07 Yanvar 2025, Çərşənbə axşamı

35 il bundan əvvəl ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan Babək rayonu bu gün inkişafın yeni mərhələsinə qədəm qoymuşdur. Son illər yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi rayon mərkəzinin simasını tamamilə dəyişmişdir. Artıq abad yolları, təmiz və işıqlı küçələri, yaraşıqlı binaları ilə seçilən Babək qəsəbəsi müasir şəhər görkəmi almışdır.
Yanvarın 23-də Babək qəsəbəsində avtomobil yolu, Babək Rayon Mərkəzi Xəstəxanasının və Tarix-Diyarşünaslıq Muzeyinin binaları istifadəyə verilmişdir.

Babək qəsəbəsində avtomobil yolları yenidən qurulmuşdur

Muxtar respublikada magistral yollarla yanaşı, şəhər və rayon mərkəzlərinin avtomobil yolları da yenidən qurulur. Ötən ildən başlayaraq Babək qəsəbəsinin Heydər Əliyev prospektində və qəsəbədaxili avtomobil yollarında əsaslı yenidənqurma işləri aparılmışdır.
Yanvarın 23-də avtomobil yolunun açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində çıxış edərək demişdir: “Hər bir yaşayış məntəqəsinin abadlığı onun yolundan başlayır. Çünki abad yol insanların rahatlığının, ümumilikdə isə ölkənin inkişafının göstəricisidir. Bu gün muxtar respublikamızda aparılan quruculuq işləri çərçivəsində yolların abadlaşması, yenidən qurulması diqqət mərkəzində saxlanılır. Babək qəsəbəsində də avtomobil yolları yenidən qurulmuş, 6,4 kilometr məsafədə yol genişləndirilərək asfalt örtük salınmışdır”.

Ali Məclisin Sədri yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Babək qəsəbəsinin Heydər Əliyev prospektində 2850 metr və qəsəbədaxili 3550 metr yol yatağı genişləndirilmiş, asfalt örtük salınmışdır. Yenidənqurma işləri zamanı 1 suötürücü qurğu və 3 su keçidi tikilmiş, 102 müasir işıqlandırma sistemi quraşdırılmışdır. Yaradılan şərait avtomobillərin və piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin olunmasına imkan verəcəkdir.

Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuşdur

Yanvarın 23-də Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək demişdir ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması göstərilən tibbi xidməti keyfiyyətcə daha da yaxşılaşdırmış, ixtisaslı kadrların hazırlanması vətəndaşların sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. “Heydər Əliyev ili” olan 2013-cü ildə, ümumilikdə, muxtar respublikada 20 səhiyyə müəssisəsi tikilmiş, 2 tibb müəssisəsi isə yenidən qurulmuşdur. Bu gün Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi də rayonda səhiyyə xidmətinin səviyyəsini xeyli yüksəldəcəkdir. Niyazi Novruzov yaradılan şəraitə görə səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.
Tibb bacısı Gülnar Əliyeva demişdir ki, Babək Rayon Mərkəzi Xəstəxanasının binası rayon əhalisinə və tibb işçilərinə əvəzsiz töhfədir. Xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılıb, nümunəvi iş şəraiti yaradılıb. Bunun müqabilində tibb işçiləri göstərilən qayğıya öz əməli işi ilə cavab verəcək, əhalinin sağlamlığının keşiyində dayanacaqlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Mərkəzi Xəstəxanasının yeni binasının istifadəyə verilməsi münasibətilə sakinləri və kollektivi təbrik edərək demişdir: “Bu gün ölkəmizdə səhiyyənin inkişafına hərtərəfli qayğı göstərilir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda səhiyyə sahəsində həyata keçirilən tədbirlər nəticəsində təhlükəli yoluxucu və infeksion xəstəliklərin qarşısı alınmış, bu xəstəliklərin statistikasında azalma olmuş, ana və uşaq ölümləri minimuma endirilmişdir. Bütün bunlara yaradılan müasir infrastrukturla yanaşı, həm də tibb işçilərinin səyi nəticəsində nail olunmuşdur”. Ali Məclisin Sədri muxtar respublikada bu işlərin görülməsində əməyi olan səhiyyə işçilərinə təşəkkürünü bildirmişdir.
Qeyd olunmuşdur ki, Babək rayonunda 70 mindən çox əhaliyə 1 Mərkəzi Xəstəxana, 1 Gigi­yena və Epidemiologiya Mərkəzi, 2 kənd sahə xəstəxanası, 14 həkim ambulatoriyası və 16 feldşer-mama məntəqəsi tərəfindən tibbi xidmət göstərilir. Bu səhiyyə müəssisələrində 43 həkim, 227 orta və 207 kiçik tibb işçisi çalışır. Bu gün istifadəyə verilən Babək Rayon Mərkəzi Xəstəxanasında əhaliyə nümunəvi tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılmışdır. Xəstəxananın 4 şöbə və 1 bölməsində tibbi xidmətin bütün sahələri üzrə müayinə və müalicə işləri həyata keçiriləcəkdir. Həkimlər yaradılan bu şəraitdən səmərəli istifadə etməli, xəstələr hərtərəfli tibbi xidmətlə təmin olunmalıdırlar.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Səhiyyə xalqımızın sağlamlığı və gələcəyidir” fikrini xatırladaraq demişdir ki, bu gün ölkəmizdə aparılan səhiyyə islahatları “sağlam həyat, sağlam gələcək” prinsipi üzərində qurulmuşdur. “İnsan sağlamlığı bizim üçün əsas məsələdir”, – deyən ölkə Prezindeti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyə infrastrukturu tamamilə yenidən qurulmuş, bu sahənin inkişafı məqsədilə dövlət proqramları qəbul edilmişdir. Həmçinin ölkəmizdə ixtisaslı həkim və tibb işçilərinin hazırlanması, səhiyyə islahatlarının genişləndirilməsi əhalinin sağlamlığının etibarlı qorunmasına səbəb olmuşdur. Çünki Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvəsi olan dövlət-xalq birliyi vardır.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına və Babək Rayon Mərkəzi Xəstəxanasının muxtar respublikanın qabaqcıl səhiyyə ocaqlarından birinə çevriləcəyinə əminliyini bildirmiş, kollektivə işlərində uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
Bildirilmişdir ki, 4 mərtəbədən ibarət olan xəstəxanada poliklinika, ümumi stasionar, ginekologiya və doğuş, təcili və təxirəsalınmaz yardım şöbələri və hemodializ bölməsi fəaliyyət göstərir. Xəstəxananın şöbələrində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi, cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılmışdır.
Orijinal memarlıq üslubunda inşa olunan binanın birinci mərtəbəsində qəbul-qeydiyyat, stomatoloji kabinələr, aptek, ginekologiya və doğuş şöbəsi, hemodializ bölməsi, rentgen, təcili və təxirəsalınmaz yardım şöbəsi üçün otaqlar yerləşir. Hemodializ bölməsində yaradılan şərait imkan verəcəkdir ki, böyrək xəstəliklərindən əziyyət çəkənlər və hemodializ aparatından mütəmadi istifadə edənlər müalicə üçün rayondan kənara üz tutmasınlar. Bölmədə 2 ədəd hemodializ, osmos və qranumiks aparatları, eləcə də digər tibbi avadanlıqlar quraşdırılmışdır. Ginekologiya və doğuş şöbəsində yenidoğulmuşların intensiv müalicəsi üçün inkubator küvez və fizioloji sarılığı müalicə etmək üçün fototerapevtik işıqlandırıcı vardır.
Poliklinika və stasionar şöbələr binanın ikinci mərtəbəsində yerləşir. Poliklinika şöbəsi üçün ayrılan otaqlarda ultrasəslə müayinə, exokardioqrafiya, portativ və stasionar elektrokardioqrafiya aparatları, stasionar və portativ rentgen aparatları, oftalmoskop və LOR müayinə alət dəsti quraşdırılmışdır. Burada reanimasiya, cərrahiyyə və əməliyyat üçün palata və otaqlar ayrılmışdır. Reanimasiya bölməsində yerləşən palatalarda süni tənəffüs aparatlarının, deflrilyatorun, çarpayıyanı monitorların və ilk yardım ləvazimatlarının olması səhiyyə ocağında ağır xəstələrin müalicəsinə imkan verəcəkdir. Əməliyyat otağı narkoz aparatı, sorucu, kiçik və böyük cərrahi avadanlıqlar dəsti ilə təchiz edilmiş, antibakterial havalandırma sistemi quraşdırılmışdır.
Üçüncü mərtəbədə isə stasionar şöbənin terapiya və pediatriya bölmələri üçün palatalar, eləcə də inzibati hissə üçün otaqlar ayrılmışdır. İnzibati bölmədə proyektorla təmin edilmiş iclas zalı, kitabxana və kompüter otağı fəaliyyət göstərəcəkdir. Buradakı kompüterlərin hər biri muxtar respublikanın səhiyyə müəssisələri arasında yaradılan lokal şəbəkəyə qoşulmuşdur. Bu da xəstəxanada aparılan müayinə və müalicələrin nəticələrini avtomatik olaraq mərkəzə və digər səhiyyə müəssisələrinin elektron məlumat bazasına ötürülməsinə və elektron arxivdə saxlanılmasına imkan verəcəkdir.
Zirzəmidə laboratoriya, fizioterapiya, yoluxucu xəstəliklər üçün izolyator, morq, camaşırxana, yeməkxana və qazanxana istifadəyə verilmişdir. Tibb ocağının laboratoriyasında hemotoloji, biokimyəvi, immunofermenttipli avtoanalizatorlar, fizioterapiya kabinəsində isə ultrasəs terapiya, elektroterapiya, solyuks, maqnitoterapiya və digər cihazlar qoyulmuşdur.
Bina ilə tanışlıqdan sonra həkimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün muxtar respublikanın şəhər, rayon və kənd yaşayış məntəqələrində müasir avadanlıqlarla təmin olunan səhiyyə müəssisələrinin istifadəyə verilməsi əhalinin keyfiyyətli tibbi xidmətlə təminatına hesablanmışdır. Çünki səhiyyə islahatları ölkənin gələcəyinə xidmət edir. Yaradılan şərait səhiyyə işçiləri qarşısında mühüm vəzifələr qoyur. Hər bir həkim və tibb işçisi, ilk növbədə, öz bilik və təcrübəsini artırmalı, səhiyyə maarifi işi genişləndirilməli, xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik tədbirlər aparılmalı, uşaqlar arasında peyvənd və müayinə işi müntəzəm davam etdirilməli, gigiyenik qaydalara xüsusi diqqət yetirilməlidir.
Həkim Hüseyn Niftəliyev yaradılan şəraitə və göstərilən qayğıya görə tibb işçiləri adından minnətdarlığını bildirmişdir.
Binanın həyətində abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemi qurulmuş, dayanacaq yaradılmış, xəstəxanaya “Mersedes- Benz” markalı ilkin tibbi yardım avtomobili verilmişdir.

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası yenidən qurulmuşdur

Yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin binasında yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, qədim tariximizin və mədəni irsimizin öyrənilməsində, gələcək nəsillərə çatdırılmasında tarix-diyarşünaslıq muzeylərinin mühüm rolu vardır. Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildən fəaliyyət göstərir. Hazırda muzeyin fondunda ən qədim zamanlardan müasir dövrədək tarix, mədəniyyət, etnoqrafiya və arxeologiyaya aid 3884 eksponat qorunub saxlanılır.
Əsaslı şəkildə yenidən qurulan muzey binası ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Binada işçilərin fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. İşıqlı və geniş ekspozisiya zalında rayon sənətkarlarının əl işləri, daş, tunc, mis dövrlərini əks etdirən eksponatlar, qədim musiqi alətləri, milli geyimlər, bədii tikmələr, tətbiqi sənət nümunələri, zərgərlik, misgərlik, dulusçuluq məmulatları, bəzək əşyaları, toxuculuq alətləri, xalçalar, rəsm əsərləri, fotoşəkillər və sənədlər olmaqla, 300-dən çox eksponat nümayiş etdirilir. Burada tarixin müxtəlif dövrlərində əhali tərəfindən istifadə edilən pul nümunələri və məişət əşyalarının nümayiş etdirilməsi muzeyə gələnlərdə böyük maraq doğuracaqdır.
Ali Məclisin Sədri ümumtəhsil məktəbləri ilə əlaqələrin qurulması və şagirdlərin muzeyə cəlb edilməsi, tarix dərslərinin burada tədrisi, eləcə də fondun yeni eksponatlarla zənginləşdirilməsi barədə tapşırıqlar vermişdir.

*   *   *

Babək qəsəbəsində bir sıra abadlıq işləri də görülmüş, rayon mərkəzində 1941-1945-ci illər müharibəsi və Azərbaycan Vətən müharibəsi şəhidlərinin xatirəsinə abidə ucaldılmışdır. Bununla yanaşı, 2000 metr fiber-optik, 3110 metr yeraltı elektrik xətti və 200 metr qaz xətti çəkilmiş, 650 metr hasar tikilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR