Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı əlaqələr uğurla inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər ikitərəfli münasibətləri yeni inkişaf mərhələsinə yüksəltmişdir. Səhiyyə sahəsində də həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012 və 2013-cü illərdə tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilmişdir. Bu tədbirlərin davamı kimi, avqustun 23-də Acarıstan Muxtar Respublikasından gələn 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçmişlər.
Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov acarıstanlı uşaqlarla görüşmüş, onların səhhəti ilə maraqlanmışdır.
Ali Məclisin Sədri ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam və vətənpərvər ruhda böyüdülməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, istifadəyə verilən səhiyyə müəssisələri, yaradılan müasir müalicə-istirahət mərkəzləri və mövcud idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir. Naxçıvan Muxtar Respublikasının Acarıstan Muxtar Respublikası ilə ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayan Ali Məclisin Sədri hər iki muxtar qurum arasında münasibətlərin, xüsusilə səhiyyə sahəsində əlaqələrin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Sonra Ali Məclisin Sədri acarıstanlı uşaqlara hədiyyələr təqdim etmiş, onlarla xatirə şəkli çəkdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti