08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 23 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar və mükafatlandırılmanın şərtləri

1. Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Naxçıvan Muxtar Respublika Mükafatları Komissiyası (bundan sonra – Komissiya) elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələrində ən dəyərli əsərləri (işləri, layihələri) qiymətləndirmək və yaradıcı ziyalıları müasir tələblərə cavab verən yüksək səviyyəli əsərlər yaratmağa təşviq etmək məqsədilə yaradılmışdır.
2. Komissiyanın fəaliyyəti Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunları, digər qanunvericilik aktları və bu Əsasnamə ilə tənzimlənir.
3. Komissiya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yenidən təşkil və ləğv edilə bilər.
4. Komissiyaya aşağıdakı hüquqlar verilir:
4.1. elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat sahələri üzrə bölmələr və ekspert qrupları yaratmaq, onların iş qaydasını təsdiq etmək;

4.2. təqdim edilən əsərlərlə fərdi şəkildə tanış olmaq məqsədilə zəruri hallarda yerlərə ekspert qrupları göndərmək;
4.3. təqdim edilən əsərlərə rəy vermək üçün ayrı-ayrı müəssisə və qurumları, habelə mütəxəssisləri cəlb etmək;
4.4. təqdim edilən əsərlərin və həmin əsərlərlə bağlı nəşr olunmuş resenziyaların və rəylərin ilkin öyrənilməsini təmin etmək;
4.5. təqdim edilən əsərlər zəruri tələblərə cavab vermədikdə müvafiq sahə üzrə Mükafatın verilməməsi barədə qərar qəbul etmək.
5. Komissiyanın fəaliyyətini təmin etmək üçün onun nəzdində katiblik yaradılır.
6. Komissiya öz blankına malikdir.
7. İki ildən bir verilən və hər biri 5000 (beş min) manat məbləğində olan elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 5 (beş) Naxçıvan Muxtar Respublika Mükafatı (bundan sonra – Mükafat) hər iki ildən bir 9 fevral – Naxçıvan Muxtar Respublikasının təşkil edildiyi gün ərəfəsində Komissiyanın qərarı ilə dövlət büdcəsinin vəsaiti hesabına verilir.
8. Mükafat Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnikanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.
9. Əsərlər Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, dövlət idarə və təşkilatları, ali təhsil, elmi-tədqiqat və layihə-konstruktor müəssisələri, ictimai və yaradıcı birliklər tərəfindən Mükafata təqdim oluna bilər.
10. Fundamental və tətbiqi elmlərə aid əsərlər müvafiq elmi şuralarda müzakirədən sonra və ya Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyəti tərəfindən, bədii əsərlər isə yaradıcı ittifaqların qərarı ilə Mükafata təqdim edilir.
11. Əsərlər hər iki ildən bir yanvar ayının 1-dək Komissiyaya təqdim edilməlidir. Mükafata təqdim edilən namizədlərin və əsərlərin siyahısı Mükafatın verilməsinə bir ay qalmış kütləvi informasiya vasitələrində dərc olunur.
12. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsis edilən digər mükafatlara, eləcə də başqa ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər bu Mükafata təqdim edilə bilməz.
Mükafat bir şəxsə bir dəfədən artıq verilə bilməz. Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Mükafat verilmir.
Bir qurum tərəfindən Mükafata yalnız bir əsər təqdim edilə bilər.
13. Mükafata layiq görülən şəxslərə pul vəsaiti ilə yanaşı, “Naxçıvan Muxtar Respublika Mükafatı qalibi”nin diplomu təqdim edilir.
14. Mükafatın pul hissəsi iki və daha çox müəllif olduqda bütün müəlliflər arasında bərabər bölünür.
15. Vəfat etmiş, yaxud ölümündən sonra təltif edilmiş qalibin diplomu və Mükafatın pul vəsaiti onun vərəsələrinə təqdim olunur. Qalibin vərəsələri olmadıqda diplom Komissiyada saxlanılır, pul vəsaiti isə dövlət büdcəsinə qaytarılır.

II. Əsərlər haqqında sənədlərin və materialların hazırlanması, onların təqdim olunma qaydası

16. Elm, texnika, memarlıq və ədəbiyyat sahələrinə aid əsərlər mətbəə üsulu ilə çap edilmiş şəkildə 4 nüsxədə Komissiyaya təqdim olunur, zəruri hallarda digər müvafiq materiallar əlavə edilir.
Mədəniyyət sahəsi ilə bağlı əsərlər müxtəlif şəkildə, o cümlədən rəqəmsal, CD və DVD formatlarında təqdim olunur.
17. Əsərləri və namizədləri irəli sürən qurum, müəssisə və ya təşkilat Komissiya qarşısında vəsatət qaldırır. Vəsatətdə əsər və müəllif haqqında məlumat, mükafata təqdim olunma səbəbləri və əsərlə bağlı digər zəruri məlumatlar göstərilir.
18. Mükafata təqdim olunan müəllifin adı, atasının adı, soyadı, doğulduğu tarix, ixtisası, fəxri adları, elmi dərəcələri və elmi adları, iş yeri, tutduğu vəzifə, iş və ev ünvanı, əlaqə telefonları və elektron poçt ünvanı dəqiq göstərilməlidir.
19. Vəsatət qurum, müəssisə və ya təşkilatın rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur. Qurum, müəssisə və ya təşkilatın rəhbəri əsərin müəllifi sırasına daxildirsə, təqdimat onun müavini tərəfindən imzalanır.
Kollektiv namizədlik irəli sürüldükdə vəsatətlə birlikdə hər bir müəllifin əsərin yaradılmasında iştirakını səciyyələndirən məlumat təqdim edilir. Təsviri sənət və memarlıq sahəsinə aid əsərlər üzrə həmin məlumat qurum, müəssisə və ya təşkilatın rəhbəri və irəli sürülmüş əsərlərin müəllifləri tərəfindən imzalanmalıdır.
20. Vəsatətlə birlikdə aşağıdakı sənədlər təqdim edilməlidir:
20.1. əsər və namizədlərin irəli sürülməsinə dair keçirilmiş iclas və yığıncaqların, elmi və ya texniki şuraların protokolları, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və ya yaradıcı ittifaqların rəyasət heyətlərinin qərarı (kollektiv əsər təqdim olunduqda protokol və ya qərarda hər bir namizədin əsərdə iştirakı barədə məlumat əksini tapmalıdır);
20.2. hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat və 4x6 sm ölçüdə iki ədəd fotoşəkil;
20.3. təqdim olunan əsərin tədqiqatçılar tərəfindən imzalanmış qısa annotasiyası;
20.4. elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat;
20.5. əsər və müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar (əsli və ya təsdiq olunmuş surəti).
21. Əsərin hər bir nüsxəsi cildlənərək, üz qabığında təqdim edən qurum, müəssisə və ya təşkilatın və əsərin adı, habelə müəllifin (müəlliflərin) adı, soyadı göstərilməklə Komissiyaya göndərilir. Komissiyanın ünvanı: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 50.

III. Komissiya tərəfindən Mükafatın verilməsi barədə qərarın qəbul edilməsi

22. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır.
İclasda Komissiya üzvlərinin ən azı 2/3 hissəsi iştirak etdikdə həmin iclas səlahiyyətli hesab olunur.
23. Mükafatın verilməsi barədə Komissiyanın qərarı gizli səsvermə yolu ilə qəbul olunur.
İştirak edənlərin ən azı 3/4 hissəsi namizədin lehinə səs verdiyi halda, Komissiyanın qərarı qəbul olunmuş hesab edilir.
24. Komissiyanın qəbul etdiyi qərar qətidir.
25. Mükafatın verilməsi barədə Komissiyanın qərarı kütləvi informasiya vasitələrində elan olunur.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR