Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü il fevralın 12-də Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında Tədbirlər Planı təsdiq olunmuş, böyük mütəfəkkirin yubileyi silsilə tədbirlərlə qeyd olunmuşdur.
İyulun 2-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Abbasqulu ağa Bakıxanovun 220 illik yubiley tədbiri keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Bakıxanovlar nəslinin nümayəndəsi, böyük bəstəkar Tofiq Bakıxanov və ailə üzvləri tədbirdə iştirak etmişlər.
Yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, tarixi, ictimai, elmi və bədii fəaliyyəti ilə mənsub olduğu xalqın keçmişinə yox, gələcəyinə xidmət göstərdiyini dəfələrlə sübut edən Abbasqulu ağa Bakıxanov kimi şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə qeyd olunması müstəqil ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elmə və yaradıcı şəxslərə verilən qiymətin ifadəsidir. Ölkə Prezidentinin Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında sərəncamında deyilir ki: “Ensiklopedik biliyə və əhatəli dünyagörüşünə malik şəxsiyyət kimi Abbasqulu ağa Bakıxanov elmin, mədəniyyətin ən müxtəlif sahələrinə aid zəngin bir irs yaratmışdır. Xalqın həyatında əsaslı dəyişikliklərə yol açmış maarifçilik ideyalarının bərqərar olmasında onun mühüm xidmətləri vardır. Azərbaycanın tarixi keçmişinin müasir dünya elmi səviyyəsində yeni, sistemli tədqiqi mərhələsi Bakıxanovun adı ilə sıx bağlıdır”.
İsmayıl Hacıyev muxtar respublikanın çoxsaylı elmi ictimaiyyəti, ziyalılar adından xalqımızın tarixi şəxsiyyəti Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
Qeyd olunmuşdur ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il iyul ayının 3-də keçmiş Bakı qəzasının Əmircan kəndində anadan olmuş, təhsilə Bakıda başlamış, fars və ərəb dillərini öyrənmişdi. Əlahiddə Qafqaz Korpusunda hərbi qulluğu dövründə Abbasqulu ağa Şərq dilləri üzrə tərcüməçi təyin olunmuş və bu vəzifədə 25 il çalışmışdı. Fəaliyyətinin Tiflis dövründə Qafqaz administrasiyasının tanınmış hərbi və siyasi xadimləri, Tiflisə gələn Avropa səyyahları və elm adamları ilə görüşlər, Qafqaz, Ön Asiya və Avropa ölkələrinə səyahətlər bu istedadlı şəxsiyyətin dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Abbasqulu ağa Bakıxanov xidməti dövründə İranla sərhədləri müəyyənləşdirmə komissiyasının işində, Qarabağ əyalətinin təsvirində, Rusiyanın İran və Türkiyə ilə münasibətlərində, həmçinin rus ordusu hissələrinin Qafqaz dağlıları ilə diplomatik danışıqlarında fəal iştirak etmişdi. Bu vəzifədə təcrübəli zabit-tərcüməçi, Şərq dilləri və ədəbiyyatının böyük bilicisi kimi şöhrət qazanan Abbasqulu ağa Bakıxanov rus ordusunun polkovniki rütbəsinə qədər yüksəlmiş, Rusiya, İran və Türkiyə dövlətlərinin orden və medalları ilə təltif olunmuşdu.
Çar Rusiyasının Azərbaycan türklərinin soykökünü, dilini, mədəniyyətini, tarixini saxtalaşdırmaq niyyətini ilk dəfə Abbasqulu ağa Bakıxanov anlamış, ona görə də millətini gözləyən böyük təhlükəni – milli mənşəyin, dilin və mədəniyyətin assimilyasiya edilməsini görərək milli ruhlu tarix əsəri yazmağa başlamışdır.
İsmayıl Hacıyev bildirmişdir ki, Abbasqulu ağa Bakıxanov ensiklopedik biliyə, geniş dünyagörüşə malik olmaqla yanaşı, yurdunu, xalqını, dilini sevən bir vətənpərvər idi. Bu gün Abbasqulu ağa Bakıxanovu anarkən onun hərbi hünərləri və siyasətçi uğurlarından deyil, elmi və ədəbi fəaliyyətindən söz açılır. Fəlsəfə, tarix, coğrafiya və başqa bir çox elmləri dərindən bilən Abbasqulu ağa bu elm sahələrinə aid dəyərli əsərlər yazmışdır. O, orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk böyük maarifçi ədib və alimdir.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev tədbirdə çıxış edərək demişdir ki, Abbasqulu ağa Bakıxanov yaradıcılığı ilə özünü bütün sahələrə çox yaxşı bələd olan dahi bir şəxsiyyət kimi göstərə bilmişdir. Onun “Riyazül-Qüds”, “Qanuni-Qüdsi”, “Gülüstani-İrəm”, “Əsrarül-məlaküt”, “Təhzibül-əxlaq”, “Kəşfül-qəraib”, “Eynül-mizan” və başqa əsərləri dəyərli elmi ədəbiyyatlardır. Abbasqulu ağa Bakıxanovun bədii əsərləri içərisində mənzum hekayələri, qəsidə, qəzəl, qitə, rübai, məsnəvi formalarda yazılmış əsərləri, nəsihətləri, “Mişkatül-ənvar” adlı poeması, “Miratül-cəmal” adlı avtobioqrafik şeirləri vardır. Bakıxanov özündən əvvəl yaşamış klassik Azərbaycan şairlərinin, eləcə də Şərq şairlərinin yaradıcılığına dərindən bələd olmuş, onların yaradıcılığından bəhrələnmiş, klassik şeir formalarından məharətlə istifadə etmişdir. Anadan olmasının 220 illiyini qeyd etdiyimiz Abbasqulu ağa Bakıxanov xalqımızın böyük alimi, şairi, yazıçısı, tarixçisi, coğrafiyaşünası, bir sözlə, ensiklopedik biliyə malik mütəfəkkir kimi Azərbaycan tarixində mühüm yer tutan görkəmli tarixi şəxsiyyətlərimizdən biridir.
Tədbirin bədii hissəsində Abbasqulu ağa Bakıxanovun “Nəsihətlər”, “Təhzibül-əxlaq” və “Bəslər” əsərlərindən seçmələr bədii qiraət olunmuş, Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə böyük mütəfəkkirin qəzəlləri üstündə muğamlar oxunmuş, görkəmli bəstəkar Tofiq Bakıxanovun Abbasqulu ağa Bakıxanovun əsərlərinə bəstələdiyi mahnıları ifa olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti