07 Yanvar 2025, Çərşənbə axşamı

“2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, Naxçıvançay vadisində insanların istirahətinin səmərəli təşkili məqsədilə yeni əyləncə mərkəzinin tikintisi nəzərdə tutulmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, ərazidə tikinti işlərinə başlanılmış, yeni Əyləncə və İstirahət Mərkəzi inşa olunmuşdur.
İyulun 24-də Əyləncə və İstirahət Mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
“Cahan Holdinq” Şirkətlər İttifaqının direktoru Vüqar Abbasov tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikada iqtisadiyyatın bütün sahələrində dinamik inkişafa nail olunmuşdur. Həyata keçirilən tədbirlər sahibkarlığın inkişafı üçün də hərtərəfli şərait yaratmış, yeni istehsal və xidmət sahələrinin istifadəyə verilməsinə səbəb olmuşdur. “Cahan Holdinq” Şirkətlər İttifaqı da muxtar respublikada sahibkarlığın inkişafına göstərilən dövlət qayğısından bəhrələnərək öz fəaliyyətini genişləndirir. Bu gün istifadəyə verilən yeni Əyləncə və İstirahət Mərkəzi də həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Vüqar Abbasov yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni Əyləncə və İstirahət Mərkəzinin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə tədbir iştirakçılarını və sakinləri təbrik edərək demişdir: “Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün sahələrdə inkişafın təmin olunmasına imkan verir. Dövlət-xalq və xalq-dövlət birliyinin nəticəsi olaraq ölkəmizdə qəbul olunan dövlət proqramları uğurla icra olunur, insanların yaşayış şəraiti yaxşılaşdırılır, onların firavan həyatı təmin edilir. Əhalinin rifahının yaxşılaşdırılması isə insanların istirahətinin səmərəli təşkilinə tələbatı artırır. Bunun üçün də ölkəmizdə, eləcə də muxtar respublikamızda yeni istirahət mərkəzlərinin yaradılması zərurətə çevrilir”.

Ali Məclisin Sədri demişdir: “Naxçıvan şəhərində bir uşaq istirahət mərkəzinin fəaliyyət göstərməsi şəhər sakinlərinin tələbatını tam ödəmirdi. Ona görə də muxtar respublikanın paytaxtında yeni Əyləncə və İstirahət Mərkəzinin yaradılmasına ehtiyac yarandı. Bu gün istifadəyə verilən Əyləncə və İstirahət Mərkəzinin yerləşdiyi ərazi vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilmiş və sonradan yararsız vəziyyətə düşmüşdü. Lakin yaradılan şərait və çəkilən zəhmət nəticəsində ərazi bu gün Naxçıvan şəhərinin ən abad yerlərindən birinə çevrilmişdir. Əyləncə və İstirahət Mərkəzində müasir avadanlıqlar qurulmuş, təhlükəsizlik təmin edilmişdir. Bu da uşaqların və böyüklərin istirahətlərinin, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsinə imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Dövlət tərəfindən verilən güzəştli kredit və sahibkarın şəxsi vəsaitləri hesabına yaradılan bu istirahət mərkəzi muxtar respublikada insanların rahatlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Eyni zamanda Əyləncə və İstirahət Mərkəzində yüzlərlə insan işlə təmin olunmuş, onların fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. Ona görə də işçilər üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır”.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağından əminliyini bildirmiş, Əyləncə və İstirahət Mərkəzinin açılışını bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, mərkəz 38 min kvadratmetr sahədə yaradılmışdır. Tikintisinə 2013-cü ildən başlanılan mərkəzdə istirahət edənlərə 195 nəfərlik işçi heyət xidmət göstərəcəkdir. Mərkəzdə ikimərtəbəli bina inşa edilmişdir. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu vardır. Geyim mağazasında dünyanın məşhur geyim brendləri olan 14 firmanın məhsulları alıcılara təklif olunur. Kişi, qadın və uşaq bölmələrindən ibarət olan mağazada müştərilərə hərtərəfli xidmət göstərilir. Oyun salonunda 25 aparat quraşdırılmış, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılmışdır.
Binanın ikinci mərtəbəsindəki mebel dəstlərinin satış bölməsinə baxış zamanı məlumat verilmişdir ki, burada xarici ölkə və yerli istehsal məhsullarının satışı həyata keçirilir. Çeşid bolluğu alıcıların arzularına və istəklərinə uyğun səmərəli seçim etməyə imkan verəcəkdir. Yüksək keyfiyyəti ilə seçilən bu məhsullar beynəlxalq standartlara tam uyğundur. Burada mebel dəstlərini 9 aylıq faizsiz kreditlə almaq mümkündür.
Binada lift sistemi quraşdırılmış, iş otaqları istifadəyə verilmişdir.
Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə 24 kabinəli 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərəcəkdir. Həmçinin burada 1 fəvvarə və 4 hovuz da istifadəyə verilmiş, Kukla Teatrının tamaşalarının göstərilməsi üçün səhnə yaradılmışdır.
Uşaqların qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşdırılması muxtar respublikada həyata keçirilən dövlət uşaq siyasətinin başlıca istiqamətlərindəndir. Son illər muxtar respublikada istifadəyə verilən müasir uşaq bağçaları, uşaq-əyləncə mərkəzləri də bu baxımdan mühüm əhəmiyyət daşıyır. Yeni Əyləncə və İstirahət Mərkəzində yaradılan şərait də uşaqların istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların psixoloji hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından da əhəmiyyətlidir.

Ali Məclisin Sədri ərazidə abadlıq işlərinin aparılması, istirahət parkının sahəsinin genişləndirilməsi və yeni istirahət guşələrinin yaradılması, Əyləncə və İstirahət Mərkəzinin həyətində səyyari şahmat lövhələrinin qoyulması barədə tapşırıqlar vermişdir.
Sonra Ali Məclisin Sədri “Cahan Holdinq” Şirkətlər İttifaqının ticarət mərkəzində yaradılan şəraitlə də tanış olmuşdur.
Bildirilmişdir ki, ticarət mərkəzinin birinci mərtəbəsində ərzaq məhsullarının və gündəlik tələbat mallarının satışı həyata keçiriləcəkdir. Burada muxtar respublikada istehsal olunan məhsullarla yanaşı, xarici ölkələrdə istehsal edilən və mənşə sertifikatı olan məhsullar da satışa çıxarılır. Hazırda ticarət mərkəzində fəaliyyət göstərən çörək sexinin məhsullarına böyük alıcı tələbatı vardır. Binanın ikinci mərtəbəsində elektrotexnika avadanlıqlarının və uşaqlar üçün əyləncə qurğularının satışı bölmələri yerləşir. Burada dünyanın qabaqcıl şirkətlərinin elektron avadanlıqlarını almaq və sifariş vermək mümkündür.
Mərkəzin inşaat materiallarının satışı binasında bütün növ tikinti materiallarının topdan və pərakəndə satışı təşkil olunmuş, anbar istifadəyə verilmişdir. Burada 35 min addan artıq məhsulun satışa çıxarılması mənzil təmiri, ev tikintisi və inşaat işləri zamanı alıcılara geniş seçim imkanı yaradır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR