07 Yanvar 2025, Çərşənbə axşamı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz, Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Azərbaycan bu yolla gedir... Ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir”.
Ötən əsrin 70-ci illərindən başlanan Heydər Əliyev siyasi xətti Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarmışdır. Artıq muxtariyyətinin 90 yaşını qeyd edən qədim Naxçıvan iqtisadi və mədəni yüksəliş mərhələsinə qədəm qoymuşdur. Bu gün Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni sosial obyektlər, inzibati və yaşayış binaları tikilərək istifadəyə verilir, əhalinin rifahı və məişət şəraiti yaxşılaşdırılır.

İyulun 8-də – ulu öndərimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 45-ci ildönümü ərəfəsində Naxçıvan şəhərində yeni yaşayış binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov tədbirdə çıxış edərək demişdir ki, son illər şəhərin küçə və meydanları, park və xiyabanları yenidən qurulmuş, yeni sosial obyektlər, inzibati binalar tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərində mənzil tikintisi günbəgün genişlənir, müasir yaşayış kompleksləri tikilir. Cari ilin ötən dövründə Naxçıvan şəhərində yeni yaşayış kompleksi istifadəyə verilmiş, 80 ailə mənzillə təmin olunmuşdur. Hazırda şəhərin müxtəlif küçələrində çoxmərtəbəli yeni yaşayış binalarının tikintisi, 6 binada isə əsaslı təmir və yenidənqurma işləri davam etdirilir.
Bina sakini Sadiq Qasımov yeni mənzillə təmin olunmalarını insan amilinə verilən qiymət kimi dəyərləndirmiş, sakinlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində növbəti yaşayış binasının istifadə­yə verildiyini bildirmiş, sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə təbrik edərək demişdir: “Ölkəmizin uğur­lu sosial-iqtisadi inkişafının nəticəsi ola­­raq yeni yollar və parklar salınır, sosial obyektlər, inzibati binalar və yaşayış massivləri tikilir. Tikinti-quruculuq işləri həya­ta keçirilərkən köhnə yaşayış binaları­nın sökülməsi zərurətə çevrilir. Lakin bu­nun müqabilində vətəndaşlar üçün daha müa­sir və rahat mənzillər tikilərək istifadəyə verilir. Bu gün istifadəyə veri­lən yaşa­yış binası da Naxçıvan şəhərinin müx­təlif məhəllələrində dövlət ehtiya­cına görə evləri plana düşmüş sakinlər üçün nəzərdə tutulmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Rahat mənzil sağlam yaşayış deməkdir. Yeni yaşayış binasındakı mənzillərdə insanların rahatlığı nəzərə alınmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Sakinlər yaradılan bu şəraitdən düzgün istifadə etməli, tikilənlər qorunub saxlanılmalı, təmizliyə və səliqə-sahmana riayət olunmalıdır”.
“Azərbaycanda quruculuq işlərinin əsası 1969-cu ilin 14 iyulunda qoyulmuşdur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlməsi ölkəmizin və xalqımızın həyatında yeni intibah mərhələsinin başlanğıcı olmuşdur. Həmin tarixdən etibarən Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sosial-iqtisadi inkişaf təmin olunmuş, insanların yaşayışı və məişət şəraiti yaxşılaşdırılmışdır. Naxçıvan şəhərində istifadəyə verilən yaşayış binası da bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Ali Məclisin Sədri sakinləri yeni mənzillərlə təmin olunmaları münasibətilə bir daha təbrik etmiş, onlara rahat həyat arzulamışdır.
Sonra Ali Məclisin Sədri mənzillərin orderlərini sakinlərə təqdim etmiş, açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 1 girişi olan bina 3 mərtəbə və 12 mənzildən ibarətdir. Mənzillərdən 10-u ikiotaqlı, 2-si isə 3 otaqlıdır. Binaya kommunikasiya xətləri çəkilmiş, mərkəzi antena sistemləri qurulmuş, mənzillər fərdi istilik sistemi ilə təmin olunmuşdur. İsti, soyuq və rütubətədavamlı izolyasiya qatına malik olan binanın həyətində də geniş abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR