05 Yanvar 2025, Bazar

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Bu gün iqtisadi güc və davamlı sosial siyasət müasir Azərbaycanın inkişaf modelini əks etdirir. Ölkə Prezidentinin müəyyənləşdirdiyi “Güclü dövlət, yüksək rifah” strategiyasına əsaslanan quruculuq işləri ölkəmizin bütün regionlarını əhatə etmiş, yeni binalar, körpülər tikilmiş, yollar çəkilmiş, sakinlərin sosial rifah halı yüksəldilmişdir. İqtisadi yüksəliş və qarşıya qoyulan vəzifələrin uğurlu icrası “Heydər Əliyev ili” olan 2013-cü ildə muxtar respublikanın tikinti-quruculuq xəritəsini daha da genişləndirmişdir.
Dekabrın 6-da Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.

Güney Qışlaq kəndinin avtomobil yolu yenidən qurulmuşdur

Muxtar respublikada həyata keçirilən tikinti-quruculuq işlərinin bir hissəsini də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi təşkil edir. Xüsusilə də kənd yollarının yenidən qurulması rahat və təhlükəsiz hərəkətin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müasir yol güclü iqtisadiyyatın və yüksək mədəniyyətin göstəricisidir.
“Heydər Əliyev ili”ndə növbəti avtomobil yolu Güney Qışlaq kəndində istifadəyə verilmişdir.
Dekabrın 6-da avtomobil yolunun açılışı olmuşdur.

Kənd sakini Fətullah Məmmədov çıxış edərək demişdir ki, hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Qızıl Qışlaq kəndində aparılan quruculuq işləri, çəkilən müasir yol da kəndin inkişafının daha bir göstəricisidir. Bu yol kənd sakinlərinin rahatlığına xidmət edəcək, onların mənzil başına tez və rahat çatmasına səbəb olacaqdır. Fətullah Məmmədov yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, Qızıl Qışlaq kəndindən Güney Qışlaq kəndinədək olan yolun uzunluğu 4,2 kilometrdir. Yola asfalt örtük salınmış, hərəkət qaydalarına uyğun olaraq işarələnmişdir. Yenidənqurma zamanı ilin bütün fəsillərində nəqliyyat vasitələrinin fasiləsiz, normal və təhlükəsiz hərəkətinin təmin edilməsi nəzərə alınmışdır. Yol lazımi qoruyucu-mühafizə qurğuları ilə təmin edilmiş, 2 körpü, 170 metr istinad divarı tikilmiş, 7 selötürücü, 19 suötürücü və 360 metr beton kanal çəkilmişdir. Görülən işlər yolun  nəqliyyat-istismar göstəricilərini xeyli yüksəltmişdir.

Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir

Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Yüksək biliklərə malik gənclərin yetişdirilməsi təhsil sahəsində qarşıda duran ən başlıca vəzifələrdən biridir. Ona görə də təhsil sistemi daim təkmilləşdirilməli, bu sahənin maddi-texniki bazası gücləndirilməlidir. Muxtar respublikada bu amil diqqət mərkəzində saxlanılır, hər il yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Dekabrın 6-da Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Hafiz Həziyev çıxış edərək demişdir ki, dövlətimiz tərəfindən göstərilən qayğının nəticəsində təhsil işçilərinin sosial təminatları ildən-ilə yaxşılaşmış, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, müəllim və şagirdlər üçün hərtərəfli tədris şəraiti yaradılmışdır. Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binası da bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində inşa olunmuşdur. Laboratoriyalar, fənn kabinələri, zəngin kitabxana, kompüter otağı, elektron lövhəli siniflər, idman zalı tədrisin yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Hafiz Həziyev yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, kollektivə tədrisdə uğurlar arzulayaraq demişdir: “Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ötən əsrin 70-ci illərində müəyyənləşdirilən təhsil strategiyası bu gün müasir dövrün tələbləri nəzərə alınmaqla uğurla inkişaf etdirilir. Ölkəmizdə təhsilli kadrların yetişdirilməsinə xüsusi diqqət yetirilir, müasir tədris texnologiyaları ilə təmin edilmiş yeni məktəb binaları tikilərək istifadəyə verilir. Yaradılan şəraitin nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən gənclərimiz ölkəmizdə, eləcə də dünyanın aparıcı universitetlərində ali təhsillərini davam etdirirlər”.
Ali Məclisin Sədri demişdir: “Hər bir ölkənin gələcəyi təhsilin inkişaf səviyyəsindən asılıdır. Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər də müstəqil Azərbaycanın gələcəyinə hesablanmışdır. Məktəb binaları müasir şəkildə qurulur, lazımi tədris şəraiti yaradılır, müəllimlərə hərtərəfli dövlət qayğısı göstərilir. Bu gün Qızıl Qışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi də ölkəmizdə məktəb quruculuğu sahəsində görülən işlərin davamıdır”.
Ümummilli liderimiz Heydər Əliyevin “İnsanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır” fikrini xatırladan Ali Məclisin Sədri demişdir ki, ulu öndərin bu tövsiyələrinə uyğun olaraq, muxtar respublikamızda ümumtəhsil məktəblərinin fəaliyyəti gücləndirilir, şəhər, qəsəbə və kəndlərdə eyni tədris şəraitinə malik məktəb binaları tikilir. Bu da gələcəyimiz olan gənc nəslin hərtərəfli yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də müəllimlərimiz onlar qarşısında qoyulan tapşırıqları uğurla yerinə yetirməli, şagirdlərimiz yaradılan şəraitdən istifadə edərək hərtərəfli biliklərə malik olmalıdırlar. Qızıl Qışlaq kənd tam orta məktəbinin məzunları gələcəkdə Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafında yaxından iştirak edəcəklər. Bu isə onu deməyə əsas verir ki, məktəb yalnız bu kəndə deyil, ümumilikdə, ölkəmizin gələcəyinə xidmət edəcəkdir.

Ali Məclisin Sədri məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirərək demişdir ki, bu il məktəbi bitirən məzunlardan 3-ü ali məktəblərə, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olmuşdur. Ali məktəbə qəbul olan məzunlardan biri 500-700 intervalında yüksək bal toplamışdır. Qazanılan nailiyyətlər müəllim tələbkarlığının və şagird çalışqanlığının nəticəsidir. Məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, 2012-ci ildə məktəbin müəllimi “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
Ali Məclisin Sədri qazanılan nailiyyətlərə  görə məktəb kollektivinə təşəkkürünü bildirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, kitabxana, idman zalı və bufet istifadəyə verilmiş, təlim-tədris prosesinin yüksək səviyyədə aparılması üçün zəruri infrastruktur yaradılmışdır.
Ali Məclisin Sədri məktəb kitabxanasında yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, əvvəllər lazımi tədris şəraiti olmayan binada yerləşdiyindən məktəbdə kitabxana işini də günün tələbləri səviyyəsində qurmaq mümkün deyildi. Lakin yeni binada kitabxana üçün ayrıca otaq ayrılmış, müəllim və şagirdlərin mütaliə imkanları genişləndirilmişdir. Hazırda məktəbin kitabxana fondunda 2705 kitab vardır.
İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən mühüm amildir. Qızıl Qışlaq kənd tam orta məktəbində də bu amil diqqət mərkəzində saxlanılmış, kompüter otağı və 2 elektron lövhəli sinif yaradılmışdır.
Kimya-biologiya və fizika laboratoriyalarına baxış zamanı qeyd olunmuşdur ki, quraşdırılan müasir tədris avadanlıqları dəqiq elmlər üzrə nəzəri biliklərin daha yaxşı mənimsənilməsinə şərait yaratmışdır. Həmçinin məktəbin kimya, biologiya və fizika müəllimlərinin ixtisasartırma kurslarına cəlb edilməsi də dərslərin keyfiyyətli tədrisinə imkan verəcəkdir.
Məktəbdə idman zalının istifadəyə verilməsi bədən tərbiyəsi dərslərinin daha yaxşı tədrisinə şərait yaradacaqdır. Məlumat stendləri ilə təmin olunan yeni hərbi kabinə isə ilkin hərbi hazırlıq fənninə olan marağı xeyli artıracaqdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, məktəbdə yaradılan şərait informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməyi bacaran, intellektli və savadlı gənclərin yetişdirilməsinə imkan verəcəkdir. Ona görə də dərs prosesində informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməli, nailiyyətlər daha da artırılmalıdır.
Müəllimlər göstərilən yüksək diqqət və qayğının qarşılarında mühüm vəzifələr qoyduğunu qeyd etmiş, tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlarını bildirmişlər.
Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.

Muxtar respublikada istifadəyə verilən kənd mərkəzlərinin sayı artır

Dekabrın 6-da Qızıl Qışlaq Kənd Mərkəzinin açılışı olmuşdur.
Tədbirdə çıxış edən inzibati ərazi dairəsi üzrə nümayəndə Fariz Göyüşov demişdir ki, muxtar respublikada həyata keçirilən quruculuq işlərindən Qızıl Qışlaq kəndinə də pay düşmüş, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, kənd yolu yenidən qurulmuş, poçt şöbəsi yaradılmışdır. Son illər kənddə əhalinin məşğulluğu təmin edilmiş, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün hərtərəfli şərait yaradılmışdır. Haliyədə kənd əhalisinin fərdi təsərrüfatlarında 811 baş iribuynuzlu, 3492 baş xırdabuynuzlu heyvan, 936 arı ailəsi, 3240 baş quş saxlanılır. Sakinlər istehsal etdikləri məhsulları kənd təsərrüfatı məhsullarının satış yarmarkasında heç bir rüsum ödəmədən satırlar. Bu da sakinlərin rifahının yaxşılaşdırılmasına, onların torpağa bağlılıqlarının artmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: “Aparılan kompleks quruculuq işləri Qızıl Qışlaq kəndini muxtar respublikanın abad yaşayış məntəqələri sırasına daxil etmişdir. Bu, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf xəttinin bir kəndin timsalında nümunəsidir. Kəndlərdə aparılan quruculuq işləri, ilk növbədə, insanların rahatlığına hesablanmışdır. Qızıl Qışlaq kəndində istifadəyə verilən yeni sosial obyektlər də kənddə əhalinin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Bu eyni zamanda dövlətimiz tərəfindən insan amilinə verilən qiymətin daha bir ifadəsidir”.
Ali Məclisin Sədri demişdir: “Bu gün kənddə təhsilin səviyyəsinin yüksəldilməsi üçün yeni məktəb binası, idarəetmə strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün kənd mərkəzi, əhalinin sağlamlığına xidmət göstərəcək həkim ambulatoriyası, eləcə də gündəlik məişət tələbatını ödəyən xidmət mərkəzi istifadəyə verilir. Ona görə də sakinlər göstərilən dövlət qayğısından səmərəli istifadə etməli, öz təsərrüfatlarını genişləndirməli, tikilənləri, qurulanları qorumalı, bundan sonra da kəndin abadlaşmasında yaxından iştirak etməlidirlər”.
Ali Məclisin Sədri bir daha yeni obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Kənd mərkəzi iki mərtəbədən ibarətdir. Binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, həkim ambulatoriyası, mədəniyyət evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə və 59 yerlik iclas zalı yerləşir.
Bildirilmişdir ki, kənd kitabxanasının fondunda 8007 kitab vardır. Onlardan 1356 ədədi latın, 6651 ədədi isə kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Baytarlıq məntəqəsində lazımi dərman vasitələri qoyulmuşdur.
Rabitə evində quraşdırılan 192 nömrəlik yeni ATS Qızıl Qışlaq kəndində 110 abonentə xidmət edir. Həmçinin burada poçt şöbəsinin fəaliyyəti də təmin olunmuşdur.
Həkim ambulatoriyası kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Ambulatoriya üçün 5 otaq ayrılmış, lazımi tibbi avadanlıqlar qoyulmuşdur. Yaradılan şərait kənddə səhiyyə işinin nümunəvi təşkilinə imkan verəcəkdir.
Binada istilik sistemləri qurulmuş, həyətdə abadlıq işləri aparılmışdır.

Xidmət mərkəzi istifadəyə verilmişdir

Həmin gün Qızıl Qışlaq kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat mallarının satıldığı 2 mağaza sakinlərə xidmət göstərəcəkdir. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Baxış zamanı qeyd olunmuşdur ki, xidmət mərkəzində yerli sənaye və ərzaq məhsullarının satışına üstünlük verilir. Yüksək keyfiyyətə malik olan yerli məhsullar sakinlər tərəfindən razılıqla qarşılanır. Həmçinin xidmət mərkəzində kənd sakinlərinin fərdi təsərrüfatlarında yetişdirdikləri meyvə-tərəvəz və digər məhsulların satışı da həyata keçiriləcəkdir.

Güney Qışlaq Kənd Mərkəzinin açılışı olmuşdur

Bu gün muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks quruculuq işləri sakinlər tərəfindən böyük razılıq hissi ilə qarşılanır, onların yurd yerinə olan bağlılıqlarını daha da artırır. Şahbuz rayonunun dağlıq kənd­lərindən olan Güney Qışlaqda da bu il yeni sosial obyektlər inşa olunmuşdur.
Dekabrın 6-da Güney Qışlaq Kənd Mərkəzi istifadəyə verilmişdir.
Tədbirdə çıxış edən kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Kərimov kənddə yeni sosial obyektlərin istifadəyə verilməsini muxtar respublikada insanların rahatlığı sahəsində görülən işlərin daha bir ifadəsi kimi dəyərləndirmiş, yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını salamlamış, Güney Qışlaq kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Muxtar respublikada aparılan quruculuq işlərindən Güney Qışlaq kəndinə də pay düşmüş, ötən illərdə kənddə müasir məktəb binası tikilmişdir. Bu gün isə Güney Qışlaqda yol, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Kənddə dövlət qurumlarının fəaliyyəti yaxşılaşdırılmış, səhiyyə xidmətinin səviyyəsi yüksəldilmiş, poçt şöbəsi yaradılmışdır. Həyata keçirilən tədbirlər kəndin gələcək inkişafında mühüm rol oynayacaqdır. Bu eyni zamanda kənddə əhalinin məskunlaşmasına, onların rifahının yüksəlməsinə imkan verəcəkdir. Çünki kəndlərdə dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması və əhalinin sosial problemlərinin həlli inkişafın başlıca şərtidir”.
Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmiş, bir daha kənd sakinlərini təbrik etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur. İki mərtəbədən ibarət olan binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, baytarlıq məntəqəsi, arxiv, kənd mədəniyyət evi və 45 yerlik iclas zalı yerləşir.
Kənd mərkəzində yaradılmış zəngin kitabxanada 6832 kitab vardır. Baxış zamanı qeyd olunmuşdur ki, kitabxananın əməkdaşları öz fəaliyyətlərini hazırlanan iş və tədbirlər planları əsasında qurmalı, hər həftə “kitabxana günü”nün keçirilməsi diqqət mərkəzində saxlanılmalıdır.
Baytarlıq məntəqəsində lazımi dərman vasitələrini saxlamaq üçün soyuducu qoyulmuş, nümunəvi iş şəraiti yaradılmışdır. Baxış zamanı qeyd olunmuşdur ki, Güney Qışlaqda əhalinin əsas məşğuliyyət sahəsi heyvandarlıqdır. Hazırda fərdi təsərrüfatlarda 4280 baş xırdabuynuzlu heyvan, 862 baş iribuynuzlu mal-qara, 2970 baş quş və 790 arı ailəsi saxlanılır. Baytarlar mütəmadi olaraq heyvanlara qulluq göstərərək peyvəndləmə işləri aparır, profilaktik tədbirlər həyata keçirirlər.
Binada Güney Qışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyəti üçün hər cür şərait yaradılmış, iş otaqları müasir mebel avadanlıqları ilə təmin olunmuşdur.
Rabitə evi mərkəzin birinci mərtəbəsindədir. Burada elektron ATS quraşdırılmış, poçt bölməsi yaradılmış, internet və danışıq kartlarının, qəzetlərin satışı təmin olunmuşdur. Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 3 iş otağı ayrılmış, peyvənd və ilkin tibbi yardım çantaları qoyulmuşdur.
Binada fərdi qazanxana qurulmuş, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Xidmət mərkəzində lazımi şərait yaradılıb

Dekabrın 6-da Güney Qışlaq kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mağazalarda və xidmət sahələrində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Güney Qışlaq kənd xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları olmaqla, 2 mağaza fəaliyyət göstərəcək, mərkəzdə 5 nəfər işlə təmin olunacaqdır.
Ali Məclisin Sədri sakinlərlə görüşmüş, kənddə insanların yaşayışı ilə maraqlanmışdır.
Sakinlər aparılan yenidənqurma işlərinin böyük sevinc hissi doğurduğunu bildirmiş, kənddə yeni sosial obyektlərin istifadəyə verilməsini və lazımi infrastrukturun yaradılmasını dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirmişlər.
Ali Məclisin Sədri demişdir ki, yenilik, müasirlik həm də rahat yaşayış, firavan həyat deməkdir. Güney Qışlaq kəndi bu gün abad və müasir görkəm almışdır. Dağ kəndində yaradılan bu cür şərait ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Çünki bu siyasi xətt ölkəmizin tərəqqi və inkişaf dinamikasının başlıca hərəkətverici qüvvəsidir. Bu gün ölkə­mizdə bütün yaşayış məntəqələrinin inkişafına, infrastrukturun yenilənməsinə xüsusi diqqət göstərilir. Güney Qışlaq kəndində tikilən yeni sosial obyektlər, çəkilən yol ölkəmizin inkişafının kəndlərimizin timsalında daha bir ifadəsi olmaqla yanaşı, kəndlə şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində atılan növbəti addımdır. Sakinlər qurulanları qoruyub saxlamalı, yaradılan şəraitdən istifadə edərək muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verməlidirlər. 

Ayrınc Kənd Mərkəzinin açılışı olmuşdur

Zəruri inzibati, sosial və mədəni sahələri özündə birləşdirən kənd mərkəzləri, ilk növbədə, sakinlərin rahatlığına xidmət edir.
Dekabrın 6-da Ayrıncda yeni kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Açılış tədbirində çıxış edən Ayrınc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xaliq Abdullayev göstərilən diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Ali Məclisin Sədri Ayrınc kəndində aparılan kompleks quruculuq işlərinə görə sakinləri təbrik edərək demişdir: “Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli Qanunu ilə Qarababa kənd inzibati ərazi dairəsinin mərkəzi Ayrınc kəndinə keçirilmiş və Ayrınc kənd inzibati ərazi dairəsi yaradılmışdır. Qısa müddətdə kənddə idarəetmə strukturları formalaşdırılmış və onların fəaliyyəti təmin edilmişdir. Bu gün isə kənddə dövlət qurumları üçün yeni inzibati bina istifadəyə verilir. Aparılan quruculuq işləri Ayrınc kəndini abad yaşayış məntəqəsinə çevirmişdir”.
Ali Məclisin Sədri demişdir: “Ayrıncda kənd mərkəzinin və digər obyektlərin istifadəyə verilməsi, məktəb binasının yenidən qurulması sakinlərin sosial problemlərinin həllinə şərait yaratmışdır. Kənddə həyata keçirilən tədbirlər göstərilən dövlət qayğısının daha bir ifadəsidir. Yaradılan şəraiti qorumaq, onlardan səmərəli istifadə etmək isə kənd sakinlərinin üzərinə düşən vəzifələrdir. Ona görə də idarəetmə strukturlarında çalışanlar, kənd sakinləri tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşmasında yaxından iştirak etməlidirlər”.
Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində sakinlərə uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, bu il kənddə aparılan kompleks quruculuq işləri zamanı yeni kənd mərkəzi tikilmişdir. Kənd mərkəzində rabitə evi, polis sahə, baytarlıq və feldşer-mama məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kitabxana, mədəniyyət evi və 51 yerlik iclas zalı istifadəyə verilmişdir.
Mərkəzdə yerləşən kitabxananın fondunda 5 min ədəbiyyat vardır. Rabitə evində 128 nömrəlik avtomat telefon stansiyası quraşdırılmışdır. Polis sahə məntəqəsi üçün ayrılan iş otaqlarında da nümunəvi xidmət şəraiti yaradılmışdır. Həmçinin binada baytarların fəaliyyəti üçün də iş otağı ayrılmış, soyuducu və dərman vasitələri qoyulmuşdur.
Ayrınc Kənd Mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılmışdır.
Ali Məclisin Sədri muxtar respublikada səhiyyənin inkişafına xüsusi diqqət yetirildiyini bildirmiş, şəhər, rayon və kəndlərimizdə ən müasir tibb ocaqlarının tikilərək istifadəyə verilməsini insanların sağlamlığının qorunması sahəsində görülən işlərin tərkib hissəsi kimi dəyərləndirmişdir.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə geniş abadlıq işləri aparılmışdır.

Ayrınc kəndində yeni xidmət mərkəzi fəaliyyətə başlamışdır

Həmin gün Ayrınc kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, mərkəzdə yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, xidmət mərkəzi cari ildə kənddə aparılan quruculuq işləri çərçivəsində inşa edilmişdir. Bir mərtəbədən ibarət olan binada ərzaq və təsərrüfat mallarının satışı üçün 2 mağaza, ət satışı yeri, bərbərxana və qadın gözəllik salonu vardır. Mərkəzdə 5 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüşən Ali Məclisin Sədri Ayrınc kəndində yeni sosial obyektlərin istifadəyə verilməsini muxtar respublikada kəndlərin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi dəyərləndirmişdir. Qeyd olunmuşdur ki, kəndlərin abadlaşması, müasir görkəm alması ölkəmizdə mövcud olan dövlət-xalq birliyinin nəticəsidir. Bu gün Ayrınc kəndində 216 nəfər dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət formasında vəsait alır. Sakinlər abad və yaraşıqlı bir kənddə yaşayırlar. Ona görə göstərilən qayğıdan səmərəli istifadə edilməli, fərdi təsərrüfatlar genişləndirilməli, arıçılıq və heyvandarlıq inkişaf etdirilməlidir. Əhalinin məskunlaşması artmalı, hər bir kənd sakini ölkəmizin inkişafına öz töhfəsini verməlidir.
Kənd ağsaqqalı Qaşdar Əliyev çıxış edərək demişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi muxtar respublikanın bütün yaşayış məntəqələrini inkişaf və tərəqqiyə qovuşdurmuşdur. Bu inkişafdan Ayrınc kəndinə də pay düşmüşdür. Bu gün sakinlər göstərilən qayğı müqabilində daha səylə çalışırlar. Kənddə təhsilin səviyyəsinin yüksəldilməsi, qarşıya qoyulan vəzifələrin icrası ölkəmizin gələcəyi üçün yararlı vətəndaşlar yetişdirilməsinə səbəb olmuşdur. Dövlət qayğısının və sakinlərin zəhmətinin vəhdəti Ayrınc kəndində inkişafın əsas hərəkətverici qüvvəsidir. Qaşdar Əliyev yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

Ayrınc kənd tam orta məktəbində yenidənqurma işləri aparılmışdır

Bu il Ayrınc kənd tam orta məktəbində yenidənqurma işləri aparılmışdır.
Dekabrın 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ayrınc kənd tam orta məktəbində yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, iki mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə və kompüter otağı vardır.
Ayrınc kənd tam orta məktəbinin kitabxanasında lazımi şərait yaradılmış, kitabxana fonduna 985 latın qrafikalı dərslik və 1293 bədii ədəbiyyat olmaqla, 2278 kitab verilmişdir. Yaradılan şərait şagirdlərin asudə vaxtının səmərəli təşkilində və onların mütaliə vərdişlərinin artırılmasında mühüm rol oynayacaqdır.
Şagirdlərin informasiya-kommunikasiya texnologiyalarının sirlərinə bələd olması onların gələcəkdə digər elm sahələrində uğur qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Ayrınc kənd tam orta məktəbində də kompüter otağı və elektron lövhəli siniflər yaradılmışdır. Kimya-biologiya və fizika laboratoriyalarında quraşdırılan avadanlıqlar bu fənlər üzrə dərslərin hərtərəfli tədrisinə imkan verəcəkdir.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri bildirmişdir ki, Ayrınc kənd tam orta məktəbi 2005-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Bu il isə məktəbdə yenidənqurma işləri aparılmış, müasir tədris şəraiti yaradılmışdır. 2012-2013-cü dərs ilində də məktəbin nailiyyətləri uğurlu olmuş, məzunlardan 5-i ali məktəblərə, 1-i isə XI sinif bazasından orta ixtisas məktəbinə qəbul olunmuş, tələbə adını qazananlardan 1-i 500-700 intervalında nəticə göstərmişdir. Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkürünü bildirmiş, onlara tədrisdə uğurlar arzulamışdır.
Müəllimlər göstərilən qayğı müqabilində daha səylə çalışacaqlarını, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərini bildirmişlər.

*   *   *

Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq və Ayrınc kəndlərində aparılan tikinti-quruculuq işləri ilə yanaşı, bu yaşayış məntəqələrində əhaliyə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmış, elektrik, rabitə, qaz və su xətləri yenilənmişdir. Belə ki, kəndlərdə 4300 metr uzunluğunda fiber-optik, 200 metr elektrik, 1000 metrdən artıq qaz və 2260 metr içməli su xətti çəkilmiş, kənd daxilində abadlıq işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR