İyulun 7-də Uzunoba Su Anbarında yeni istirahət mərkəzi – Naxçıvan şəhər çimərliyi istifadəyə verilmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək demişdir ki, bu gün Naxçıvan şəhərində aparılan quruculuq işləri bütün sahələri əhatə etmişdir. Hazırda şəhərdə 5 səhiyyə, 9 mədəniyyət, 6 təhsil, 5 inzibati və 5 yaşayış obyektində tikinti və yenidənqurma işləri davam etdirilir. Şəhər infrastrukturunun inkişafı ilə yanaşı, insanların sağlamlıqlarının qorunması və istirahətinin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu gün yeni çimərliyin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin davamı olmaqla yanaşı, həm də insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Vüqar Səfərov yaradılan şəraitə görə Naxçıvan şəhər sakinləri adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhər çimərliyinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, burada şəhər sakinlərinin və muxtar respublikaya gələn qonaqların istirahətinin səmərəli təşkil olunacağını bildirərək demişdir: “Ölkəmizin iqtisadi inkişafı insanların rifah halının və məişət şəraitlərinin yaxşılaşmasına səbəb olmuşdur. İqtisadi inkişaf və bununla yanaşı sosial problemlərin həlli həm də insanların istirahətlərinin səmərəli təşkilinə ictimai tələbatı artırmışdır. Bu baxımdan yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada insanların yaşayış şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Tikinti materiallarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi, avtomobillərin kredit yolu ilə satışının təşkil edilməsi insanların mənzil və avtomobil təminatına hərtərəfli şərait yaratmışdır. Son illər Naxçıvan şəhərinin ətrafında yaradılan istirahət mərkəzləri isə sakinlərin və gələn qonaqların asudə vaxtının səmərəli təşkilinə imkan verir. Bu gün istifadəyə verilən yeni çimərlik də yay-istirahət zonası kimi şəhər sakinlərinin və gənclərin asudə vaxtının səmərəli təşkilinə, onların sağlamlıqlarının qorunmasına xidmət edəcəkdir”.
Ali Məclisin Sədri çimərlik-istirahət zonasından səmərəli istifadə olunması barədə aidiyyəti orqanlara tapşırıqlar verərək demişdir: “Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə birlikdə çimərlik-istirahət zonasında su və digər idman növləri üzrə yarışların keçirilməsini, eləcə də gənclərin iştirakı ilə müxtəlif tədbirlərin təşkilini diqqət mərkəzində saxlamalıdır. Burada yaradılan şərait və göstərilən xidmət gənclərin asudə vaxtının təşkili ilə yanaşı, onların qarşılıqlı dostluq münasibətlərinin yaranmasına da xidmət edəcəkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə yaşıllıqların artırılmasını, Nəqliyyat Nazirliyi çimərlik zonasına Naxçıvan şəhərindən avtobus xidmətinin göstərilməsini təmin etməlidir”.
Ali Məclisin Sədri çimərliyin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, ərazidə kompleks tikinti işləri görülmüş, Uzunoba Su Anbarı əsaslı şəkildə yenidən qurulmuşdur. Çimərliyin qumlu sahil xəttinin uzunluğu 280 metrdir. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 4 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulmuşdur.
Çimərlik ərazisində insanların istirahət etməsi üçün lazımi şərait yaradılmışdır. Burada günlüklər, paltardəyişmə yerləri, duş kabinələri, futbol və voleybol meydançaları, eləcə də avtomobil dayanacağı yaradılmış, ictimai-iaşə xidməti təşkil olunmuşdur. Çimərliyə xidmət edən inzibati binada iş otağı, kafe, mətbəx, anbar və mağaza yerləşir. Su anbarının üzərində hər biri 20 kvadratmetr olan 3 istirahət köşkü və 15 metr uzunluğunda platforma quraşdırılmışdır. Burada su idman növləri ilə məşğul olmaq üçün də lazımi şərait yaradılmış, su velosipedləri və motosikletləri qoyulmuşdur. Qeyd olunmuşdur ki, çimərlikdə təhlükəsizlik tədbirləri də diqqətdə saxlanılmış, müşahidə qülləsi yaradılmış, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulmuşdur. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu ərazidə xidmət göstərir.
Ərazidə geniş abadlıq işləri aparılmış, 160 kilovolt-amper gücündə transformator yarımstansiyası və 38 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır. Çimərliyə gedən 2,2 kilometrlik yola asfalt örtük salınmış, 210 metr istinad divarı tikilmişdir.
Ali Məclisin Sədri çimərlik zonasında təhlükəsizlik qaydalarına əməl edilməsi və xidmətin nümunəvi təşkili barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti