08 Yanvar 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 4 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu (bundan sonra – Fond) Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərinin artırılmasına xidmət edən, qloballaşma şəraitində cərəyan edən prosesləri təhlil etmək bacarığı aşılayan, azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini və milli-mənəvi, dini dəyərləri təbliğ edən, dövlət siyasətinin mahiyyətini ictimaiyyətə çatdıran qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.
1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.3. Fond bu Nizamnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, kütləvi informasiya vasitələri, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla qarşılıqlı fəaliyyət göstərir.

1.4. Fondun blankı vardır.
1.5. Fond Naxçıvan şəhərində yerləşir.
1.6. Fond fəaliyyətini illik plan əsasında həyata keçirir. Fondun illik fəaliyyət planı Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunur.
1.7. Fondun illik fəaliyyətinin nəticələri Himayəçilik Şurasının iclasında müzakirə olunur.

2. Fondun əsas məqsədi və vəzifələri

2.1. Naxçıvan Muxtar Respublikasının əhalisini maarifləndirmək, dövlət siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi proseslərin mahiyyətini ictimaiyyətə çatdırmaq Fondun əsas məqsədidir.
2.2. Fondun əsas vəzifələri aşağıdakılardır:
2.2.1. Naxçıvan Muxtar Respublikası əhalisinin elmi-texniki, siyasi-ictimai, sosial-iqtisadi, ekoloji və humanitar biliklərini artırmaq məqsədi ilə təşkilati və təbliğat xarakterli tədbirlər həyata keçirmək;
2.2.2. Naxçıvan Muxtar Respublikası əhalisinə qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırmaq;
2.2.3. azərbaycançılıq məfkurəsinin, o cümlədən Naxçıvanşünaslığın mahiyyətini, milli-mənəvi və dini dəyərləri təbliğ etmək;
2.2.4. şəxsin fasiləsiz təhsilini, daim yeniləşən, müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə lazımi tədbirlər həyata keçirmək;
2.2.5. gənclərin biliklərinin, bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstərmək;
2.2.6. sağlam həyat tərzini, ətraf mühitin mühafizəsini təbliğ etmək;
2.2.7. Azərbaycan, o cümlədən Naxçıvan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil etmək;
2.2.8. Naxçıvan Muxtar Respublikasının dinamik inkişafı ilə əlaqədar təhlillər aparmaq, beynəlxalq, regional və ölkədaxili ictimai-siyasi və sosial-iqtisadi prosesləri öyrənmək və ictimaiyyətə çatdırmaq;
2.2.9. dövlət siyasətinin mahiyyəti ilə bağlı dövlət maraqlarına uyğun materiallar hazırlayıb dövri mətbuatda yaymaq, elmi konfranslar, seminarlar, dəyirmi masalar və disputlar təşkil etmək;
2.2.10. Fondun məqsədlərini gerçəkləşdirmək üçün materiallar çap etdirmək, kitablar, broşürlər, analitik materiallar hazırlamaq və onların yayılmasını təmin etmək;
2.2.11. bu Nizamnaməyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.

3. Fondun hüquqları

3.0. Fondun öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
3.0.1. vəzifələrini yerinə yetirmək məqsədi ilə müxtəlif qurumlar (bilik evləri, dərnəklər və sair) yaratmaq;
3.0.2. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumat­ları (sənədləri) almaq;
3.0.3. dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq etmək;
3.0.4. təhlillər, ümumiləşdirmələr və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq, rəy və təkliflər vermək;
3.0.5. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
3.0.6. xeyriyyə marafonları və mədəni-kütləvi tədbirlər keçirmək;
3.0.7. məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yaymaq, mətbu nəşrlər təsis etmək;
3.0.8. bu Nizamnaməyə uyğun olaraq digər hüquqları həyata keçirmək.

4. Fondun idarə edilməsi

4.1. Fondun fəaliyyətinin istiqamətləndirilməsini, onun fəaliyyətinə ümumi nəzarəti Fondun Himayəçilik Şurası (bundan sonra – Şura) həyata keçirir.
4.2. Şura doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.
4.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə görə Şuranın sədridir.
4.4. Şura sədrinin müavini və üzvlər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təyin olunur.
4.5. Şuranın sədri istisna olmaqla, Şuranın sədr müavininin və Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şura üzvü ola bilməz.
4.6. İkili vətəndaşlığı olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan, başqa dövlətlər qarşısında öhdəliyi olan, ağır cinayətlərə görə məhkum edilmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilmiş şəxslər Şuranın üzvü ola bilməzlər.
4.7. Şuranın üzvləri Şuranın işində ictimai əsaslarla fəaliyyət göstərir.
4.8. Şuranın iclasları Şura sədrinin təşəbbüsü ilə keçirilir. Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə keçirilə bilər. Şuranın iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Şuranın qərarları açıq səsvermə yolu ilə iclasda iştirak edən Şura üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Şura sədrinin səsi həlledici sayılır.
4.9. Şura:
4.9.1. Fondun cari fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir, onun fəaliyyəti­nin təkmilləşdirilməsinə yönəlmiş təkliflər hazırlayır;
4.9.2. Fondun fəaliyyətinin ümumi istiqamətlərini müəyyən edir;
4.9.3. Fondun fəaliyyətinin qanunvericiliyə uyğunluğuna nəzarəti həyata keçirir;
4.9.4. Fondun fəaliyyət istiqamətlərinə uyğun layihə və tədbirlərin həyata keçirilməsi üçün dəstəyin yönəldilməsi daha məqsədəuyğun hesab edilən sahələr barədə təkliflərini aidiyyəti üzrə təqdim edir;
4.9.5. məqsədlərinə uyğun digər vəzifələri həyata keçirir.
4.10. Şura üzvləri aşağıdakı hüquqlara malikdirlər:
4.10.1. Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək;
4.10.2. Şuranın iclasının gündəliyi və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olmaq;
4.10.3. Şurada qəbul ediləcək qərarlara dair fikir söyləmək;
4.10.4. Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər vermək;
4.10.5. Şuranın qərarları, iclaslarının protokolları və digər sənədləri ilə tanış olmaq.
4.11. Şura üzvləri:
4.11.1. Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı;
4.11.2. Şuranın iclaslarını üzrsüz səbəbdən buraxmamalı;
4.11.3. Şura üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməli;
4.11.4. Şurada baxılan məsələlər haqqında qərar qəbul edilənədək məsələnin mahiyyətinə dair ictimaiyyət qarşısında fikir söyləməməlidirlər.
4.12. Şuranın sədri:
4.12.1.Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslarına sədrlik edir;
4.12.2. Fondun fəaliyyətinə rəhbərlik edir və Fondu təmsil edir;
4.12.3. bu Nizamnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.
4.13. Şura sədrinin müavini:
4.13.1. Şuranın işini təşkil edir;
4.13.2. Fondun illik fəaliyyət planını hazırlayır;
4.13.3. Fondun kargüzarlıq işlərini təşkil edir;
4.13.4. öz səlahiyyətləri daxilində Şuranın qəbul etdiyi qərarların icrası ilə əlaqədar müvafiq tədbirlər görür;
4.13.5. Şuranın iclaslarında qəbul olunmuş qərarlar haqqında ictimaiyyəti məlumat­landırır;
4.13.6. Fondun illik fəaliyyətini əks etdirən materialların mətbuatda dərc edilməsini təmin edir.
4.14. Şura üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilə bilər:
4.14.1. öz arzusu ilə Şura üzvlüyündən çıxmaq barədə yazılı ərizə verdikdə;
4.14.2. Şura üzvünün bu Nizamnamədə nəzərdə tutulmuş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə;
4.14.3. səhhətinə görə vəzifələrini altı aydan artıq müddətdə yerinə yetirə bilmədikdə;
4.14.4. ardıcıl olaraq 3 dəfə üzrsüz səbəbdən Şuranın iclaslarında iştirak etmədikdə;
4.14.5. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyən edildikdə;
4.14.6. barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verildikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmə qərarı olduqda;
4.14.7. Şura üzvünün adına ləkə gətirən hərəkətlərə yol verdikdə.
4.15. Səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş Şura üzvünün yerinə yeni üzv onun səlahiyyət müddətinin qalmış hissəsinə bu Nizamnamədə nəzərdə tutulmuş qaydada təyin edilir.

5. Fondun yenidən təşkili və ləğvi

Fondun yenidən təşkili və ləğvi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən həyata keçirilir.

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR