08 Yanvar 2025, Çərşənbə

Avqustun 14-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri şəxsi heyəti salam­lamışdır.
Fövqəladə hallar naziri Şamı Abdullayev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikada əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər nazirliyin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilmiş, zabit və gizirlərin xidmət və sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Hazırda Naxçıvan şəhərində 48 mənzilli yaşayış binasının tikintisi aparılır. Bu il nazirliyin müvafiq qurumları tərəfindən 5 təhlükə potensiallı obyekt, 57 avadanlıq və qurğu sertifikatlaşdırılmış, 56 tikinti obyektində mühəndis-geoloji axtarış işləri aparılmışdır. Şamı Abdullayev yaradılan şəraitə və göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ölkəmizdə uğurla davam etdirilir. Bunun da nəticəsində bütün sahələrdə inkişaf və tərəqqiyə nail olunmuşdur. Hər il ölkəmizdə yeni müəssisələr və istehsal sahələri yaradılır, iş yerləri açılır, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, müasir evlər tikilir. Tikilənlərin, qurulanların qorunub saxlanılmasında isə təhlükəsizlik tədbirlərinə əməl edilməsi vacib şərtdir. Bu işlər ölkəmizdə Fövqəladə Hallar Nazirliyi və onun yerli struktur qurumları tərəfindən həyata keçirilir”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə, eləcə də muxtar respublikamızda nazirliyin fəaliyyəti tam təmin olunmuş, struktur qurumları üçün müasir iş və xidmət şəraiti yaradılmışdır. Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin yeni xidməti binasının istifadəyə verilməsi də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamıdır. Hazırda Sədərək rayonunda 5 minə yaxın təsərrüfat və sahibkarlıq subyekti mövcuddur. Şöbədə yaradılan şərait və texniki təminat yanğın təhlükəsizliyi tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcəkdir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – fikrini xatır­ladan Ali Məclisin Sədri demişdir: “Yaradılan şərait kollektiv qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələr hadisələr baş vermədən onun qarşısını almaqdan, təsərrüfatları və sahibkarlıq subyektlərini daim nəzarətdə saxlamaqdan, mövsümə uyğun olaraq müvafiq tədbirlərin həyata keçirilməsindən ibarətdir. Ərazinin sərhəd bölgəsi olmağı nəzərə alınaraq əhalinin, dövlət müəssisələrinin və hərbi hissələrin fərdi mühafizə vasitələri ilə təminatı tam həyata keçirilmişdir. Müasir iş şəraiti qarşıya qoyulan vəzifələri vaxtında icra etməyə imkan verəcəkdir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, kollektivə xidmətlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, şöbənin inzibati binası zirzəmidən və iki mərtəbədən ibarətdir. Zirzəmidə fərdi mühafizə vasitələri yerləşdirilmiş, ərazidə 75 kubmetr həcmində yeraltı ehtiyat su hovuzu, hündürlüyü 17 metr olan təlim qülləsi və 2 anbar tikilmişdir. Binanın birinci mərtəbəsində növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətini təmin edən otaqlar və qaraj, eləcə də sinif otağı, yataqxana, yeməkxana, istirahət otağı, camaşırxana və qazanxana, ikinci mərtəbədə isə iş otaqları və müşavirə zalı vardır. Müşavirə zalı proyektor və kompüterlə təchiz olunmuş, sinif otağında şəxsi heyətin təlimatlandırılması üçün lazımi şərait yaradılmış, məlumat stendləri və kitabçalar qoyulmuşdur.
Rayonun yanğından mühafizə planı ilə tanışlıq zamanı Ali Məclisin Sədrinə məlumat verildi ki, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yaradılmış müasir şərait rayondakı təsərrüfat subyektlərində, fərdi təsərrüfatlarda, taxıl və yaşıllıq sahələrində yanğın təhlükəsinin qarşısının alınmasını təmin edəcəkdir. Şöbənin tabeliyində 3 yanğınsöndürən və 1 əməliyyat avtomobili, eləcə də 2 su pompası vardır. Şəxsi heyətin fərdi mühafizəsi də nəzərə alınmış, şöbəyə 80 dəst xüsusi yanğından mühafizə geyimi verilmişdir. Dispetçer otağında quraşdırılan radiorabitə sistemi fövqəladə hadisələr zamanı 25 kilometr məsafədə şəxsi heyətin hərəkət qrafikinin müəyyənləşdirilməsi və idarə olunmasına imkan verəcəkdir. Şöbənin əhatə etdiyi 1 qəsəbə və 3 kənddə yaşayan 15 mindən artıq əhalinin və onların əmlakının yanğından mühafizəsi məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir.
Sonra Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə yeni “MAN” markalı yanğınsöndürən avtomobil verilmişdir.
Qeyd olunmuşdur ki, Almaniya istehsalı olan “MAN” markalı avtomobil yanğınsöndürmə və xilasetmə işlərini həyata keçirir. 9 nəfər heyətlə hərəkət edən avtomobil 2,3 ton su və 300 kiloqram köpükyaradan maye tutur. Yüksək texniki göstəricilərə malik olan avtomobil siyirtməli nərdivan və yanğından mühafizə vasitələri ilə təmin olunmuşdur.
Binanın həyətində də abadlıq işləri aparılmış, idman meydançası yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR