07 Yanvar 2025, Çərşənbə axşamı

Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqi realist ədəbiyyatın inkişafında, məktəb, teatr və mətbuat sahəsində əvəzsiz xidmətlər göstərmişdir. Onun yaratdığı məktəblər Azərbaycanda təhsilin, əsərləri isə maarifçi düşüncənin və ədəbiyyatın inkişafında mühüm rol oynamışdır. Böyük pedaqoq Məhəmməd Tağı Sidqinin maarifçilik hərəkatının inkişafı naminə xidmətləri öz dövründə olduğu kimi, bu gün də aktuallığını qoruyub saxlamaqdadır.
Məhəmməd Tağı Sidqinin həyatının və yaradıcılığının öyrənilməsi və təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Məhəmməd Tağı Sidqinin Ordubad şəhərində yaşadığı evdə muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 sentyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomunun təsviri təsdiq edilsin (əlavə olunur).

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 sentyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomu parıltılı kağızdan hazırlanır və eni 11 sm, uzunluğu isə 16 sm olan dörd səhifədən ibarətdir (təsvir əlavə olunur).
Diplomun birinci səhifəsində Dövlət gerbi təsvir edilir, Dövlət gerbinin yuxarısında “Azərbaycan Respublikası”, aşağısında isə “Naxçıvan Muxtar Respublika Mükafatı Qalibinin Diplomu” sözləri yazılır.
İkinci səhifədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamının tarixi, nömrəsi və mükafata layiq görülmüş əsərin (işin) müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı verilir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialist İttifaqı fraksiyasının sədr müavini, deputat Andreas Şokenhofu qəbul edib.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına, Azərbaycan ilə Avropa İttifaqının əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzərTAc

 

Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının fəaliyyətinin təşkili barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri, Ali Məclisin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının və Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının sədr müavini Əli Həsənov, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Dövlət Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov və Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.

Ardını oxu...

Sentyabrın 15-də – Bilik Günündə Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, qısa vaxtda müasir tikinti standartlarına uyğun inşa olunan məktəb indi 1560 şagird yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq. 65 sinif otağının hamısı zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.
Sonra Prezident İlham Əliyev məktəbin kollektivi və Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

*   *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzərTAc

Sentyabrın 15-də – Bilik Günündə Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bilik Günü tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Son 10 ildə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində müasir avadanlıqlarla təchiz edilən, yeni kompüter dəstləri və elektron lövhələrlə təmin olunan 142 məktəb binası istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərində oxuyan hər 12 şagirdə 1 kompüter düşür. Şagirdlərin biliklərə yiyələnməsi, dərslərin yüksək səviyyədə təşkili üçün ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmış, təhsil ocaqları dərslik və dərs ləvazimatları ilə təmin olunmuşdur.
Qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 4700 şagird təhsil alırdısa, 2014-2015-ci tədris ilində birinci siniflərə 5163 şagird qəbul olunmuşdur. Onların da 1066-sı Şərur rayonunun ümumtəhsil məktəblərinin payına düşür. Muxtar respublikada peşə təhsili şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. 2014-2015-ci tədris ili üçün peşə təhsili müəssisələrinə 500 şagird qəbul olunmuşdur. Ümumilikdə, peşə təhsili müəssisələrində 19 ixtisas üzrə 650 müdavimin təlim-tərbiyəsi ilə 72 müəllim və istehsalat təlimi ustası məşğul olacaqdır. Piri Nağıyev yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında əkinəyararlı torpaqla­rın istifadə vəziyyəti barədə müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Valeh Vəliyev müzakirə olunan məsələ ilə bağlı məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: “Naxçıvan Muxtar Respublikası 5,5 min kvadratkilometr və ya 550 min 275 hektar əraziyə malikdir. Bunun 164 min 276 hektarı və ya 29,9 faizi kənd təsərrüfatı üçün yararlı, 367 min 209 hektarı və ya 66,7 faizi kənd təsərrüfatı üçün yararsız, 18 min 790 hektarı və ya 3,4 faizi həyətyanı torpaq sahələri, meşə və kolluqlardan ibarətdir. Kənd təsərrüfatına yararlı torpaqların 51 min 633 hektarını əkin sahələri, 1007 hektarını dincə qoyulmuş torpaqlar, 1353 hektarını üzüm və meyvə bağları, 110 min 283 hektarını isə biçənək və örüşlər təşkil edir. Həyətyanı torpaq sahələrinin 1529 hektarı tikinti altında, 12 min 933 hektarı əkin altında olan torpaqlardan ibarətdir”.
Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasında aparılmış torpaq islahatı nəticəsində 42 min 43 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün 70 min 763 ailənin mülkiyyətinə verilmiş, 1216 hektar əkinəyararlı torpaq sahəsi isə yaşayış məntəqələrinin perspektiv inkişafı üçün saxlanılmışdır. Son 19 il ərzində muxtar respublikada əkinəyararlı torpaqların mühafizəsi və onlardan səmərəli istifadə diqqət mərkəzində olmuşdur. Bunun nəticəsidir ki, cari ilin məhsulu üçün həyətyanı əkin sahələri ilə birlikdə 60 min 829 hektar sahədə əkin aparılmışdır.

