İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edildi ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir. İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında, ümumilikdə, 82 min kvadratmetr yaşıllıq sahəsi salınacaq.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.
AzərTAc