Fevralın 13-də Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verən Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Səyavuş Kərimi bildirdi ki, binada tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycanda mədəniyyətin inkişafı ilə bağlı həyata keçirdikləri işləri əks etdirən muzey yaradılmışdır. Muzeydə həm ulu öndərin, həm də dövlətimizin başçısının müxtəlif mədəniyyət tədbirlərində iştirakından və incəsənət xadimləri ilə görüşlərindən çəkilmiş fotoşəkillərə geniş yer verilmişdir.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Konservatoriyanın müəllim heyəti, görkəmli mədəniyyət xadimləri ilə görüşdülər.
Dövlətimizin başçısı Azərbaycan Milli Konservatoriyasının yeni binasının açılışı münasibətilə təbriklərini çatdırdı.
Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya milli mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq etdilər.
Tədbirin sonunda Prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olundu. Mərasimdə muğam səsləndi.
Sonra xatirə şəkli çəkdirildi.
Sonda Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olundu, gələcəkdə burada görüləcək işlər barədə məlumat verildi.
AzərTAc