Yanvarın 29-da Daxili Qoşunların Naxçıvan Alayında zabit-gizir ailələri üçün xidməti yaşayış binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Tədbirdə çıxış edən baş leytenant Orxan Seyidov demişdir ki, Daxili Qoşunların Naxçıvan Alayı yarandığı dövrdən etibarən diqqət və qayğı ilə əhatə olunmuşdur. Alay müasir texnika, silah-sursat və avadanlıqla təchiz olunmuş, döyüş hazırlığı yüksəldilmişdir. Hərbi hissədə xidmətin təşkili üçün yaradılan şərait qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər isə onların sosial problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. Göstərilən dövlət qayğısına cavab olaraq şəxsi heyət qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində, sabitliyin və əmin-amanlığın qorunmasında səylə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Vətəndaşların sosial müdafiələrinin gücləndirilməsi, onların lazımi yaşayış şəraiti ilə təmin olunmaları diqqət mərkəzində saxlanılır. Bu gün Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binası istifadəyə verilir, zabit-gizir ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunlar Azərbaycanda mövcud olan dövlət-xalq birliyinin nəticəsidir”.
“Hər bir ölkənin inkişafında başlıca amil daxili sabitlikdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Daxili Qoşunlar ölkəmizdə sabitliyin qorunması, cinayətkar və digər hüquqazidd qüvvələrə qarşı mübarizə aparmaq məqsədilə yaradılmışdır. Bu gün Azərbaycanda sabitlik və inkişaf vardır. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsinin nəticəsində mümkün olmuşdur. Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyəti üçün xidməti yaşayış binasının istifadəyə verilməsi də inkişaf və sabitliyin, eləcə də dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının daha bir nümunəsidir. Qeyd olunmuşdur ki, dövlətə sədaqətlə xidmət etmək qarşıya qoyulan vəzifələrin uğurlu icrasından başlayır. Ona görə də zabit və gizirlər göstərilən dövlət qayğısına öz xidməti vəzifələrini layiqincə yerinə yetirməklə cavab verməlidirlər.
Ali Məclisin Sədri Daxili Qoşunların Naxçıvan Alayının şəxsi heyətinə dövlətçiliyimizin möhkəmləndirilməsində və qorunmasında uğurlar arzulamış, onları yeni xidməti mənzillərlə təmin olunmaları münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini və açarlarını təqdim etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Məlumat verilmişdir ki, 12 mənzilli yaşayış binası 3 mərtəbədən ibarətdir. Binada yenidənqurmadan sonra elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, bütün evlər qızdırıcı ilə təmin olunmuş, havalandırma sistemləri quraşdırılmışdır. İki və üçotaqlı mənzillərdə zabit ailələrinin məişət şəraitinin yaxşılaşdırılması üçün lazımi infrastruktur yaradılmış, məişət əşyaları qoyulmuşdur.
Daxili Qoşunların Naxçıvan Alayının zabiti, mayor Elnur Talışov və ailə üzvləri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Qeyd olunmuşdur ki, muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər Daxili Qoşunların Naxçıvan Alayını da əhatə etmiş, xidmətin təşkili və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılmışdır. Son illər alayda xidməti vəzifələrini yerinə yetirən zabitlərin və onların ailə üzvlərinin həyat səviyyəsi daha da yaxşılaşdırılmış, sosial müdafiələrinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.
Bina bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş, həyətdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti