İyunun 27-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun və rəssam Əli Səfərovun 60 illik yubiley tədbirləri keçirilmiş, rəssamların əsərlərindən ibarət sərgiyə baxış olmuşdur.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva demişdir ki, muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılır, rəssamların yaradıcılıq imkanları artırılır. Son illər naxçıvanlı rəssamların dünyanın bir çox ölkəsində sərgiləri açılmış, onlar beynəlxalq festival və müsabiqələrdə iştirak etmişlər. Ötən il Rəssamlar Birliyi üçün yeni bina inşa olunmuş, müasir sərgi salonu və emalatxana istifadəyə verilmişdir. Yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olmuşdur. Bu gün keçirilən yubiley tədbiri də muxtar respublikada rəssamlara göstərilən qayğının daha bir ifadəsidir. Ülviyyə Həmzəyeva rəssamlıq sənətinin inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə muxtar respublika rəssamları adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Bu gün muxtar respublikanın tanınmış rəssamlarının yubileyləri qeyd olunur. Rəssamlar ölkənin tarixini, təbiətini, mədəniyyətini, müasir inkişafını gələcək nəsillərə rəsmlər, portretlər vasitəsilə çatdıran insanlardır. Ona görə də hər bir ölkənin tarixi və mədəniyyəti yalnız kitablarda deyil, həm də rəsm əsərlərində yaşayır”.
Ali Məclisin Sədri demişdir: “Hər bir rəssamın yaradıcılığı, müxtəlif janrlarda çəkdiyi əsərləri onun həyat kitabıdır. Bu gün yubileyləri qeyd olunan rəssamların həyat kitabında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının tarixi, abidələri, təbiəti, mədəniyyəti, eləcə də görkəmli şəxsiyyətlərinin portreti dolğun əks olunmuşdur. Onların bu əsərləri zəngin mədəni irs olmaqla yanaşı, həm də muxtar respublikanın bütün sahələrdəki həyatının təbliğinə xidmət edir”.
Ali Məclisin Sədri uğurlu fəaliyyətlərinə görə rəssamlara təşəkkürünü bildirmiş, onları yubileyləri münasibətilə təbrik etmişdir.
Sonra Ali Məclisin Sədri rəssam Əli Səfərova “Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı” fəxri adının döş nişanını və vəsiqəsini, Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinova isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanını təqdim etmişdir.
Rəssamlar əməklərinə verilən yüksək qiymətə və yubiley tədbirində iştirakına görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Ali Məclisin Sədri və tədbir iştirakçıları rəssamların əsərlərindən ibarət sərgiyə baxmışlar.
Telman Abdinovun yaradıcılığında portret, natürmort, realizm və digər janrlar mühüm yer tutur. Onun müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri Naxçıvan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini özündə əks etdirir. Bu günə qədər rəssamın müxtəlif ölkələrdə 13 qarışıq sərgisi keçirilmiş, 7 fərdi sərgisi təşkil olunmuşdur. Telman Abdinovun “Tariximizi qoruyaq”, “Bir millət, iki dövlət”, “Sönməyən həyat”, “Əlincəqala”, “Naxçıvan abidələri”, “Xalçaçı qız” və digər əsərləri yüksək bədii sənətkarlıq nümunələridir. Bu əsərlərdə rəssamın hiss və duyğuları öz dolğun əksini tapmışdır. Xüsusilə portret janrı rəssamın yaradıcılığında özünəməxsus obrazlar qalereyası ilə seçilir. Telman Abdinovun mənzərə janrında yaratdığı əsərlərin əsas süjet xəttini isə Naxçıvan təbiətinin müxtəlif motivləri təşkil edir.
Sərgi ilə tanışlıq zamanı qeyd olunmuşdur ki, rəssam Əli Səfərov geniş və rəngarəng yaradıcılıq imkanlarına malik olan bir sənətkardır. Teatr rəssamlığı sahəsində də fəaliyyət göstərən rəssam öz yaradıcılığı ilə portret, realizm və dekorativ janrları istər məzmun, istərsə də bədii forma cəhətdən zənginləşdirmişdir. Onun şairanə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın Vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən doğur. Rəssamın müxtəlif dövrlərdə çəkilmiş “Böyük öndər”, “Düşüncə”, “Ulu öndər”, “Azərbaycan”, “Hüseyn Cavid”, “Qaçqınlar”, “Səfəvilər”, “Xocalı soyqırımı”, “Əshabi-Kəhf rəvayəti” əsərləri və xalq nağıllarına çəkdiyi illüstrasiyalar dəyərli sənət nümunələridir. Bu günə qədər rəssamın müxtəlif ölkələrdə 11 qarışıq və 6 fərdi sərgisi təşkil olunub.
Sənətsevərlər böyük estetik zövqlə işlənmiş əsərlərə maraqla tamaşa etmişlər.
Ali Məclisin Sədri rəssamları bir daha yubileyləri münasibətilə təbrik etmiş, onlara yeni yaradıcılıq uğurları arzulamışdır.
Sonda xatirə şəkli çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti