Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk”.
Bu gün Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması uğurlu sosial siyasətlə də müşahidə olunur. Həyata keçirilən sosial islahatların mərkəzində isə insan amili, ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılması dayanır. Sosial qayğıya ehtiyacı olan vətəndaşların fərdi mənzillər və minik avtomobilləri ilə təmin olunması da bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Avqustun 9-da Naxçıvan şəhərində 10 müharibə iştirakçısına, 7 müharibə iştirakçısına bərabər tutulan şəxsə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 3 nəfərə “NAZ-Lifan-320” markalı 20 ədəd minik avtomobili təqdim edilmişdir.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov çıxış edərək muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, 2014-cü ilin 7 ayı ərzində 88 nəfərin Əlillərin Bərpa Mərkəzində, sağlamlıq imkanları məhdud 192 uşağın Uşaq Bərpa Mərkəzində müalicəsi təşkil edilmişdir. Bu dövr ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan 78 şəxs işlə təmin edilmiş, sağlamlıq imkanları məhdud 20 nəfər peşə hazırlığı kurslarına cəlb olunmuşdur. Məhdud fiziki imkanlıların məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər görülmüş, müharibə və Çernobıl əlilləri, habelə müharibə əlillərinə bərabər tutulan 40 nəfər minik avtomobili ilə təmin olunmuşdur. Hazırda bu kateqoriyadan olan 2 vətəndaş üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, xidmətləri müqabilində avtomobillə təmin olunmaları münasibətilə onları təbrik edərək demişdir: “Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Müxtəlif sahələrdə xidmət göstərmiş şəxslərə avtomobillərin təqdim olunması da bunun ifadəsidir. Bütün bu tədbirlər inkişaf, sabitlik, dövlət-xalq birliyi və dövlətin insanlara qayğısı olan ölkələrdə həyata keçirilir. Bu gün Azərbaycanda insanlara qayğı həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir”.
Ali Məclisin Sədri demişdir: “Yeni avtomobillərlə təmin olunanlar müxtəlif vaxtlarda öz xidməti borclarını layiqincə yerinə yetirmiş insanlardır. Göstərdiyiniz xidmət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün sizə yeni xidməti avtomobillər təqdim olunur. Bu da rahatlığınızın təmin olunması ilə yanaşı, həm də yaşayış şəraitinizin yaxşılaşdırılmasına xidmət edəcəkdir”.
Ali Məclisin Sədri xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə yeni avtomobillərlə təmin olunanlara təşəkkürünü bildirmiş, avtomobillərin açarlarını təqdim etmişdir.
Yeni avtomobillə təmin olunanlar sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə görə minnətdarlıq etmişlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti