İyulun 14-də Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: “Bu gün sizinlə müqəddəs bir gündə – mübarək Ramazan ayında görüşürük. Bu ayın fəzilətləri çoxdur. Onlardan biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs “Qurani-Kərim”in bu ayda tamamlanmasıdır.
Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən yüksək tutulmuşdur. Ona görə ki, bizim xalqımız da daim xeyirxah niyyətlər ardınca getmiş, böyük mədəniyyət yaratmış, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş etmişdir”.
Qeyd olunmuşdur ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görədir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümündə keçirilən iftar mərasimində dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad etmiş, çıxışını ulu öndərin müdrik kəlamları ilə tamamlamışdır: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Sonra mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar səslənmişdir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılmış, ümumilikdə, iftar mərasimlərində min nəfərdən artıq insan iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti