Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin inzibati binasında və texniki sahələrində yenidənqurma işləri aparılmışdır.
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə gəlmiş, aparılan yenidənqurma işləri ilə maraqlanmışdır.
Bildirilmişdir ki, müəssisənin inzibati binası və yanacaqdoldurma məntəqələri ən müasir şəkildə qurulmuş, yeni yanğından mühafizə sistemi və avtomobil parkı yaradılmışdır. Yanacaqdoldurma məntəqələrində quraşdırılan avadanlıqlar avtomobillərin tez bir zamanda yüklənməsinə imkan verəcəkdir.
Ərazidə yanğın təhlükəsizlik tədbirləri Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Müəssisədə yanğınsöndürənlər üçün xidməti otaq yaradılmış, bütün ərazini əhatə edən videonəzarət və işıqlandırma sistemləri quraşdırılmışdır. Bu da təhlükəsizlik tədbirlərinin keyfiyyətlə yerinə yetirilməsinə və baş verə biləcək yanğın hadisələrinin tez bir zamanda qarşısının alınmasına imkan verəcəkdir.
Bu il Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinə yanacaq-sürtgü materiallarının daşınması üçün 10 ədəd “MAN” markalı avtomobil alınmışdır. Diqqətə çatdırılmışdır ki, Almaniya istehsalı olan və uzaqmənzilli yüklərin daşınması üçün nəzərdə tutulan bu avtomobillər 32,5 ton yanacaq tutumuna malikdirlər.
Ali Məclisin Sədri muxtar respublikaya yanacaq məhsullarının daşınması zamanı yeni avtomobillərdən istifadə olunması, daxili və xarici daşınmalarda istismar qaydalarına və təhlükəsizlik tədbirlərinə ciddi diqqət yetirilməsi, sürücülərin Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təkmilləşdirmə kurslarına cəlb edilməsi barədə müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti