07 Yanvar 2025, Çərşənbə axşamı

İyulun 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində təhsil müəssisələrində tədrisin vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir: “Ümummilli liderimiz Heydər Əliyev ölkəmizdə təhsilin inkişafını, ixtisaslı kadrların hazırlanmasını daim diqqət mərkəzində saxlamış, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qalxmışdır. Bu gün Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin müəyyənləşdirdiyi təhsil strategiyası uğurla həyata keçirilir”.

Ulu öndərin “Təhsil millətin gələcəyidir” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, hər bir müstəqil dövlətin gələcəyi təhsilin inkişafından asılıdır. Təhsilin əsas məqsədi gənclərə düzgün qərarlar qəbul etmək sənətini öyrətməkdir. Çünki düzgün qərarlar qəbul etməklə insanlar şəxsiyyətə, ölkələr isə qüdrətli dövlətə çevrilirlər. Bütün bunlar da təhsil sahəsində həyata keçirilən tədbirlərin davamlı xarakter daşımasını və qarşıda duran vəzifələrin ardıcıl şəkildə icra olunmasını tələb edir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli və Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev müşavirədə çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və Naxçıvan Tibb Kollecinin direktoru İlhamə Mustafayeva müzakirə olunan məsələ ilə bağlı məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq demişdir: “Muxtar respublikada təhsilin inkişafına daim üstün istiqamət verilir. Təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir. Onlar ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunurlar. Buna baxmayaraq, işdə bir sıra nöqsanlara da yol verilir. Aparılmış yoxlamalar göstərir ki, təhsil müəssisələri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə edə bilmirlər. Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, Mədəniyyət və Turizm nazirlikləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tədris prosesinin qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun qurulmasını təmin etməlidirlər.
Yaradılmış yüksək maddi-texniki baza elektron təhsilin təşkili üçün əlverişli şərait yaratmışdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təmin edilməsini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılmasını yeni dərs ilinə qədər başa çatdırmalıdır. Təhsil müəssisələri elektron təhsilin imkanlarından düzgün istifadəyə diqqəti artırmalıdırlar.
Muxtar respublikada optik şəbəkənin genişləndirilməsi digər sahələrdə olduğu kimi, təhsildə də internetdən istifadəyə əlverişli şərait yaratmışdır. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri təhsil müəssisələrinin internetdən səmərəli istifadəsinə nail olmalıdırlar”.
Ali Məclisin Sədri muxtar respublikanın ali məktəblərində təhsilin kredit sistemi ilə təşkilinin əsasən başa çatdığını bildirərək demişdir ki, Təhsil və Səhiyyə nazirlikləri növbəti dərs ilindən orta ixtisas təhsili müəssisələrində təhsilin kredit sistemi ilə təşkilinə keçidi təmin etməli, yeni təlim üsullarının mənimsənilməsi üçün seminarlar keçirilməli, müəllimlərin ixtisasartırma kurslarında iştirakı təmin edilməlidir.
Ali Məclisin Sədri demişdir: “Ali təhsil müəssisələri bakalavr hazırlığı ilə yanaşı, eyni zamanda elmi dərəcəli kadrların hazırlanmasına da diqqəti artırmalıdır. Muxtar respublikanın elm və təhsil müəssisələrinin elmi kadrlara olan tələbatını ödəmək üçün müvafiq ixtisaslar üzrə magistr hazırlığına daha məsuliyyətlə yanaşmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti elmi dərəcəli kadrların hazırlanmasına diqqəti artırmalı, gənclərin elmi-tədqiqat işlərinə cəlb edilməsi səviyyəsini yüksəltməlidirlər. Dissertasiya şuralarında müdafiə olunan elmi işlərin keyfiyyəti artırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi elmin istehsalata tətbiqinə nail olmalı, muxtar respublikada elmin iqtisadi səmərə verməsi və gəlir gətirən sahəyə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görməlidir. Ali, orta ixtisas və ümumtəhsil məktəbləri arasında, eləcə də təhsil müəssisələri ilə uyğun dövlət strukturları arasında səmərəli əlaqə yaradılmalıdır. Təhsil Nazirliyi, ali və orta ixtisas təhsili müəssisələri müştərək elmi tədbirlərin keçirilməsinə nail olmalı, müasir texnologiyalardan istifadə etməklə birgə dərslər təşkil etməlidirlər. Tədris və istehsalat təcrübələrinin keçirilməsində muxtar respublikanın müvafiq müəssisələrinin bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. Təhsil müəssisələrində xarici dillərin tədrisi səviyyəsinə nəzarət gücləndirilməli, istedadlı şagirdlərin və tələbələrin üzə çıxarılması məqsədilə zəruri tədbirlər görülməli və onlar üçün lazımi şəraitin yaradılmasına diqqət artırılmalıdır.
Elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi və elmi dünyagörüşün artırılması məqsədilə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, ali və orta ixtisas təhsili müəssisələri mütaliə mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirməli, müəllim, tələbə və şagirdlərin elektron və ənənəvi kitabxanaların imkanlarından düzgün istifadəsini təmin etməlidir.
Təhsil müəssisələrində şagird və tələbələrin vətənpərvərlik və Azərbaycançılıq ruhunda tərbiyə edilməsinə, onların fiziki cəhətdən sağlam böyüməsi üçün bədən tərbiyəsi və idman dərslərinin təşkilinə, müəllim, şagird və tələbələrin dərsə davamiyyətinə, nizam-intizama əməl etmələrinə nəzarəti artırmalıdırlar”.
Müşavirədə digər orqanlara da konkret tapşırıqlar verilmiş və qeyd olunmuşdur ki, İqtisadiyyat və Sənaye Nazirliyi təhsil müəssisələrinin geyim formalarına olan tələbatını müəyyənləşdirməli, qəbul edilmiş formada şagird, tələbə və müəllimlər üçün keyfiyyətli parçadan geyim dəstlərinin hazırlanmasını, yarmarkalarda və kəndlərdəki xidmət mərkəzlərində münasib qiymətə satışını təmin etməlidir. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəbli, tələbə və müəllim geyim formalarının, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarət etməlidir. Valideyn himayəsindən məhrum olmuş uşaqların, eləcə də ümumtəhsil müəssisələrində tədri­sə cəlb edilmiş aztəminatlı və ya sağlam­lıq imkanları məhdud uşaqların məktəbli ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılmalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bu kateqoriyadan olan uşaqları pulsuz məktəbli geyimləri və məktəbli ləvazimatları ilə təmin etməlidir.
Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirlikləri təhsil müəssisə­lərində sağlamlıq, iaşə və məişət xidmətlərinin təşkilini və sanitariya-gigiyena normalarına əməl olunmasını daim nəzarətdə saxlamalıdır. Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri təhsil, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrinin yeməkxanalarına alınan ərzağın keyfiyyətini müntəzəm nəzarətdə saxlamalı, onların yerli məhsullarla təminatına diqqəti artırmalıdırlar. Muxtar respublikada müxtəlif sahələrdə yeni iş yerlərinin açılması, texnologiyanın inkişafı, yeni peşələrin meydana gəlməsi ixtisaslı kadrlara olan tələbatı da artırmışdır. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə peşə təhsili üzrə kadr hazırlığının əmək bazarında tələbat nəzərə alınmaqla aparılmasını, buna uyğun olaraq kursların yaradılmasını təmin etməlidir.
Ali Məclisin Sədri qeyd olunan tapşırıqların icra üçün nəzarətə götürülməsinin, daxili nizam-intizamın diqqət mərkəzində saxlanılmasının, dərsə davamiyyət və təhsilin səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini bildirmiş, qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində müşavirə iştirakçılarına uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR