Naxçıvan Muxtar Respublikasının hərbi potensialının möhkəmləndirilməsi və müdafiəsinin etibarlı təşkili daim diqqət mərkəzində saxlanılır. Əlahiddə Ümumqoşun Ordusunun döyüş hazırlığının yüksəldilməsi, hərbi hissələrin maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirməyə imkan verir. Görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən hərbi hissələrində etibarlı müdafiə sistemi yaradılmışdır.
Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda Ermənistanla sərhəddə yerləşən hərbi hissəyə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış, xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara təşəkkürünü bildirərək demişdir: “Sədərək rayonu işğalçı Ermənistanla sərhəddə yerləşir. Lakin ölkəmizin digər sərhəd yaşayış məntəqələri kimi, Sədərək rayonu da bu gün inkişaf edir, abadlaşır, insanların rahat və təhlükəsiz yaşayışı üçün lazımi tədbirlər görülür. Bu tədbirlərin içərisində ən vacibi isə sərhədlərimizin müdafiəsini təmin etmək, burada xidmət keçən əsgər və zabitlərimizin məişət şəraitini yaxşılaşdırmaq, bölmələrin silah və sursat təminatını həyata keçirməkdən ibarətdir”.
Ali Məclisin Sədri demişdir: “Əsgərlər arasındakı vətənpərvərlik və birlik hər bir ordunun gücünü təşkil edən başlıca amildir. Bu gün Azərbaycan Ordusunda olan birlik, vətənpərvərlik və yüksək döyüş əhval-ruhiyyəsi torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikamızda yerləşən ordu, bölmə və hissələri də torpaqlarımızın müdafiəsini təmin etməklə bərabər, həm də sərhədlərimizi etibarlı şəkildə qoruyurlar. Siz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirməklə, xidmətinizi qarşılıqlı hörmət və birlik əsasında qurmaqla, ilk növbədə, ölkəmizin müdafiəsinin etibarlı təşkilinə və xalqımızın rahat yaşayışına xidmət edirsiniz. Unutmamalısınız ki, xidməti fəaliyyətinizi işğalçı ölkə ilə sərhəddə aparırsınız. Ona görə də döyüş hazırlığınız daim yüksəldilməli, təhlükəsizlik tədbirlərinə əməl edilməli, xidməti tapşırıqlar vaxtında icra olunmalıdır”.
Ali Məclisin Sədri şəxsi heyətin bundan sonra da öz xidməti fəaliyyətlərini uğurla yerinə yetirəcəklərinə əminliyini bildirmiş, onlara xidmətdə uğurlar arzulamışdır.
Əsgər Yunis Axundov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərhəd bölgələrində, düşmənlə üz-üzə mövqelərdə xidmət edən əsgərlərlə görüşünün şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını, onların vətənpərvərlik hisslərini, mübarizlik əzmini daha da artırdığını qeyd etmiş, hər zaman düşmənə layiqincə cavab verməyə hazır olduqlarını bildirmişdir.
Sonra Ali Məclisin Sədri tabor mərkəzində şəxsi heyətin xidməti-məişət şəraiti ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və təşkili yüksək səviyyədədir. Əsas komanda heyətinin fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi istənilən hərbi vəzifəni uğurla icra etməyə imkan verir. İnzibati, tədris və digər xidməti otaqların da yerləşdiyi binanın dəhlizində döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar və məlumat stendləri asılmışdır. Burada xidmətin nümunəvi təşkili ilə yanaşı, əsgərlərin yüksək səviyyədə qidalanması və sağlamlıqlarının qorunması üçün də hər cür şərait vardır.
Tabor mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri komanda-müşahidə məntəqəsində olmuşdur.
Bildirilmişdir ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən strateji əhəmiyyətli zirvə və yüksəkliklərində etibarlı müdafiə sistemi formalaşdırılmışdır. Bu yüksəkliklərdə xidmət aparan əsgər və zabitlərimiz yüksək döyüş hazırlığına malikdirlər. Döyüş növbətçiliyini aparan şəxsi heyətin istifadəsində olan cihazlar ən çətin hava şəraitində belə, qarşı tərəfin mövqelərinin müşahidə edilməsinə imkan verir. Burada mühəndis-istehkam qurğuları və maneələr yaradılmış, müdafiə rayonunun qorunmasının təşkili sahəsində mühüm tədbirlər görülmüşdür. Müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təchizat isə bölgənin etibarlı müdafiəsinə təminat verir.
Ali Məclisin Sədri xidmətin nümunəvi təşkili və döyüş qabiliyyətinin yüksəldilməsi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Gətirilmiş ərzaq, meyvə, şirniyyat və digər məhsullar mətbəxə təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti