İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” Sement Zavodunun açılışında iştirak edib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına müəssisədə görülən işlər barədə məlumat verdi.
Qeyd edildi ki, “Norm” Sement Zavodu nəinki Azərbaycan, ümumilikdə, Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Zavodun konsepsiyası işlənib hazırlanarkən onun uzun illər boyu məhsuldar və səmərəli istismarını təmin etmək məqsədilə müasir avadanlıq və texnologiyalardan istifadə edilib. Dünya miqyasında zəngin təcrübəyə malik mütəxəssislər və məsləhətçilərin iştirakı ilə bu sahədə ən son innovasiyalar araşdırılıb və mühəndis-layihələndirmə işləri nəticəsində zavodun iqtisadi səmərəliliyi təsdiqlənib.
Müəssisənin idarəetmə mərkəzində Prezident İlham Əliyevə ölkənin sement bazarındakı ümumi vəziyyət və zavod haqqında məlumat verildi.
Prezident İlham Əliyev zavodu işə saldı.
Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlətimizin başçısı kollektivlə görüşdü.
Sonra dövlətimizin başçısı müəssisənin tikinti işlərini aparan Çin şirkətinin nümayəndələri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc