Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən tədbirlər “Muxtariyyət ili” olan 2014-cü ildə də davam etdirilir, muxtar respublika 90 yaşını yeni quruculuq töhfələri ilə qeyd edir. Şəhər, rayon və kəndlərdə tikilənlər, qurulanlar yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Artıq muxtar respublikanın ən ucqar dağ kəndində belə, əhali rahat yaşayış şəraiti ilə təmin olunmuş, insanlara göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu istiqamətdə aparılan quruculuq tədbirləri nəticəsində Şahbuz rayonunun Sələsüz və Mərəlik kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Sələsüz kənd tam orta məktəbinin binası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir
Fevralın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sələsüz kəndinə gəlmiş, məktəb binasında yaradılan şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 234 şagird yerlik məktəb binası 2 mərtəbədən ibarətdir. Yenidənqurma işləri çərçivəsində məktəbin fasadı və interyeri yenilənmiş, tədrisin müasir metodlarla aparılması üçün lazımi infrastruktur yaradılmışdır. Binada 3 elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya laboratoriyası, hərbi kabinə, kompüter otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Ali Məclisin Sədri məktəbdə kitabxana işinin təşkili ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, məktəbin kitabxana fondunda 2664 latın qrafikalı dərslik və 1564 bədii ədəbiyyat olmaqla, 4228 kitab vardır. Məktəbdə şagirdlərin dərsdənkənar asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilir.
Məktəbin kompüter otağında quraşdırılan və tədris proqramları ilə təmin olunan kompüterlərin hamısı internetə qoşulmuşdur. Elektron lövhəli siniflərdə isə dərslərin interaktiv tədrisi təmin edilmişdir.
Elektron lövhəli sinifdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbi ilə canlı videobağlantı qurulmuşdur.
Ali Məclisin Sədri videobağlantı vasitəsilə dərs prosesini izləmiş, bundan sonra da informasiya texnologiyalarının imkanlarından səmərəli istifadə olunması barədə tapşırıqlar vermişdir.
Müxtəliftəyinatlı fənn kabinələrində də tədrisin əyani vasitələrlə aparılması üçün lazımi şərait yaradılmış, kimya-biologiya laboratoriyasında müxtəlif təcrübə cihazları quraşdırılmış, hərbi kabinədə məlumat stendləri asılmışdır.
İdman və bədən tərbiyəsi sağlam gənc nəslin yetişdirilməsində vacib məsələdir. Bu baxımdan məktəb binalarında idman zallarının yaradılmasına xüsusi diqqət yetirilir. Sələsüz kənd tam orta məktəbində də idman zalı yaradılmış, həyətdə açıq idman qurğuları quraşdırılmışdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, kənd məktəbində yaradılan şərait təhsil uğurlarının artırılmasına imkan verəcəkdir. Ona görə də pedaqoji kollektiv yaradılan təhsil infrastrukturundan səmərəli istifadə etməli, şagirdlər təhsil almaqla yanaşı, həm də əsl vətəndaş kimi yetişməlidirlər. Qeyd olunmuşdur ki, Sələsüz kənd tam orta məktəbi ötən tədris ilində uğurlu nəticələr qazanmış, məzunlardan 5-i ali məktəblərə qəbul olunmuşdur. Bu da məktəbdə tədrisin və müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsidir.
Ali Məclisin Sədri gələcəkdə nailiyyətlərin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.
Müəllimlər yaradılan şəraitə görə minnətdarlıq etmişlər.
Məktəb binasının həyəti də abadlaşdırılmış, işıqlandırma sistemləri qurulmuş, gülkarlıqlar salınmışdır.
Sələsüzdə yeni kənd mərkəzi tikilmişdir
Fevralın 10-da Sələsüz Kənd Mərkəzinin açılışı olmuşdur.
Tədbirdə Sələsüz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vilayət Ələkbərov çıxış edərək demişdir ki, muxtar respublikada aparılan quruculuq işləri nəticəsində Sələsüz kəndi də abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə əhali, əsasən, heyvandarlıq və əkinçiliklə məşğul olur. İstehsal olunan məhsullar tələbatı ödəməklə yanaşı, kənd təsərrüfatı məhsullarının satış yarmarkasında da əlverişli qiymətə satılır. Bu da sakinlərin rifahının yüksəlməsinə, kənddə məskunlaşmanın artmasına səbəb olur. İnzibati ərazi dairəsi üzrə nümayəndə yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sələsüz kənd inzibati ərazi dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində yeni sosial obyektlərin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri və tədbir iştirakçılarını təbrik edərək demişdir: “Aparılan quruculuq işləri Sələsüz və Mərəlik kəndlərini müasirliyə qovuşdurmuş, dövlət qurumlarında və xidmət sahələrində çalışan işçilər üçün lazımi iş şəraiti yaradılmışdır. Eyni zamanda hər iki kənddə sakinlərin problemlərinin vaxtlı-vaxtında həll olunması təmin edilmişdir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetirilir. Belə ki, kəndlər abadlaşdırılır, əhalinin sosial problemləri həll olunur, güzəştli şərtlərlə kreditlər verilir, heyvandarlıq, meyvəçilik və əkinçilik inkişaf etdirilir, istehsal olunan məhsullar dövlət tərəfindən qəbul edilir və bazarda satılması üçün şərait yaradılır. Bu da ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı, qeyri-neft sektorunun inkişafına da təkan verir, iqtisadiyyatın hərtərəfli inkişafına şərait yaradır”.
“Hər bir yaşayış məntəqəsinin inkişafı ümumilikdə ölkənin inkişafı deməkdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, yaşayış məntəqələrinin kompleks abadlaşması ölkəmizdə qarşıda duran əsas vəzifələrdəndir. Sələsüz kəndində aparılan quruculuq işləri də bu sahədə görülən işlərin daha bir nümunəsidir. Kənddə dövlət qurumlarının fəaliyyəti üçün lazımi şərait yaradılmış, əhaliyə nümunəvi tibbi xidmətin göstərilməsi üçün həkim ambulatoriyası tikilmiş, məktəb binası müasir tələblər səviyyəsində qurulmuş, xidmət mərkəzi vasitəsilə əhalinin gündəlik ehtiyaclarının ödənilməsi təmin olunmuş, yeni iş yerləri açılmışdır. Kənd qazlaşdırılmış, rabitə və poçt xidmətinin keyfiyyəti artırılmış, fasiləsiz elektrik enerjisinin verilişi təmin olunmuşdur. Bu gün kənd əhalisinin 244-ü dövlət büdcəsindən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır. Bir sözlə, Sələsüz müasir Azərbaycan kəndinin tələbləri səviyyəsində qurulmuşdur.
Ali Məclisin Sədri “Muxtariyyət ili”ndə Sələsüz kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə əminliyini bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, 2 mərtəbəli kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və kənd mədəniyyət evinin işçiləri üçün iş otaqları ayrılmışdır. Binadakı 83 yerlik iclas zalında ictimai-mədəni tədbirlərin keçirilməsi üçün şərait vardır.
Kənd kitabxanasına 4938 kitab verilmişdir. Baxış zamanı kitabxana-oxucu münasibətlərinin düzgün qurulması və kitabxanada müxtəlif tədbirlərin, oxucu günlərinin keçirilməsinin vacibliyi vurğulanmışdır.
Ali Məclisin Sədri baytarlıq məntəqəsinə baxmış, kənddə baytarlıq xidmətinin təşkili ilə maraqlanmışdır. Bildirilmişdir ki, məntəqə Sələsüz və Mərəlik kəndlərini əhatə edir. Soyuducu, dezinfeksiya avadanlıqları və lazımi dərmanlarla təminat göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir. Məntəqənin əməkdaşları mütəmadi olaraq dezinfeksiya işləri aparır, fərdi təsərrüfatlarda cins mal-qaranın baş sayının artırılmasına diqqət yetirirlər.
Rabitə evində 384 nömrəlik yeni nəsil ATS quraşdırılmış, Sələsüz, Mərəlik və Türkeş kəndlərində abonentlərə göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Mərkəzdə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və bələdiyyənin fəaliyyəti də təmin edilmiş, polis sahə məntəqəsi üçün iş otağı ayrılmışdır.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Həkim ambulatoriyası yeni binada fəaliyyət göstərəcəkdir
Muxtar respublikada səhiyyə infrastrukturunun müasirləşdirilməsi tibb müəssisələri şəbəkəsinin və strukturunun yenilənməsi ilə xarakterizə olunur. Bu baxımdan əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında kəndlərdə istifadəyə verilən həkim ambulatoriyalarının müstəsna əhəmiyyəti vardır.
Fevralın 10-da Sələsüz kənd həkim ambulatoriyasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ambulatoriyada tibb işçiləri üçün 9 otaq ayrılmışdır. Binada stomatoloq üçün kabinə, baş həkim, aptek, palata, doğuş, peyvənd, qeydiyyat, mama və manipulyasiya otaqları vardır. Otaqlarda tibbi avadanlıqlar quraşdırılmış və lazımi şərait yaradılmışdır. Haliyədə ambulatoriyada 9 tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir.
Həkim Tamleyxa Cəbiyev muxtar respublikada aparılan quruculuq tədbirlərindən səhiyyə sisteminə də pay düşdüyünü bildirmiş, yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Muxtar respublikanın kəndlərində səhiyyə ocaqlarının tikilməsi və əhalinin lazımi tibbi xidmətlərlə təmin olunması diqqət mərkəzində saxlanılır. Bu gün Sələsüz kənd həkim ambulatoriyasında yaradılan şərait də burada ilkin tibbi xidmətin hərtərəfli təşkilinə imkan verəcəkdir. İnsan sağlamlığının qorunmasında səhiyyə maarifi xüsusi yer tutur. Ona görə də kollektiv daim əhali arasında maarifləndirmə işi aparmalı, gigiyenik qaydalara əməl edilməli, hamilə qadınlara patronaj xidmətinin göstərilməsi və uşaqların vaxtlı-vaxtında peyvənd olunması diqqət mərkəzində saxlanılmalıdır”.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulamışdır.
Sələsüz kənd xidmət mərkəzinin açılışı olmuşdur
Həmin gün Sələsüz kəndində xidmət mərkəzi də istifadəyə verilmişdir.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat mallarının satıldığı mağaza fəaliyyət göstərir. Yaradılan şərait gündəlik ərzaq və sənaye mallarına olan tələbatın kəndin özündə ödənməsinə imkan verəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Ali Məclisin Sədri yerli məhsulların satışına üstünlük verilməsi və göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir.
Mərəlik kəndində xidmət mərkəzi istifadəyə verilmişdir
Fevralın 10-da Mərəlik kəndində də yeni xidmət mərkəzinin açılışı olmuşdur.
Bildirilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazası vardır. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Sakinlər qeyd etmişlər ki, Sələsüz və Mərəlik kəndlərinin müasir görkəm alması insanların rahatlığının təmin olunması sahəsində görülən işlərin nəticəsidir. Çünki ölkəmizdə həyata keçirilən Heydər Əliyev siyasi xəttinin əsasında da məhz insan amili dayanır. Bu gün şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də müasir binalar, abad yollar istifadəyə verilir, insanların rifah halı yaxşılaşdırılır. Görülən bu işlər sakinlərin torpağa bağlılığını, onların qurub-yaratmaq əzmini daha da artırır.
Ali Məclisin Sədri qeyd etmişdir ki, Sələsüz və Mərəlik kəndlərində yaradılan şərait Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu gün muxtar respublikada yaşayış məntəqələrinin inkişafına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində artıq kəndlə şəhər arasındakı fərq aradan qaldırılmışdır. Səfalı havası, gözəl təbiəti və məhsuldar torpaqları olan Sələsüz və Mərəlik kəndlərinin sakinləri qurulanları qorumalı, əkin sahələrini genişləndirməli, muxtar respublikanın inkişafına öz töhfələrini verməlidirlər.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti