05 Yanvar 2025, Bazar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk”.
Bu gün Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması uğurlu sosial siyasətlə də müşahidə olunur. Həyata keçirilən sosial islahatların mərkəzində isə insan amili, ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması dayanır. Sosial qayğıya ehtiyacı olan vətəndaşların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.

Ardını oxu...

Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimləri təbrik edərək demişdir: “Bu gün sizinlə görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin bir fikrini diqqətə çatdırmaq istəyirəm: “O ölkələr inkişaf edir ki, orada təhsilə, elmə, intellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur”. Həqiqətən də, ölkə­lərin inkişafı onların iqtisadi qüdrəti ilə deyil, elmin və təhsilin səviyyəsi ilə ölçülür. Güclü iqtisadiyyatın qurulmasında ali, orta ixtisas və peşə təhsilinin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bu, ondan irəli gəlir ki, hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyir. Güclü kadr potensialı olmadan isə bunu təmin etmək mümkün deyil. Azərbaycanın inkişafının gənc milli kadrların yetişməsindən, təhsilin səviyyəsindən asılı olduğunu görən ümummilli liderimiz ötən əsrin 70-ci illərindən bu sahəyə diqqəti artırmış, həmin tarixdən ulu öndərin adı ilə bağlı olan təhsil strategiyası xalqımızın intellektual potensialının yüksəlişinə öz töhfəsini vermişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ümummilli liderimiz təhsili milli dövlət quruculuğunun vacib şərti kimi əsas vəzifələr sırasına çəkmiş, Azərbaycan təhsili milli məqsəd və mənafelər əsasında qurularaq beynəlxalq təhsil sisteminə inteqrasiya olunmuşdur”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını dedi.

Latviyanın müdafiə naziri Raymonds Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğuladı. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirdi. O, Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd etdi.

AzərTAc

Prezident İlham Əliyev avqustun 6-da Ağdam rayonuna səfər edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəldi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verdi.
Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim etdi.
Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ağdam rayonunda 632 məcburi köçkün ailəsi üçün salınmış yeni qəsəbənin açılışında iştirak edib.

*    *    *

Avqustun 6-da Prezident İlham Əliyev Bərdə şəhərində yeni salınan Heydər Əliyev Parkında görülən işlərlə tanış olub.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. İran İslam Respublikasına rəsmi səfərini və İran rəhbərləri ilə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərin ikitərəfli əlaqələrimizin genişləndirilməsinə yeni təkan verdiyini qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti iclasında müzakirə olunacaq məsələlərin bu əməkdaşlığın daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin ölkəmizə səfərinin də uğurlu keçəcəyinə ümidvar olduğunu bildirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Valeh Zöhrab oğlu Vəliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV  
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 avqust 2014-cü il

Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qar­şı­da duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin Baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 4-də Xətai rayonundakı 56 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirildi ki, məktəbin binası 1976-cı ildə inşa olunub. 960 şagird yerlik məktəbdə Azərbaycan və rus bölmələri fəaliyyət göstərir. Prezidentin tapşırıqlarına uyğun olaraq, yeni dərs ilinə hazırlıq məqsədilə məktəbin binası əsaslı şəkildə yenidən qurulub, lazımi ləvazimatla təchiz edilib.
Dövlətimizin başçısına Xətai rayonundakı məktəblərdə görülən təmir və yenidənqurma işləri barədə də məlumat verildi.
Prezident İlham Əliyev məktəbin sinif otaqlarına baxdı, fənn kabinetlərində yaradılan şəraitlə yaxından tanış oldu. İdman zallarında və hərbi hazırlıq kabinetində də yüksək şəraitin yaradıldığı vurğulandı.

 AzərTAc

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyev vaxtilə deyirdi ki: “Biz təbiətimizi nə qədər sevsək, onu nə qədər yaxşı mühafizə etsək, o da bizə o qədər qida və şəfa verəcəkdir”.
Muxtar respublikada ekoloji siyasət uğurla həyata keçirilir, meyvə bağlarına və yaşıllıq zolaqlarına qulluq daim diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi isti yay günlərində də iməciliklər davam etdirilir, ağaclara aqrotexniki qulluq göstərilir. Təbiətə bu cür qayğı ilə yanaşmaq Naxçıvanın yaşıl örtüyünü ilbəil zənginləşdirir, ekoloji tarazlıq qorunub saxlanır.
Avqustun 2-də muxtar respublikada növbəti iməcilik keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və “Dizayn Holdinq” Şirkətlər İttifaqının kollektivləri Uzunoba Su Anbarının yaxınlığındakı 10 hektarlıq ərazidə keçirilən iməcilikdə iştirak etmişlər.
Ötən iməciliklər zamanı ərazidə 4 mindən artıq meyvə tingi əkilmiş, damcılı suvarma sistemi qurulmuşdur. İməcilik iştirakçıları ağacları suvarmış, budama işləri aparmış, ətrafda səliqə-sahman yaratmışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli 22-III FR nömrəli

Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi

haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə  

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 25 aprel tarixli 22-III FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.9-cu bənddə birinci halda “bu sahələrdə” sözlərindən sonra “(xarici qeyri-kommersiya hüquqi şəxslərin nüma­yəndəlik və filialları da daxil olmaqla)” sözləri əlavə edilsin.
2. 9.13-cü bənddə “xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin” sözləri “xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin” sözləri ilə əvəz edilsin və “nizamnamələrinə” sözündən sonra “(əsasnamələrinə)” sözü əlavə edilsin.
3. 9.14-cü bənddə “qeyri-kommersiya hüquqi şəxslər” sözləri “dini qurumlar istisna olmaqla, digər qeyri-kommersiya qurumları və fiziki şəxslər” sözləri ilə əvəz edilsin.
4. 9.32-1-ci bəndində “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə” sözləri əlavə edilsin.
5. 10.8-ci bəndə “qeyri-hökumət təşkilatlarına” sözlərindən sonra “və xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə” sözləri, “nizamnamə” sözündən sonra “(əsasnamə)” sözü əlavə edilsin.
6. 10.9-cu bənddə “, qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin ləğv edilməsi” sözləri “ləğv edilməsi, qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin dayandırılması, bərpa edilməsi və onların ləğv edilməsi” sözləri ilə əvəz edilsin.

Vasif TALIBOV 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 31 iyul 2014-cü il

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti Sədrinin dəvəti ilə Batumiyə gəlmişdir.
Batumi Beynəlxalq Hava Limanında Ali Məclisin Sədrini Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze, Azərbaycanın Acarıstan Muxtar Respublikasındakı Baş konsulu Hüseyn Nəcəfov və digər rəsmi şəxslər qarşılamışlar.

Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri ilə görüş

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadzenin görüşü olmuşdur.
Acarıstan Muxtar Respublikası Hökumətinin Sədri Arçil Xabadze hökumət binasının önündə Ali Məclisin Sədrini qarşılamışdır.
Arçil Xabadze dəvətini qəbul edib Acarıstan Muxtar Respublikasına səfər etdiyinə görə Ali Məclisin Sədrinə təşəkkürünü bildirmiş, ölkələrimiz, eləcə də hər iki muxtar respublika arasındakı əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, hazırda Acarıstan Muxtar Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasındakı əlaqələr bir çox istiqamət üzrə uğurla inkişaf edir. Təhsil, səhiyyə, nəqliyyat-ticarət və digər sahələrdəki səmərəli əməkdaşlıq mühüm əhəmiyyətə malikdir.
Qarşılıqlı səfərlərin uğurlu nəticələr verdiyini vurğulayan Arçil Xabadze gələcəkdə əlaqələrin müxtəlif istiqamətlər üzrə inkişafı üçün potensialın olduğunu bildirmişdir.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub.
Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə yeni inzibati binada yaradılan şəraitlə bağlı məlumat verdi.
Qeyd edildi ki, binada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidmətinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.
Dövlət başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış oldu.
Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olundu. Qeyd edildi ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.
Dövlət başçısına ən müasir texnologiyanın tətbiq olunduğu əyar nəzarət maşını barədə də məlumat verildi.
Maliyyə Nazirliyinin yeni inzibati binası ilə tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

AzərTAc

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir. İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında, ümumilikdə, 82 min kvadratmetr yaşıllıq sahəsi salınacaq.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.

AzərTAc

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvançay vadisində insanların istirahətinin səmərəli təşkili məqsədilə yeni əyləncə mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, ərazidə tikinti işlərinə başlanılmış, yeni Əyləncə və İstirahət Mərkəzi inşa olunmuşdur.
İyulun 24-də Əyləncə və İstirahət Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
“Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Həyata keçirilən tədbirlər sahibkarlığın inkişafı üçün də hərtərəfli şərait yaratmış, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsinə səbəb olmuşdur. “Cahan Holdinq” Şirkətlər İttifaqı da muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından bəhrələnərək öz fəaliyyətini genişləndirir. Bu gün istifadəyə verilən yeni Əyləncə və İstirahət Mərkəzi də həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Vüqar Abbasov yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni Əyləncə və İstirahət Mərkəzinin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün sahələrdə inkişafın təmin olunmasına imkan verir. Dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsi olaraq ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, insanların yaşayış şəraiti yaxşılaşdırılır, onların firavan həyatı təmin edilir. Əhalinin rifahının yaxşılaşdırılması isə insanların istirahətinin səmərəli təşkilinə tələbatı artırır. Bunun üçün də ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilir”.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Herbert Salberi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Prezident İlham Əliyev onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdardır. Qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.
Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan Herbert Salber mövcud vəziyyətlə tanış olduğunu dedi. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğuladı.

AzərTAc

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonunda səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə Xızı şəhərinin mərkəzində salınan Heydər Əliyev Parkında ümummilli liderin yeni ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub.
Həmin gün Xızıda Heydər Əliyev Mərkəzi açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

*    *    *

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında, yenidənqurma işlərindən sonra Cəfər Cabbarlı parkında, Xızı şəhərində inşa edilmiş 25 fərdi evdə yaradılan şəraitlə tanış olub.

*    *    *

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Taxtakörpü-Ceyranbatan kanalından suyun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlinin qoyulması mərasimində iştirak edib.

AzərTAc

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” Sement Zavodunun açılışında iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisədə görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, “Norm” Sement Zavodu nəinki Azərbaycan, ümumilikdə, Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək məqsədilə müasir avadanlıq və texnologiyalardan istifadə edilib. Dünya miqyasında zəngin təcrübəyə malik mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılıb və mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
Müəssisənin idarəetmə mərkəzində Prezident İlham Əliyevə ölkənin sement bazarındakı ümumi vəziyyət və zavod haqqında məlumat verildi.
Prezident İlham Əliyev zavodu işə saldı.
Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.
Sonra dövlətimizin başçısı müəssisənin tikinti işlərini aparan Çin şirkətinin nümayəndələri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.

AzərTAc

İyulun 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodu istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.
Ali Baş Komandana məlumat verildi ki, zavod 13 min kvadratmetr ərazidə inşa olunub.
Prezident İlham Əliyev gəmi inşası zavodunun baş planına, maketinə və gəmi tikintisi zamanı istifadə olunan dəzgahlara baxdı.
Sonra Azərbaycan Prezidenti yeni gəmilərin taktiki-texniki göstəricilərindən bəhs edən videoçarxa baxdı.
Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev yeni sərhəd gözətçi gəmisinin dənizdə manevrlərinə baxdı.
Məlumat verildi ki, yaxın müddətdə zavodun imkanları hesabına Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarilə, sərhəd sularında dövlət maraqlarının qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaq.

AzərTAc

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamış, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qalxmışdır. Bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası uğurla həyata keçirilir”.

Ardını oxu...

İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov burada görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Dövlətimizin başçısı stansiyasının idarəetmə mərkəzində oldu.
Prezident İlham Əliyevə Suraxanı Günəş Elektrik Stansiyasının göstəriciləri barədə məlumat verildi.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2015-ci ilədək inkişaf layihələri ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, respublikanın müxtəlif bölgələrində ümumi qoyuluş gücü 300 meqavat olan elektrik stansiyalarının inşası nəzərdə tutulub.
Sonra Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və göstərişlərini verdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AzərTAc

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Baş naziri Matteo Renzi ilə görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İtaliya arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin strateji səviyyəyə qalxdığı bildirildi, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu qeyd edildi. Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi vurğulandı. Azərbaycan-İtaliya əlaqələrinin Avropa İttifaqı ilə əməkdaşlıq baxımından əhəmiyyəti qeyd edildi, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

İyulun 14-də Romada Azərbaycan-İtaliya sənədlərinin imzalanması mərasimi olmuşdur.

*    *    *

İyulun 14-də Romada İtaliya Respublikasının Baş naziri Matteo Renzinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə şam yeməyi verilmişdir.

Ardını oxu...

İyulun 14-də Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: “Bu gün sizinlə müqəddəs bir gündə – mübarək Ramazan ayında görüşürük. Bu ayın fəzilətləri çoxdur. Onlardan biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs “Qurani-Kərim”in bu ayda tamamlanmasıdır.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də İtaliya Respublikasına rəsmi səfərə getmişdir.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuşdur.

*    *    *

İyulun 14-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Dövlətimizin başçısı İtaliya Prezidentinin sarayına gəldi.
Sarayın həyətində Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Corco Napolitanoya, İtaliyanın rəsmi şəxsləri Prezident İlham Əliyevə təqdim edildi.

Ardını oxu...

İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2-ci və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenlərinin, “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının təqdimat mərasimi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında televiziya işində səmərəli fəaliyyətlərinə görə:
İsayev Yaqub Adil oğlu
Məmmədov Seymur Bahadur oğlu
Rzayev İlkin Əvəz oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 12 iyul 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Maykl Fallon Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Maykl Fallon ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda inkişaf etdirilməsinə böyük önəm verdiyini vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji və qeyri-enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Son altı ayda qeyri-enerji sektorunda iqtisadiyyatın dinamik şəkildə artdığını bildirən Prezident İlham Əliyev bunu ölkə iqtisadiyyatının şaxələndirilməsinin yaxşı göstəricisi kimi dəyərləndirdi. Azərbaycan ilə bp arasında 20 illik uğurlu əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji, infrastruktur, inşaat və digər birgə layihələrin həyata keçirilməsində Böyük Britaniya şirkətlərinin bundan sonra da yaxından iştirak edəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Baş nazir Devid Kemeronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə çatdırmağı xahiş etdi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Gürcüstanın ölkəmizdəki səfirliyində olmuşdur. Dövlətimizin başçısı Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin vəfatı ilə əlaqədar başsağlığı vermiş, matəm kitabına ürək sözlərini yazmışdır.

AzərTAc

İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Nikaraqua Respublikasının xarici işlər naziri Samuel Santos Lopezi qəbul etmişdir.

Xarici işlər naziri Samuel Santos Lopezin Azərbaycana səfərinin Nikaraquadan ölkəmizə ilk yüksək səviyyəli rəsmi səfər olmasının önəmini vurğulayan dövlətimizin başçısı gələcəkdə bu cür səfərlərin intensivləşəcəyinə əminliyini ifadə etdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublikasının İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­­səsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni texnologiyaların və elektron xidmətlərin tətbiqi dairəsinin daha da genişləndirilməsi, habelə bu sahədə kadr potensialının formalaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin və Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin bazasında Naxçıvan Mux­tar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində Naxçıvan Muxtar Respublika­sı­nın İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikası Kompüter Təlim-Tədris və İnternet Mərkəzinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 28 yanvar tarixli 69-01/S nömrəli və “Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 5 aprel tarixli 224-03/S nömrəli sərəncamları ləğv edilsin.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 9 iyul 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul etmişdir.

NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Alyansın Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycan sülhməramlılarının Əfqanıstanda keçirilən əməliyyatlar çərçivəsində beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı NATO baş qərargahına son səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı, Azərbaycan ilə NATO arasında əlaqələrin razılıq doğurduğunu bildirdi, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu qeyd etdi.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AzərTAc

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz, Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir... Ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.
Ötən əsrin 70-ci illərindən başlanan Heydər Əliyev siyasi xətti Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarmışdır. Artıq muxtariyyətinin 90 yaşını qeyd edən qədim Naxçıvan iqtisadi və mədəni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilir, əhalinin rifahı və məişət şəraiti yaxşılaşdırılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abutalıbov Tofiq Abutalıb oğlu

Babayev Telman Hüseyn oğlu

Babayev Tofiq Süleyman oğlu

Hüseynov İntiqam Yavər oğlu

İbrahimov Nuraləm Məmməd oğlu

Qəhrəmanov İlham Hüsü oğlu

Məmmədov İntiqam Əsgər oğlu

Zamanov Cavid Məhərrəm oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.


Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 8 iyul 2014-cü il

 

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak etmişdir.
Prezident İlham Əliyev müşavirədə nitq söylədi.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də Gürcüstan Parlamentinin sədri David Usupaşvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

*    *   *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 7-də NATO Dəstək Agentliyinin baş meneceri Mayk Laydeni qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə NATO arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Azərbaycan Respublikası

Ardını oxu...

İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” beynəlxalq elmi konfransında iştirak etmək üçün muxtar respublikada səfərdə olan türkiyəli tarixçi-alim, professor İbrahim Ethem Atnur ilə görüşmüşdür.
Ali Məclisin Sədri qonağı salamlamış, İbrahim Ethem Atnurun Naxçıvanın muxtariyyət tarixinin araşdırılması sahəsindəki fəaliyyətini yüksək qiymətləndirmiş, alimin yazdığı kitabların Naxçıvanın 1918-1921-ci illər tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından dəyərli elmi mənbələr olduğunu diqqətə çatdırmışdır.

Ali Məclisin Sədri Naxçıvan tarixinin araşdırılması sahəsindəki səmərəli fəaliyyətinə görə İbrahim Ethem Atnura təşəkkür etmiş və onun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edildiyini bildirmişdir.
İbrahim Ethem Atnur muxtar respublikada bütün sahələrin, o cümlədən elmin inkişafı istiqamətində ardıcıl tədbirlər görüldüyünü bildirmişdir.

Ardını oxu...

İyulun 7-də Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində aparılan qurucu­luq işləri bütün sahələri əhatə etmişdir. Hazır­da şəhərdə 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir. Şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan şəhər sakinləri adından minnətdarlıq etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə gö­rə Ramiz Gülməmməd oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 7 iyul 2014-cü il

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanın Naxçıvan Muxtar Respublikasının tarixinin araşdırılmasında xidmətlərinə görə Atnur İbrahim Ethem Ekrem oğlu “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 5 iyul 2014-cü il

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planına əsasən, iyulun 4-də “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Beynəlxalq Konfransın açılışı olmuşdur.
Əvvəlcə konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Nuhun yurdu Naxçıvan” sənədli filminə baxmışlar.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 12-də Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuş, böyük mütəfəkkirin yubileyi silsilə tədbirlərlə qeyd olunmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 iyul tarixli Sərəncamı ilə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları təltif edilmişlər. Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları da vardır.

“İgidliyə görə” medalı ilə

Əsgərov Rafiq Yəhya oğlu – polis kapitanı

İmanov İman Kazım oğlu – polis polkovnik-leytenantı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının vergi orqanlarında səmərəli fəaliyyətinə görə Əli Muxtər oğlu Mahmudova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 1 iyul 2014-cü il

İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç ilə görüşmüşdür.
Ali Məclisin Sədri Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 70-ci ildönümü münasibətilə səfiri təbrik etmiş, qələbənin qazanılmasında azərbaycanlıların apardığı mübarizəni diqqətə çatdırmışdır.
Azərbaycan-Belarus əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Ali Məclisin Sədri ikitərəfli münasibətlərdə Naxçıvan Muxtar Respublikasının rolunu qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Belarus Respublikası arasındakı əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı və tibbi sahədə inkişaf edir. Ali Məclisin Sədri əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirmiş, səfirə işlərində uğurlar arzulamışdır.
Səmimi qəbula görə minnətdarlıq edən Nikolay Paskeviç Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasında azərbaycanlıların göstərdiyi qəhrəmanlığı xüsusilə qeyd etmiş, səfər çərçivəsində Naxçıvandan olan müharibə veteranlarına xatirə medallarını təqdim edəcəyini bildirmişdir. Səfir Azərbaycanın, eləcə də onun Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini və ölkələrimiz arasındakı dostluq əlaqələrinin yaxşı perspektivi olduğunu vurğulamışdır.
Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

İyunun 28-də Bakıda ATƏT Parlament Assambleyasının “Helsinki+40: Hər kəs üçün təhlükəsizliyə doğru” devizi altında iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə ATƏT-in 2011-2014-cü illərdəki fəaliyyətini əks etdirən fotostendə baxdı. Stenddə Azərbaycanın qurumdakı fəaliyyətindən bəhs edən fotolar yer almışdır. Burada həmçinin ATƏT-in sessiyalarında çıxışlar zamanı qurumda təmsil olunan ölkələrin nümayəndə heyətlərinin fotoları təqdim edilir.
Sonra ATƏT Parlament Assambleyasının iyirmi üçüncü sessiyasının plenar iclasının açılış mərasimi oldu.
İclası açan ATƏT Parlament Assambleyasının sədri Ranko Krivokapiç tədbirin əhəmiyyətini qeyd etdi, onun Bakıda təşkilinə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev iclasda çıxış etdi.

Ardını oxu...

İyunun 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doq­qu­zun­cu sessiyası keçirilmişdir.
Sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi
3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası gəlirlər üzrə 64 857 623 manat, xərclər üzrə 332 008 010 manat məbləğində olmaqla təsdiq edilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 28 iyun 2014-cü il

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq bu baxımdan Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söylədi. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlətimizin başçısı bunun ikitərəfli münasibətlərimizin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd etdi.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd etdi və sessiyada əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu dedi. Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini vurğuladı.

*    *    *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Türkiyə Respublikasının Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul etmişdir.

AzərTAc

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə Əli Ələsgər oğlu Səfərova “Əməkdar rəssam” fəxri adı verilsin.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 27 iyun 2014-cü il

İyunun 27-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun və rəssam Əli Səfərovun 60 illik yubiley tədbirləri keçirilmiş, rəssamların əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələr verilmişdir. Ali hərbi rütbə verilənlər arasında Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçuları da vardır.

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Həsənov Hikmət Hüseyn oğlu
polkovnik Kazımov Vasif Ramiz oğlu

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Abdullayev Musa Əsgər oğlu – “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı;

Babayev Qadir Nurəli oğlu

Bayramov Xansuvar Məşdi oğlu

Budaqov Ruslan Kazım oğlu

Əliyev Oruc Əli oğlu

Əsədov Anar Mustafa oğlu

İsmayılov Rəhim Aslan oğlu

Qasımov Əsgər Rəsul oğlu

Məmmədov Ceyhun İbrahim oğlu

Məmmədov Nazim Hidayət oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər.

Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 

Naxçıvan şəhəri, 25 iyun 2014-cü il

Fransa Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının sədri xanım Ann Brasör ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olundu. Azərbaycanda insan haqları və demokratikləşmə sahəsində görülən işlər, o cümlədən Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıldı.

*    *    *

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Strasburqda Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşmüşdür.
Görüşdə Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet təşkil edən məsələlər müzakirə olundu.Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*    *    *

İyunun 24-də Strasburqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilman ilə görüşü olmuşdur.

*    *    *

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir.

AzərTAc

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR