Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir”.
Ölkəmizdə əhalinin rifahının yaxşılaşdırılmasına, yeni infrastruktur sahələrinin yaradılmasına və sosial sahənin inkişafına hesablanmış islahatlar Azərbaycan dövlətinin iqtisadi gücünün göstəricisidir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası isə inkişafı şərtləndirən əsas amillərdəndir. Bu tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada həyata keçirilən quruculuq işləri Babək rayonunu da əhatə etmiş, kənd yaşayış məntəqələrində yeni sosial obyektlər tikilərək istifadəyə verilmiş, inkişaf davamlı xarakter almışdır.
Cəhri kənd 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir
Fevralın 19-da Cəhri kənd 1 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev tədbirdə çıxış edərək demişdir ki, muxtar respublikamızın sürətli sosial-iqtisadi inkişafı, aparılan quruculuq işləri Babək rayonunu da əhatə etmişdir. Son illər rayonda yeni məktəb binaları, səhiyyə müəssisələri və inzibati binalar inşa edilmiş, yeni yollar çəkilmiş, bütün sahələrdə irəliləyiş əldə edilmişdir. Rayonda görülən bu işlərdən Cəhri kəndinə də pay düşmüşdür. Artıq müasir kənd yaşayış məntəqəsinə çevrilən Cəhridə insanların problemləri vaxtlı-vaxtında həll olunur, əkinçiliyin və maldarlığın inkişafı üçün sakinlərə güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir. Bu da onların torpağa bağlılığını, qurub-yaratmaq əzmini daha da artırır. Elçin Hüseynəliyev yaradılan şəraitə və göstərilən qayğıya görə rayon sakinləri adından minnətdarlığını bildirmişdir.
Məktəbin müəllimi Təranə Seyidova çıxış edərək demişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi müəllim və şagird kollektivinə ən böyük hədiyyədir.
Məktəbdə təhsilin səmərəliliyini artırmaq üçün yeni imkanlar yaradılmışdır. Müəllimlər bundan sonra da göstərilən dövlət qayğısına əməli işləri ilə cavab verəcək, yaradılan yüksək təhsil şəraitindən düzgün istifadə edərək vətənpərvər və bilikli gənclər yetişdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Cəhri kənd 1 nömrəli tam orta məktəbin istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik edərək demişdir: “Ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər dünya təhsil sisteminə inteqrasiyanı təmin etmişdir. Artıq Azərbaycan gəncləri dünyanın inkişaf etmiş ölkələrində ali təhsil alır, müxtəlif peşə sahələrində fəaliyyət göstərirlər. Bütün bunlar ölkəmizdə təhsil sisteminin düzgün qurulmasının, orta təhsil bazasında gənclərin hərtərəfli hazırlanmasının nəticəsində mümkün olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Ölkəmizdə təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikada da davam etdirilir. Yeni məktəb binaları tikilir, təhsil ocaqları lazımi tədris avadanlıqları və informasiya texnologiyaları ilə təmin edilir, dərslər müasir təhsil metodları əsasında tədris olunur. Cəhri kənd 1 nömrəli tam orta məktəbinə də bu qayğıdan pay düşmüşdür. 828 şagird yerlik məktəbdə elektron lövhəli siniflər, 3 kompüter otağı, kitabxana, idman zalı, hərbi kabinə, laboratoriyalar yaradılmış, gələcək perspektiv nəzərə alınaraq birnövbəli fəaliyyət təmin edilmişdir. Yaradılan şərait dərslərin keyfiyyətlə tədrisinə və daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir”.
Ümummilli liderimiz Heydər Əliyevin “Gənc nəslin tərbiyəsinə və təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər və mövcud infrastruktur ulu öndərin bu tövsiyələrinin yerinə yetirilməsinə şərait yaratmışdır. Müəllimlər bilməlidirilər ki, onlar ölkəmizin gələcəyini hazırlayırlar. Ona görə də hər bir gənc təhsilli böyüdülməklə yanaşı, həm də əsl vətəndaş kimi yetişdirilməlidir. Cəhri kənd 1 nömrəli tam orta məktəbində bu iş düzgün qurulmuşdur. Ötən illərdəki nailiyyətlər bu sahədə irəliləyişlərin olduğunu təsdiq edir. 2012-2013-cü dərs ilində məktəbi bitirən məzunlardan 22-si ali məktəblərə, 2-si isə orta ixtisas məktəblərinə qəbul olunmuş, 7 şagird 500-700 intervalında yüksək bal toplamışdır.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş və onlara tədrisdə uğurlar arzulamışdır.
Sonra Ali Məclisin Sədri Babək rayonunun ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Bildirilmişdir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda kitabxana işinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən məktəb kitabxanasına da pay düşmüşdur. Kitabxananın fondunda 10 min 866-sı latın qrafikalı dərslik və 7044-ü bədii ədəbiyyat olmaqla, 17 min 910 kitab vardır.
Ali Məclisin Sədri birinci siniflərdə təhsil alan şagirdlərin dərs prosesi ilə maraqlanmışdır. Qeyd olunmuşdur ki, 2013-2014-cü tədris ilində məktəbin birinci sinfinə 60 şagird qəbul olunmuşdur. Məktəbdə 4 birinci sinif yaradılmışdır. Şagirdlər birinci sinfə qəbul olunmazdan əvvəl 1 il müddətində məktəbəhazırlıq kursu keçmişlər.
Kompüter və elektron lövhəli siniflərə baxış zamanı Ali Məclisin Sədrinə məktəbin informasiya texnologiyaları ilə təminatı barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, informasiya texnologiyalarının imkanlarından istifadə müasir təhsil sisteminin qarşısında duran başlıca vəzifələrdəndir. Cəhri kənd 1 nömrəli tam orta məktəbin kompüter otaqlarında 57 kompüter quraşdırılmış və internetə qoşulmuşdur. Məktəbdə 4 elektron lövhəli sinif vardır. İnternetə çıxışı olan və lazımi elektron dərsliklərlə təmin edilən interaktiv lövhələr elektron təhsil mübadiləsinin aparılmasına imkan verir.
Baxış zamanı Cəhri kənd 1 nömrəli tam orta məktəbi ilə Şahbuz rayonunun Kükü kənd tam orta məktəbi arasında elektron lövhə üzərindən videobağlantı qurulmuş və 11-ci sinif şagirdləri arasında “Azərbaycan tarixi” fənni tədris olunmuşdur.
Ali Məclisin Sədri hər iki məktəbin muxtar respublikanın qabaqcıl təhsil ocaqları olduğunu bildirərək demişdir ki, ümumtəhsil məktəblərinin informasiya texnologiyaları ilə təmin edilməsi distant təhsilin inkişafına hərtərəfli şərait yaradır. Məktəblər arasında qurulan bu cür elektron tədris mübadiləsi keçilən dərslərin keyfiyyətinin daha da yüksəldilməsinə səbəb olacaqdır. Ona görə də müəllimlər kompüter və elektron lövhələrdən istifadə imkanlarına dərindən yiyələnməli, tədris zamanı elektron dərsliklərdən geniş istifadə olunmalıdır.
Kimya, biologiya və fizika laboratoriyalarında da lazımi tədris şəraiti vardır. Hərbi kabinəyə baxış zamanı qeyd olunmuşdur ki, şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, məktəbin məzunları müxtəlif ali hərbi məktəblərdə öz təhsillərini davam etdirirlər.
İdman zalı şagirdlərin fiziki hazırlığının normal təşkilinə imkan verəcəkdir.
Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüş, təhsilin inkişafı və şagirdlərin hərtərəfli hazırlanması sahəsində tapşırıqlar verərək demişdir: “Cəhri kənd 1 nömrəli tam orta məktəbində müasir təhsilin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün hərtərəfli imkanlar vardır. Yaradılan şərait pedaqoji kollektiv qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir. Bu vəzifələr bilikli, savadlı və vətənpərvər gənclər yetişdirməkdən ibarətdir. Çünki əsl vətəndaş kimi yetişən hər bir gənc gələcəkdə müstəqil Azərbaycana xidmət edəcəkdir”.
Qeyd olunmuşdur ki, məktəbin müəllimlərinin əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, müəllimlərdən 1-i “Azərbaycan Respublikasının əməkdar müəllimi”, 1-i isə “Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.
Müəllimlər yaradılan müasir tədris şəraitini təhsilin inkişafı ilə yanaşı, onların əməyinə də verilən ən yüksək qiymət kimi dəyərləndirmiş, kollektiv adından minnətdarlıq etmişlər.
Məktəbin həyətində də abadlıq işləri aparılmış, 1200 metr qapalı drenaj xətti çəkilmişdir.
Cəhri kəndində yeni xidmət mərkəzi tikilmişdir
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işlərinin səciyyəvi cəhətlərindən biri də yeni xidmət mərkəzlərinin tikilməsidir.
Fervalın 19-da Cəhri kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzlə tanışlıqdan əvvəl sakinlərlə görüşərək demişdir: “Cəhri muxtar respublikanın böyük kənd yaşayış məntəqələrindən biridir. Ötən dövrdə kəndin inkişafına hərtərəfli diqqət göstərilmiş, kənddə içməli və suvarma su təminatı yaxşılaşdırılmış, mənzillər daimi elektrik enerjisi və təbii qazla təmin edilmiş, yeni sosial obyektlər tikilmişdir. Bu gün kənddə müasir tələblərə cavab verən 2 məktəb binası, musiqi məktəbi, xidmət mərkəzi və sahə xəstəxanası fəaliyyət göstərir. Həmçinin kənddə rabitə xidmətinin keyfiyyəti yüksəldilmiş, yeni nəsil texnologiyalara əsaslanan avtomat telefon stansiyaları qurulmuşdur. Yaradılanlar kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına, sakinlərin sosial problemlərinin həllinə və yeni iş yerlərinin açılmasına səbəb olmuşdur. Eyni zamanda görülən bu işlər ölkəmizin inkişafının bir kəndin timsalında göstəricisidir”.
Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunacağına əminliyini bildirmiş, sakinləri kənddə istifadəyə verilən yeni sosial obyektlər münasibətilə təbrik etmişdir.
Kənd sakinləri Elman Qasımov və Qadir Qədirzadə minnətdarlıq edərək demişlər ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt ölkəmizin inkişafının əsasını təşkil edir. Kəndlərin abadlaşması da bu inkişafın tərkib hissəsidir. Cəhri kəndində yaradılanlar təkcə kəndin inkişafı deyil, bu həm də ölkəmizin gələcəyinə xidmət edən tədbirlərdir. Ona görə də hər bir sakin tikilənləri qoruyacaq, onlardan səmərəli istifadə edərək muxtar respublikamızın inkişafına öz töhfələrini verəcəkdir.
Açılışı bildirən lent kəsildikdən sonra xidmət mərkəzinə baxış olmuşdur.
Məlumat verilmişdir ki, Cəhri kənd xidmət mərkəzində 2 bərbərxana, 2 qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları olmaqla, 3 mağaza fəaliyyət göstərəcəkdir. Mərkəzdə 9 nəfər işlə təmin olunmuşdur.
Cəhri Kənd Sahə Xəstəxanası yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir
Muxtar respublikanın kənd yaşayış məntəqələrində fəaliyyət göstərən sahə xəstəxanalarında yaradılan müasir infrastruktur sakinlərin hərtərəfli tibbi xidmətlə təminatına hesablanmışdır.
Fevralın 19-da Cəhri Kənd Sahə Xəstəxanasının binası yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Həkim Vəliqulu Həsənov muxtar respublikada səhiyyə quruculuğu sahəsində aparılan işlərin Cəhri Kənd Sahə Xəstəxanasını da əhatə etdiyini bildirmiş, yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Cəhri Kənd Sahə Xəstəxanasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik edərək demişdir: “1892-ci ildə əsası qoyulan və 1904-cü ildə 6 çarpayılıq sahə xəstəxanasına çevrilən Cəhri Kənd Sahə Xəstəxanası bu gün tam müasir tələblər səviyyəsində qurulmuş, lazımi tibbi avadanlıqlarla təmin edilmişdir. 20 çarpayılıq xəstəxanada 2 şöbə və 1 bölmə fəaliyyət göstərəcək. Uzun illər səmərəli fəaliyyət göstərən xəstəxana qabaqcıl səhiyyə ocaqlarındandır”.
Ali Məclisin Sədri demişdir: “Cəhri Kənd Sahə Xəstəxanasında yaradılan tibbi şərait kollektiv qarşısında mühüm vəzifələr qoymuşdur. Həkimlər xəstəxanada quraşdırılan avadanlıqlardan səmərəli istifadə etməli, xəstələrə düzgün diaqnoz qoyulmalı, onların müalicəsi daim nəzarətdə saxlanılmalıdır. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi mütəmadi olaraq sahə xəstəxanalarının və həkim ambulatoriyalarının işinə köməklik göstərməli, həkim briqadalarının iştirakı ilə kəndlərdə səhiyyə xidməti göstərilməli, ərazidə ilkin tibbi xidmətin təşkili, eləcə də hamilə qadınların və uşaqların müalicəsi diqqət mərkəzində saxlanılmalıdır. Bu tədbirlərin həyata keçirilməsi sakinlərin yaşadıqları ərazidə lazımi tibbi xidmətlə təmin olunmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, xəstəxanada stasionar və poliklinika şöbələri, eləcə də doğuş və ginekologiya bölməsi fəaliyyət göstərir. İkimərtəbəli binada palatalar, inzibati hissə, qəbul-qeydiyyat üçün otaqlar, stomatologiya, ultrasəslə müayinə, rentgen, peyvənd kabinələri, laboratoriya, fizioterapiya, bufet, yeməkxana, arxiv, təsərrüfat otaqları və anbar vardır.
Xəstəxana ultrasəslə müayinə, mobil və stomatoloji rentgen aparatları, stomatoloji qurğu, doğuş və cərrahi alət dəstləri, EKQ, hematoloji avtoanalizator və fizioterapiya aparatları ilə təmin edilmişdir.
Bina ilə tanışlıq zamanı Ali Məclisin Sədri tibbi xidmətin səmərəliliyinin artırılması üçün səhiyyə maarifi işinin təşkilinin prioritet istiqamət kimi götürülməsi, gigiyenik qaydalara əməl edilməsi, həkim və tibb işçilərinin təkmilləşdirmə kurslarına göndərilməsi barədə tapşırıqlar vermişdir.
* * *
Cəhri kəndində aparılan tikinti işləri zamanı kənddaxili 2,8 kilometr yola asfalt örtük salınmışdır. Həmçinin kənddə rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud telefon stansiyası 1024 nömrəlik yeni nəsil avtomat telefon stansiyası ilə əvəz edilmiş, Cəhri və Gülşənabad kəndlərini əhatə edən 256 nömrəlik yeni nəsil avtomat telefon stansiyası quraşdırılmış, 400 metr rabitə xətti çəkilmişdir. Aparılan abadlıq işləri elektrik, qaz və su təsərrüfatını da əhatə etmiş, 850 metr yeni elektrik verilişi xətti çəkilmiş, 550 metr qaz xəttinin yeri dəyişdirilmiş, 2020 metr uzunluğundakı içməli su xəttində isə təmir-bərpa işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti