Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək kəndinə gəlmiş, burada inşa olunan yeni ictimai-iaşə obyekti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, muxtar respublikamızda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı digər sahələrlə yanaşı, xidmət sektorunun inkişafına da hərtərəfli şərait yaratmışdır. Bu da insanların rahatlığının təmin olunması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili baxımından mühüm əhəmiyyət daşıyır. Sədərək kəndində yaradılan yeni ictimai-iaşə obyekti də rayon sakinlərinin tələbatı nəzərə alınaraq inşa olunmuşdur.
İstifadəyə verilən şadlıq sarayı 350 yerlikdir. Burada toy mərasimlərinin keçirilməsi üçün lazımi şərait yaradılmış, binanın interyeri müasir dizayn əsasında qurulmuşdur. Həmçinin ərazidə 7 kabinə və kiçik mərasimlərin keçirilməsi üçün ziyafət zalı istifadəyə verilmiş, 15 nəfər işlə təmin olunmuşdur.
Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti