməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.
“Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”, – deyən Ali Məclisin Sədri bu yolda gənclərə uğurlar arzulamış və çıxışını ümummilli lider Heydər Əliyevin gəncliyə xitabən söylədiyi müdrik sözlərlə bitirmişdir: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edərək demişdir ki, dövlət gənclər siyasətinin icrası istiqamətində Naxçıvan Muxtar Respublikasında məqsədyönlü tədbirlər görülür. Muxtar respublikada yaradılan təhsil, səhiyyə, mədəniyyət və idman infrastrukturu gənc nəslin fiziki sağlamlığının qorunması, yaradıcılıq potensialının artırılması və intellektual inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün muxtar respublikamızda, ümumilikdə, 68 mindən artıq yeniyetmə və gənc idmanla məşğul olur. 2013-cü ildə müxtəlif idman növləri üzrə gənc idmançıların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilmiş, onlar dünya çempionatlarında 6, Avropa çempionatlarında 4, beynəlxalq turnirlərdə 6, Azərbaycan birinciliklərində isə 52 medal qazanmışlar. Azad Cabbarov gənc­lərin asudə vaxtlarının səmərəli təşkili, sağlamlıqlarının qorunması və yüksək səviyyəli təhsil almaları üçün yaradılan şəraitə görə muxtar respublika gəncləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin tələbə-gənclər təşkilatı­nın sədri Çilənay Qurbanlı demişdir ki, Naxçıvan Muxtar Respublikasında gənclərə göstərilən qayğı konkret fəaliyyətə hesablanıb. Yaradılmış şərait nəticəsində ümumtəhsil məktəblərimizdə tədrisin səviyyəsi yüksəlmişdir. Hazırda muxtar respublikamızın onlarla gənci dünyanın müxtəlif aparıcı ali təhsil müəssisələrində təhsil alır. Muxtar respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait vardır. Ümummilli liderimizin ideyalarına sədaqət ruhunda tərbiyə olunan gənclər yaradılan infrastrukturdan səmərəli istifadə edir, Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikanın inkişafında fəal iştirak edirlər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirmişdir ki, muxtar respublikamızda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və onların ictimai-mədəni həyatda fəal iştirakı təmin edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu muxtar respublikada gənclərlə bağlı layihələrin və tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlamış, 2013-cü ildə Gənclərin Yay Universitetinin növbəti məşğələləri, “VII Liderlik Məktəbi – Nəqşicahan” layihəsi, gənc jurnalistlər arasında “Naxçıvan – inkişafın 10 ili” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilmişdir. Həmçinin ötən il Naxçıvan Muxtar Respublikasının tanıdılması və Naxçıvan həqiqətlərinin işıqlandırılmasında fəal iştirak etmiş, eləcə də muxtar respublikanın sosial-iqtisadi, ictimai-mədəni həyatında fərqlənən gənc­lərlə görüşlər təşkil olunmuşdur. Bu gün istifadəyə verilən Gənclər Mərkəzi gənclərin intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkilinə hərtərəfli şərait yaradacaqdır.
Sonra Naxçıvan Muxtar Respublikasının sosal-iqtisadi və ictimai-mədəni həyatında fəallığı ilə seçilən gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təltif və hədiyyələri ilə mükafatlandırılmışlar.
Ali Məclisin Sədri 7 gəncə “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanını və vəsiqələrini, 33 gəncə isə qiymətli hədiyyələr təqdim etmişdir.
Mükafatlandırılan gənclərdən Əkrəm Hüseynzadə, Ramal Məmişov, Aytən İsmayılova, Elxan Yurdoğlu, Elnur Kəlbizadə və Qəmər Rəhimova gənclərə göstərilən qayğıya və fəaliyyətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirmişlər.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR