Sentyabrın 15-də – Bilik Günündə Bakının Xəzər rayonunun Şağan qəsəbəsindəki Füzuli Gözəlov adına 124 nömrəli tam orta məktəb üçün yeni inşa edilən binanın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.
Prezident İlham Əliyevə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, qısa vaxtda müasir tikinti standartlarına uyğun inşa olunan məktəb indi 1560 şagird yerlikdir. Yeni tədris ilindən məktəb bir növbəli olacaq. 65 sinif otağının hamısı zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz olunub.
Sonra Prezident İlham Əliyev məktəbin kollektivi və Şağan qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.