Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər il ulu öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli liderimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.
Dekabrın 10-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak etmişdir.
Mərasimdə çıxış edən Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” fikrini xatırladaraq demişdir: “Bütün bunlara görə hələ öz sağlığında xalqın ümummilli lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır”.
Ali Məclisin Sədri demişdir: “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli Sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2012-ci il 22 dekabr tarixli sessiyasında 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmuş və ulu öndərin yubileyi muxtar respublikada geniş qeyd edilmişdir. Bu tədbirlər xalqımızın böyük oğlunun parlaq xatirəsinə dərin ehtiramın ifadəsidir. Onun Azərbaycan naminə keçdiyi həyat yolu xalqımızın bugünkü və gələcək nəsillərinə bir nümunədir: Vətəni və xalqı uğrunda fədakarlıq nümunəsi. Biz də xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsi önündə baş əyir, ruhu şad olsun deyirik”.
Mərasimdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.
Həmin gün muxtar respublikanın rayonlarında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər dispanserlərində də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrələri açılmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti