Naxçıvan Muxtar Respublikasında elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən yaxşı əsərləri qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika mükafatları təsis edilsin.
2. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyasının Əsasnaməsi təsdiq edilsin (əlavə olunur).
3. Mükafatlara təqdim olunan əsərlərin seçilib müəyyən olunması üçün Mükafat Komissiyasının tərkibi təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
4.1. elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyası ilə birlikdə Naxçıvan Muxtar Respublika mükafatları qalibinin diplomunun nümunəsinə dair təklifi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsin;
4.2. bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 23 avqust 2014-cü il