Ardını oxu...

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın sentyabrın 12-də rəsmi qarşılanma mərasimi olub.

*   *   *

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

*   *   *

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi keçirilib.

*   *   *

Sentyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razak mətbuata birgə bəyanatlarla çıxış ediblər.

AzərTAc

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi.

*    *    *

Sentyabrın 11-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də Türkiyə Respublikasının müdafiə naziri İsmet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* * *

Sentyabrın 11-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə və regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi – “ADEX 2014” sərgisi ilə tanış olub.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da 1-ci Azərbaycan Beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İsrailin müdafiə naziri Moşe Yaalonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və hərbi-texniki əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Serbiyanın Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nizami rayonundakı 32 və 12 nömrəli tam orta məktəblərdə yaradılan şəraitlə tanış olub.

*    *    *

Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı İstedadlar Təhsil Kompleksinin yeni binasında yaradılan şəraitlə tanış olub.

AzərTAc

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı 153 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inte­qrasiya naziri xanım Natalia Germanı qəbul edib.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 9-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Valdas Lastauskasın, Norveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsenin, Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın etimadnamələrini qəbul edib.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 9 sentyabr tarixli Sərəncamı ilə 2014/2015-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdü verilmişdir. Həmin tələbələr arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin məzunları da vardır:

Həşimli Faiq Həşim oğlu
Qasımov Amil Mayis oğlu

Sentyabrın 4-də Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ dövlət katibi Con Kerrinin birgə görüşü olub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzərTAc

Sentyabrın 4-də Uelsin Nyuport şəhərində NATO-nun sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib.
NATO-nun Baş katibi Anders Foq Rasmussen və Böyük Britaniyanın Baş naziri Devid Kemeron Prezident İlham Əliyevi və digər dövlət və hökumət başçılarını salamladılar.
Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə çıxış edib.

*    *    *

Sentyabrın 4-də Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı.
Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi apardılar.

AzərTAc

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələr uğurla inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəltmişdir. Səhiyyə sahəsində də həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012 və 2013-cü illərdə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilmişdir. Bu tədbirlərin davamı kimi, avqustun 23-də Acarıstan Muxtar Respublikasından gələn 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçmişlər.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov acarıstanlı uşaqlarla görüşmüş, onların səhhəti ilə maraqlanmışdır.
Ali Məclisin Sədri ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam və vətənpərvər ruhda böyüdülməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, istifadəyə verilən səhiyyə müəssisələri, yaradılan müasir müalicə-istirahət mərkəzləri və mövcud idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir. Naxçıvan Muxtar Respublikasının Acarıstan Muxtar Respublikası ilə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayan Ali Məclisin Sədri hər iki muxtar qurum arasında münasibətlərin, xüsusilə səhiyyə sahəsində əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri acarıstanlı uşaqlara hədiyyələr təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, Naxçıvanşünaslığın öyrənilməsi, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, dövlət siyasətinin, aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının tərkibi” təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 4 sentyabr 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu (bundan sonra – Fond) Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, dövlət siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

Sədrin müavini

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

Üzvlər:

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri
Naxçıvan Dövlət Universitetinin rektoru
Naxçıvan Müəllimlər İnstitutunun rektoru
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri
Heydər Əliyev adına tam orta məktəbin direktoru

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 3-də rəsmi qarşılanma mərasimi olub.

*    *    *

Sentyabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

*    *    *

Sentyabrın 3-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

*    *    *

Həmin gün geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sentyabrın 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı oxundu. Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim etdi.

AzərTAc

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 54 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına 54 nömrəli tam orta məktəbdə görülən işlərlə bağlı məlumat verildi.
Qeyd edildi ki, bu məktəbin binası 1976-cı ildə inşa olunub. Üçmərtəbəli bina iki korpusdan ibarətdir. 56 sinif otağı olan məktəb 1076 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində 54 nömrəli tam orta məktəbin binası əsaslı şəkildə yenidən qurulub.
Dövlətimizin başçısı sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

*    *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib.

AzərTAc

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çinin Nankin şəhərində yeniyetmələr arasında keçirilən ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.

*    *    *

Sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində (“Xutor dairəsi”) inşa olunan müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.
Bu qovşağın inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.
Görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi.
Qeyd edildi ki, qovşaqda üç tunel, bir körpü, iki piyada keçidi inşa olunub. Buradakı tunellərin uzunluğu 880, 827, 450 metr, ikisinin eni 10,5, birinin eni isə 22 metr təşkil edir. Qovşaqda müasir səviyyədə inşa edilən körpünün uzunluğu 630 metr, eni isə 12 metrdir.
Prezident İlham Əliyev qovşağın rəmzi açılışını bildirən lenti kəsdi.

AzərTAc

Davamlı inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında dinamik yüksəlişə nail olunmuşdur. Sosial-iqtisadi inkişaf sahəsində qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla icra edilməsi makroiqtisadi göstəricilərin daha da yaxşılaşmasına, sahibkarlığın və özəl sektorun inkişafına, investisiya qoyuluşlarının artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, sosial infrastruktur təminatının güclənməsinə, əhalinin məşğulluğunun və həyat səviyyəsinin yüksəlməsinə təkan vermişdir.
Sosial-iqtisadi inkişafla bağlı qəbul edilmiş dövlət proqramlarının icrası nəticəsində muxtar respublika iqtisadiyyatı inkişafın yeni mərhələsinə yüksəlmişdir. Ötən 10 il ərzində Ümumi Daxili Məhsul 13,9 dəfə, sənaye 49 dəfə, kənd təsərrüfatı 4,7 dəfə, investisiyalar 16,4 dəfə, xarici ticarət dövriyyəsi 13,9 dəfə, əhalinin gəlirləri 10,2 dəfə, orta aylıq əməkhaqqı 9,8 dəfə artmış, 58 mindən çox yeni iş yeri yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Malik İbrahim oğlu Rzayev Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 sentyabr 2014-cü il

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Bakının Nəsimi rayonundakı 46 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Məktəbdə görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 46 nömrəli tam orta məktəbin binası 1969-cu ildə inşa olunub. Dörd mərtəbədən, 65 sinif otağından ibarət məktəb 1560 şagird yerlikdir. Yeni dərs ili ərəfəsində məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı şəkildə təmir edilib, lazımi avadanlıq və ləvazimatla təchiz olunub. Məktəbdə vergilər mövzusunda dərslərin keçilməsi üçün xüsusi kabinetlər də yaradılıb. Məktəbdə ən müasir havalandırma və işıqlandırma sistemləri quraşdırılıb. Ətraf ərazilərdə abadlıq və quruculuq işləri həyata keçirilib.
Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarını gəzdi, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu.

*    *   *

Avqustun 29-da Prezident İlham Əliyev Bakının Xətai Rayon İcra Hakimiyyətinin binasında aparılan yenidənqurma işləri ilə tanış olub.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində – Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.

*    *    *

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

*    *    *

Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verildi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Beyləqanda Gənclər Mərkəzinin, şahmat məktəbinin, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən uşaq bağçasının açılışlarında iştirak edib, əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.

AzərTAc

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Babək rayonunda otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalça Muzeyinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış etdilər.
Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etdilər.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış oldular, burada nümayiş etdirilən xalçalara baxdılar.
Sonda xatirə şəkli çəkdirildi.

*    *    *

Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonundakı 23 nömrəli tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Dövlətimizin başçısı və xanımı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Bu təhsil ocağının yenidən qurulmasına dövlətimizin başçısının Sərəncamı ilə 2012-ci ildən başlanılıb. Məktəbin binası tamamilə sökülərək yerində müasir və memarlıq baxımından zövq oxşayan altımərtəbəli bina inşa olunub.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Polşa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Labendanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Müxtəlif təbii amillər, xüsusən də ekoloji problemlər müasir dövrdə yaşıllıqların əhəmiyyətini daha da artırmışdır. Çünki ətraf mühitin qorunması və əlverişli ekoloji mühitin yaradılması insan sağlamlığına xidmət edir. Son illər muxtar respublikada keçirilən iməciliklər bu qədim diyarda təbiətin zənginləşdirilməsinə səbəb olmuş, yaşıllıqların və meyvə bağlarının sahəsi ilbəil artmışdır.
Avqustun 23-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun ətrafındakı 3,5 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər dövründə ərazidə 3 minə yaxın müxtəlif meyvə ağacları əkilmişdir. İməcilik iştirakçıları ağacları suvarmış, ətrafda səliqə-sahman yaratmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yaşıllıqlara qulluq işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilsin.
2. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Mükafatlara təqdim olunan əsərlərin seçilib müəyyən olunması üçün Mükafat Komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyası ilə birlikdə Naxçıvan Muxtar Respublika mükafatları qalibinin diplomunun nümunəsinə dair təklifi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 23 avqust 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri

1. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyası (bundan sonra – Komissiya) elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən dəyərli əsərləri (işləri, layihələri) qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır.
2. Komissiyanın fəaliyyəti Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, digər qanunvericilik aktları və bu Əsasnamə ilə tənzimlənir.
3. Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yenidən təşkil və ləğv edilə bilər.
4. Komissiyaya aşağıdakı hüquqlar verilir:
4.1. elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə bölmələr və ekspert qrupları yaratmaq, onların iş qaydasını təsdiq etmək;

Ardını oxu...

Komissiyanın sədri

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini
Komissiya sədrinin müavini
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri

Komissiyanın üzvləri:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iqtisadi məsələlər üzrə müşaviri
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tikinti-memarlıq məsələləri üzrə köməkçisi
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini
Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi sədrinin müavini
Naxçıvan Dövlət Universitetinin elmi işlər üzrə prorektoru
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı­nın sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də ABŞ Nəqliyyat Komandanlığının yeni təyin olunmuş komandanı Pol Jozef Selvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat infrastrukturu sahəsində uğurla inkişaf etdiyi vurğulandı, Azərbaycanda nəqliyyat infrastrukturu, yerüstü daşımalar və yük daşımaları üçün əlverişli xidmət vasitələrinin yaradıldığı bildirildi, bu istiqamətdə böyük layihələrin həyata keçirilməsinin önəmi qeyd olundu.
Görüşdə həmçinin Azərbaycanın əlverişli coğrafi mövqeyi və əldə etdiyi iqtisadi uğurlar nəticəsində ölkəmizin beynəlxalq nəqliyyat daşımaları sahəsində mühüm məkanlardan birinə çevrildiyi vurğulandı.
Söhbət zamanı Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakı, nəqliyyat təminatı sahəsinə verdiyi töhfə yüksək qiymətləndirildi, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 10-cu maddəsinə əsasən, Naxçıvan muxtar dövlətinin rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə milli bayraq kimi qəbul edilmiş üçrəngli bayraq ikinci dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Sovetinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmişdir. Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü məsələlərin müzakirə edildiyi həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərar qəbul olunmuş və üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi təsis edilməsi haqqında Azərbaycan Respublikasının Ali Soveti qarşısında vəsatət qaldırılmışdır.
Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir.
Yuxarıda göstərilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddə­sinin II his­sə­sinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 22 avqust 2014-cü il

2014-cü ildə Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 ili tamam olur.
2004-cü ilin sentyabrında Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan nümunəvi tam orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilmiş, məktəbin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və tədrisin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.
Heydər Əliyev adına tam orta məktəbdə maddi-texniki baza daim təkmilləşdirilmiş, təlim-tədris üçün əlverişli şərait yaradılmışdır. Hazırda müəllim və şagirdlərin istifadəsində ən müasir elektron lövhə və kompyuterlər vardır. Yaradılmış şəraitdən düzgün istifadə edilmiş, gənc nəslin təhsili və əsl vətəndaş kimi formalaşdırılması sahəsində zəruri işlər görülmüşdür. 10 ildə məktəbin məzunlarından 300 nəfərinin və ya 83 faizinin ali məktəblərə qəbul olunması tədrisin səviyyəsinin günün tələbləri səviyyəsində təşkil olunmasının əyani sübutudur. Vətənpərvər gəncliyin formalaşdırılmasına da xüsusi diqqət yetirilmiş, məzun və şagirdlərdən 42 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
2007-2008-ci tədris ilinin yekununa görə, ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatmış, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması üçün ciddi əsaslar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibəti ilə tədbirlər keçirilsin.
2. “Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 21 avqust 2014-cü il

2014-cü ildə Azərbaycan maarifçilik hərəkatının və ədəbiyyatının inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqinin 160 illik yubileyi tamam olur.
1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə almış, klassik şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir.
Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaratmış, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoymuşdur. Bu məktəblər xalqın maariflənməsində mühüm əhəmiyyət kəsb etmiş, Naxçıvanın bütöv bir ziyalı nəslini yetişdirmişdir.
Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin müəllifi olan Məhəmməd Tağı Sidqi ədəbi yaradıcılıqla da məşğul olmuş, Azərbaycan uşaq ədəbiyyatının və poeziyasının inkişafında mühüm xidmətlər göstərmiş, maarifçi-realist ədəbiyyatın yaradıcılarından biri kimi ədəbiyyat tariximizdə öz yerini tutmuşdur. Görkəmli pedaqoqun qələminin məhsulu olan uşaq nəsrinin ilk mükəmməl nümunələri, ədəbi-fəlsəfi traktat, poeziya və tərcümə materialları Azərbaycanda maarifçi ədəbiyyatın inkişafında mühüm rol oynamışdır.

Ardını oxu...

Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişlər.
Avqustun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Cümhuriyyətinin milli müdafiə naziri İsmət Yılmaz və Gürcüstan Respublikasının müdafiə naziri İrakli Alasaniya ilə görüşmüşdür.
Qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, son illər muxtar respublikanın bir sıra beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini və bunun uğurlu nəticələri olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə və Gürcüstan arasında təhsil, səhiyyə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu vurğulamışdır. Qeyd olunmuşdur ki, strateji maraqlara uyğun olaraq, hər üç ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli əsasda əlaqələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 avqust tarixli Sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə və Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir qrup əməkdaşı təltif edilmişdir. “Naxçıvan” Sərhəd Diviziyasının əməkdaşı mayor Canməmmədov Ramin Ramiz oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.

Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Havaların isti keçdiyi bu günlərdə isə meyvə bağlarına və yaşıllıq zolaqlarına aqrotexniki qaydada qulluq göstərmək, ağacları vaxtlı-vaxtında suvarmaq mühüm əhəmiyyət daşıyır.
Avqustun 16-da muxtar respublikada ictimaiyyətin nümayəndələri, idarə, müəssisə və təşkilatların kollektivləri iməciliyə çıxmış, ötən iməciliklər dövründə salınmış yaşıllıq zolaqlarına qulluq göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin ətrafında keçirilən iməcilikdə iştirak etmişlər.
Beş hektarlıq ərazidə payız və yaz əkini mövsümündə yerli şəraitə uyğun 6 mindən artıq meyvə tingi əkilmişdir. İməcilikdə ərazi suvarılmış, ağaclara qulluq göstərilmiş, təmizlik işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, isti yay günlərində suvarma tədbirlərinin davam etdirilməsi və becərmə işlərinin aparılması barədə müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Avqustun 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, ötən dövrdə Pakistanın ölkəmizdə fəaliyyət göstərən səfirlərinin Naxçıvan Muxtar Respublikasına səfər etdiklərini və qarşılıqlı əməkdaşlıq üçün səylər göstərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Pakistan arasında müxtəlif istiqamətlər üzrə əlaqələr yaradılmışdır.
Azərbaycanla Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın, eləcə də qardaş və dost ölkənin xarici siyasət sahəsində tutduğu ədalətli mövqeyin məmnunluq doğurduğunu bildirən Ali Məclisin Sədri səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səmimi münasibətə görə minnətdarlıq edən Xalid Usman Qayser muxtar respublikanın 90 illik yubiley tədbirində iştirakını xatırlatmış, Naxçıvanda bütün sahələr üzrə inkişafın və mövcud sabitliyin məmnunluq doğurduğunu bildirmişdir. Səfir Azərbaycan-Pakistan əlaqələrinin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamış, mövcud əlaqələrin və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişlənməsi istiqamətində səyini artıracağını ifadə etmişdir.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi diqqətə çatdırılmış, əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salam­lamışdır.
Fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər nazirliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, zabit və gizirlərin xidmət və sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda Naxçıvan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi aparılır. Bu il nazirliyin müvafiq qurumları tərəfindən 5 təhlükə potensiallı obyekt, 57 avadanlıq və qurğu sertifikatlaşdırılmış, 56 tikinti obyektində mühəndis-geoloji axtarış işləri aparılmışdır. Şamı Abdullayev yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının hərbi potensialının möhkəmləndirilməsi və müdafiəsinin etibarlı təşkili daim diqqət mərkəzində saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən hərbi hissələrində etibarlı müdafiə sistemi yaradılmışdır.
Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.

Ardını oxu...

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kəndinə gəlmiş, burada inşa olunan yeni ictimai-iaşə obyekti ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, xidmət sektorunun inkişafına da hərtərəfli şərait yaratmışdır. Bu da insanların rahatlığının təmin olunması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sədərək kəndində yaradılan yeni ictimai-iaşə obyekti də rayon sakinlərinin tələbatı nəzərə alınaraq inşa olunmuşdur.

İstifadəyə verilən şadlıq sarayı 350 yerlikdir. Burada toy mərasimlərinin keçirilməsi üçün lazımi şərait yaradılmış, binanın interyeri müasir dizayn əsasında qurulmuşdur. Həmçinin ərazidə 7 kabinə və kiçik mərasimlərin keçirilməsi üçün ziyafət zalı istifadəyə verilmiş, 15 nəfər işlə təmin olunmuşdur.

Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 13-də Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksinin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlət başçısına görülən işlərlə bağlı məlumat verildi.
Qeyd edildi ki, Məktəb-Lisey Kompleksi 2010-cu ildə Bakı Slavyan Universiteti Humanitar Liseyinin və Bakı şəhər 15 nömrəli tam orta məktəbin bazasında yaradılıb. Kompleksdə minə yaxın şagird təhsil alır. Məktəb-liseydə 33 sinif fəaliyyət göstərir. Təhsil Azərbaycan və rus dillərində həyata keçirilir. Azərbaycan bölməsində 600, rus bölməsində isə 400-dək şagird təhsil alır. Məktəbin binası 1935-ci ildə inşa olunub. Əvvəllər hospital kimi fəaliyyət göstərən bina 1958-ci ildə məktəbə çevrilib. Bu müddət ərzində məktəb binası ilk dəfə olaraq əsaslı şəkildə təmir edilir. Binada bənd-bərkitmə işləri həyata keçirilib.
Yeni dərs ili ərəfəsində təhsil kompleksinin 4800 kvadratmetr ərazisi əsaslı şəkildə yenidən qurulub, lisey ən müasir tədris ləvazimatları və avadanlıqla təchiz edilib. Binanın birinci mərtəbəsində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində görülən işləri əks etdirən fotostend yaradılıb.
Dövlət başçısı təhsil kompleksinin sinif otaqlarında, fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Kompleksin istilik və işıqlandırma sistemləri, akt zalı, açıq və örtülü idman meydançaları yüksək standartlara uyğun şəkildə yenidən qurulub. Məktəb-Lisey Kompleksinin həyətyanı sahəsində də abadlıq və quruculuq işləri həyata keçirilib.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırdı.

Serbiyanın müdafiə naziri Bratislav Qaşiç dedi: “Cənab Prezident, Sizinlə – Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirirəm”. Nazir Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafına toxunan B.Qaşiç ölkələrimiz arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğuladı. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparatının işçilərinin say həddi 40 ştat vahidi müəyyən edilsin.
3. “Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2004-cü il 23 avqust tarixli 147-II FR nömrəli Fərmanı ləğv edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 12 avqust 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologi­yaları Nazirliyi (bundan sonra – Nazirlik) rabitə (telekommunika­siya və poçt) və informasiya texnologi­yaları sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, beynəlxalq və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
1.5. Nazirliyin saxlanması xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Nazirlik Naxçıvan şəhərində yerləşir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.
Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıqlar salınır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu istiqamətdə görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Qeyd edildi ki, 115 nömrəli məktəbin binası 1965-ci ildə inşa olunub. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərs ili ərəfəsində əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilib. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər, əsasən, iki növbədə keçiriləcək. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunub və lazımi ləvazimatla təchiz edilib.
Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış oldu.
Məktəbin akt zalı, yeməkxanası, açıq və örtülü idman meydançaları da ən müasir standartlara uyğun şəkildə yenidən qurulub. Təhsil ocağının bir hektarlıq həyətyanı sahəsində abadlıq və quruculuq işləri həyata keçirilib, yaşıllıqlar salınıb. İstilik və işıqlandırma sistemləri də müasir standartlar səviyyəsindədir. Məktəb içməli və texniki su sistemləri ilə təchiz edilibdir. 

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bəxtiyar Hüseynalı oğlu Əsgərov Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri təyin edilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 11 avqust 2014-cü il

 

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR