Sentyabrın 15-də – Bilik Günündə Şərur Texniki-Peşə və Sürücülük Məktəb kompleksi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bilik Günü tədbirində iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada təhsilin inkişafına hərtərəfli qayğı göstərilir. Son 10 ildə muxtar respublikanın şəhər, kənd və qəsəbələrində müasir avadanlıqlarla təchiz edilən, yeni kompüter dəstləri və elektron lövhələrlə təmin olunan 142 məktəb binası istifadəyə verilmişdir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərində oxuyan hər 12 şagirdə 1 kompüter düşür. Şagirdlərin biliklərə yiyələnməsi, dərslərin yüksək səviyyədə təşkili üçün ümumtəhsil məktəblərində 600-ə yaxın elektron lövhə quraşdırılmış, təhsil ocaqları dərslik və dərs ləvazimatları ilə təmin olunmuşdur.
Qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində birinci siniflərdə 4700 şagird təhsil alırdısa, 2014-2015-ci tədris ilində birinci siniflərə 5163 şagird qəbul olunmuşdur. Onların da 1066-sı Şərur rayonunun ümumtəhsil məktəblərinin payına düşür. Muxtar respublikada peşə təhsili şəbəkəsinin genişləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilir. 2014-2015-ci tədris ili üçün peşə təhsili müəssisələrinə 500 şagird qəbul olunmuşdur. Ümumilikdə, peşə təhsili müəssisələrində 19 ixtisas üzrə 650 müdavimin təlim-tərbiyəsi ilə 72 müəllim və istehsalat təlimi ustası məşğul olacaqdır. Piri Nağıyev yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.
Məktəbin müəllimi Jalə İsmayılova demişdir ki, muxtar respublikada təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür, təhsil müəssisələri yeni binalarla təmin olunurlar. Şərur Texniki- Peşə və Sürücülük Məktəbinin yeni tədris və yataqxana binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Jalə İsmayılova yaradılan şəraitdən səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, vətənpərvər və ixtisaslı kadrlar hazırlayacaqlarına söz vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən, sentyabr ayının 15-nin ölkəmizdə “Bilik Günü” kimi qeyd olunduğunu bildirmiş, bu münasibətlə muxtar respublikanın ümumtəhsil, ali və orta ixtisas təhsili məktəblərinin şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri, Şərur Texniki-Peşə və Sürücülük Məktəbinin kollektivini isə həm də yeni tədris və yataqxana binalarının istifadəyə verilməsi münasibətilə təbrik edərək demişdir: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi təhsil strategiyası Azərbaycanda öz bəhrəsini verməkdədir. Gənclərin təhsil alması üçün bütün imkanlar yaradılmışdır. Yeni məktəb binalarının istifadəyə verilməsi, təhsil müəssisələrinin informasiya texnologiyaları ilə təminatı, distant və elektron təhsil sisteminə keçid tədrisin səviyyəsini daha da yüksəldəcəkdir.
Təhsilli gənclik hər bir ölkənin intellektual sərvətidir. Bu sərvətdən səmərəli istifadə, müxtəlif sahələr üzrə mütəxəssislərin hazırlanması bizim qarşıda duran əsas vəzifəmizdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini nəzərə alaraq demişdir: “Gənclərimiz yaxşı oxumalıdır, bilik sahibi olmalıdır, peşəkar olmalıdırlar. Çünki bu gün Azərbaycanda bütün imkanlar var. İqtisadiyyat inkişaf edir, yeni iş yerləri, yeni sənaye müəssisələri, xidmət sahələri açılır. Peşəkar kadrlara böyük ehtiyac var. Mən çox istəyirəm ki, bizim əsas, aparıcı sahələrimizin inkişafında Azərbaycan gəncləri öz rollarını oynasınlar”.
Ali Məclisin Sədri demişdir: “Peşəkar kadrlar yalnız ali və orta ixtisas təhsili müəssisələrində hazırlanmır. Bu məsələdə peşə təhsilinin düzgün təşkili də mühüm əhəmiyyətə malikdir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı və bunun nəticəsi olaraq açılan yeni iş yerləri ixtisaslı kadrlara olan tələbatı artırmışdır. Bu səbəbdən son illər peşə təhsilinin məzmunu tamamilə yeniləşmiş, peşə tədrisi müəssisələrinin maddi-texniki bazası gücləndirilmişdir. İqtisadiyyatın çoxşaxəli inkişafı, yeni peşə və sənət sahələrinin yaranması özü ilə bərabər ixtisaslı kadrlara olan tələbatı da artırır. Artıq müasir dövrdə peşə təhsili günün tələbinə çevrilmişdir. Hazırda muxtar respublikada 1 peşə liseyi, 4 peşə məktəbi və 1 Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir. Bu gün istifadəyə verilən Şərur Texniki- Peşə və Sürücülük Məktəbi də muxtar respublikada peşə ixtisaslı kadrlara olan tələbatın ödənilməsində mühüm rol oynayacaqdır”.
Yeni dərs ili ilə bağlı aid qurumlara konkret tapşırıqlar verən Ali Məclisin Sədri demişdir: “Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi informasiya texnologiyalarının imkanlarından istifadə etməklə peşə təhsilinin daha da təkmilləşdirilməsinə, müasir texnika və texnologiyalara dair tədris materiallarını özündə əks etdirən proqramlar və dərs vəsaitlərinin hazırlanmasına, mühəndis-pedaqoji heyətin səviyyəsinin yüksəldilməsinə nail olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Regional Peşə Tədris Mərkəzində kadr hazırlığı işini əmək bazarının tələbləri ilə uzlaşdırmalı, ixtisaslaşma apararaq yeni kurslar açmalı, təlim kurslarını bitirən müdavimlərin müvafiq işlə təmin olunmalarını diqqət mərkəzində saxlamalıdır.
Şəhər və rayon icra hakimiyyətləri də Təhsil Nazirliyi ilə birlikdə yerlərdə ixtisaslı kadrlara olan tələbatı müəyyənləşdirməli, gənclərin peşə istiqamətinə cəlbi ilə bağlı tədbirlər gündəlikdə saxlanılmalıdır. İqtisadiyyat və Sənaye Nazirliyi peşə məktəbləri ilə sahibkarlıq subyektləri, xüsusilə müasir texnologiyalar əsasında işləyən istehsal müəssisələri arasında əlaqəni gücləndirməli, kadrlar tələbata uyğun hazırlanmalı, işə qəbul zamanı peşə təhsili olan kadrlara üstünlük verilməlidir. Kütləvi informasiya vasitələrində peşə təhsilinə marağın artırılması məqsədilə maarifləndirici veriliş və qəzet materialları hazırlanmalıdır”.
Ali Məclisin Sədri gənclərə müraciət edərək demişdir: “Müasir gənclik ümummilli liderimizin əsəri olan müstəqil Azərbaycanda yaşayır. Müstəqil ölkədə yaşamaq nə qədər xoşdursa, onun qorunub saxlanması da bir o qədər vacib və taleyüklü məsələdir. Gələcəkdə bu şərəfli işi bu gün məktəbdə yetişən gənclik həyata keçirəcəkdir. Ona görə də tariximizi öyrənmək, adət-ənənələrimizə, milli dəyərlərimizə sahib çıxmaq, yüksək təhsil almaq hər bir gəncin borcu olmalı, pedaqoji kollektivlər öz fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Gənclərimiz daha savadlı və vətənpərvər olmalı, ixtisaslı kadr kimi formalaşmalıdır”.
Ali Məclisin Sədri muxtar respublikada təhsilə başlayan bütün şagird, kursant və tələbələrə, müəllimlərə bu yolda uğurlar arzulamış və çıxışını ümummilli liderimiz Heydər Əliyevin gələcəyimiz olan gənclərə xitabən söylədiyi “Müstəqil Azərbaycanda təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın mənafeyi üçün çalışmağı qarşısına məqsəd qoymalı, peşəkar mütəxəssis və milli kadr kimi yetişməlidir” fikirləri ilə bitirmişdir.
Sonra Ali Məclisin Sədri Şərur rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 25 şagirdə kompüter dəsti hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, peşə məktəbi tədris korpusu və yataqxana binasından ibarətdir. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan tədris korpusunda dərslərin səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. 360 yerlik binada 17 sinif otağı, 4 laboratoriya, 5 emalatxana, şahmat və kompüter otaqları, müəllimlər otağı, hərbi kabinə, tibb məntəqəsi, idman zalı, arxiv, dərzi, bərbərxana və digər yardımçı otaqlar vardır.
Sinif otaqlarında məlumat stendləri asılmış, emalatxanalarda müxtəlif avtomobil və kənd təsərrüfatı texnikalarının hissələri, eləcə də dəzgahlar qoyulmuşdur. Bu da keçilən dərslərin praktik olaraq daha yaxşı mənimsənilməsinə, peşəkar mütəxəssislərin hazırlanmasına köməklik göstərəcəkdir. Məktəbdə 11 ixtisas – elektrik montyoru, bərbər, qadın bərbəri, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kompüter istifadəçisi, xalçaçı, traktorçu maşinist, qazanxana maşinisti, aşpaz köməkçisi, ofisiant, avtomobil sürücüsü ixtisasları tədris olunacaqdır. Bu il həmin ixtisaslar üzrə, ümumilikdə, 220 müdavimin məktəbə qəbulu planlaşdırılmışdır.
Peşə hazırlığı ilə bağlı təlim prosesində və əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığında informasiya texnologiyalarının imkanlarından istifadə mühüm əhəmiyyət daşıyır. Şərur Texniki-Peşə və Sürücülük Məktəbində də 11 elektron lövhəli sinif və kompüter otağı vardır. Kompüter otağındakı 21 kompüterin hər biri internetə qoşulmuşdur. Bildirilmişdir ki, kompüterlərə yüklənən elektron tədris proqramları biliklərin daha səmərəli mənimsənilməsinə imkan verəcəkdir. Xüsusilə müdavimlər internet şəbəkəsi vasitəsilə təhsil aldığı peşə üzrə ətraflı məlumatlar toplaya biləcəklər. Bu da mütərəqqi texnologiyalarla işləməyi, kompüter texnikasından sərbəst istifadə etməyi bacaran yüksəkixtisaslı kadrların hazırlanmasına zəmin yaradacaqdır.
Binada sürücülük peşəsinin praktik mənimsənilməsi üçün də lazımi şərait yaradılmış, 2 avtotrenajor quraşdırılmışdır. Avtotrenajorlardan biri yük, digəri isə minik maşını tiplidir. Bu müasir tədris avadanlıqları müdavimlərin nəqliyyat vasitəsindən istifadə qaydalarını daha səmərəli mənimsəmələrinə şərait yaradacaqdır. İstifadə zamanı yol-hərəkət qaydalarının pozulması hallarının səsli və vizual olaraq bildirilməsi isə təlim zamanı buraxılan nöqsanların aradan qaldırılması baxımından əhəmiyyətlidir. Mühərrik gücünü, hava və yol şəraitlərini seçmək imkanı yaradan avtotrenajorlar sürücülük peşəsinə yiyələnmək istəyənlər üçün ideal tədris vasitəsidir.
Elektron lövhəli sinfə baxış zamanı Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov muxtar respublikada elektron təhsilin təşkili və distant təhsilə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə Ali Məclisin Sədrinə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqənin təşkili məqsədilə mərkəzi server qurulmuş, ümumtəhsil məktəbləri və 10 muzey bu sistemə qoşulmuşdur. Bundan əlavə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 25 şagird yerlik Distant Tədris Mərkəzi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin www.tehsil.nakhchivan.az internet saytının “e-təhsil” bölməsində qeydiyyatdan keçməklə Distant Tədris Mərkəzinə qoşulmaq mümkündür.
Ali Məclisin Sədri Şərur Texniki-Peşə və Sürücülük Məktəbi, Heydər Əliyev Muzeyi və ümumtəhsil məktəbləri arasında videobağlantı vasitəsilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda keçilən dərsi izləmiş, elektron təhsilə keçidlə bağlı həyata keçirilən tədbirlərin bundan sonra da davam etdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Məktəbin yataqxana binası da müasir layihə əsasında qurulmuşdur. Zəruri mebel avadanlıqları ilə təchiz olunan bina 83 yerlikdir. Burada müdavimlər üçün lazımi məişət şəraiti yaradılmış, camaşırxana, yeməkxana, əşya və ərzaq anbarları istifadəyə verilmişdir.
Binanın həyətindəki yürüş-təlim meydançası da yol hərəkəti qaydalarına uyğun olaraq işarələnmiş, işıqforlar qurulmuşdur. Təlim meydançasında müdavimlər əyani sürmə vərdişlərinə yiyələnəcəklər. Məktəbə verilən yeni nəqliyyat vasitəsi sürücülük kursu keçənlərin praktik vərdişlərinin artırılmasına şərait yaradacaqdır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün ali təhsillə yanaşı, peşə təhsilinin inkişafı istiqamətində də ardıcıl tədbirlər görülür. Şərur Texniki- Peşə və Sürücülük Məktəbi üçün müasir kompleksin istifadəyə verilməsi də bu sahəyə göstərilən diqqətin nəticəsidir. Yaradılan şərait pedaqoji heyətin qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədris olunan ixtisaslar üzrə peşəkar kadrların hazırlanması daim diqqət mərkəzində saxlanılmalı, tədris prosesi günün tələbləri səviyyəsində qurulmalıdır.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Binalarda müasir videonəzarət sistemi quraşdırılmış, məktəbin həyətində abadlıq işləri aparılmış, istirahət guşəsi, açıq idman qurğuları və mini-futbol meydançası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti