05 Yanvar 2025, Bazar

Babək rayonunun Çeşməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dinamik və mütərəqqi dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev siyasi xəttinin təntənəsidir. “Doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, – deyən ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da inkişafın əsas hərəkətverici qüvvəsidir. Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, abadlaşan şəhər və kəndlər məhz ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Babək rayonu da ümummilli liderin ideyalarının işığında sürətlə inkişaf edir, rayon mərkəzi və kəndlər müasir görkəm alır.

Dekabrın 10-da Babək rayonunun Çeşməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

“Heydər Əliyev ili”ndə 18-ci kənd mərkəzi Çeşməbasarda istifadəyə verilmişdir

Kənd yaşayış məntəqələrinin inkişafında dövlət qurumlarının fəaliyyətinin vahid mərkəzdən təşkili mühüm əhəmiyyət kəsb edir. Çünki idarəetmənin düzgün qurulması həm də insanların rahatlığının təminatına xidmət edir. Son illər muxtar respublikanın kəndlərində yeni kənd mərkəzlərinin istifadəyə verilməsi dövlət qurumlarının fəaliyyətinin stimullaşdırılmasına səbəb olmuşdur.
Dekabrın 10-da Çeşməbasar Kənd Mərkəzinin açılışı olmuşdur.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rüstəm Əliyev bildirmişdir ki, Çeşməbasar kəndində sakinlərin problemlərinin vaxtlı-vaxtında həlli, onlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır. Kənd telefonlaşdırılmış, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin edilmiş, kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradılmışdır. Rüstəm Əliyev göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun davam etdirilməsi, qəbul edilən dövlət proqramlarının uğurlu icrası bütün sahələrin inkişafına səbəb olmuş, şəhər, qəsəbə və kənd­lərimiz abad yaşayış məntəqələrinə çevrilmişdir. Çeşməbasar kəndində aparılan quruculuq işləri də bu kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına daxil etmişdir. Bu gün kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi, idarəetmə qurumlarının fəaliyyətinin yaxşılaşdırılması, məktəb binasının yenidən qurulması, xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həyata keçirilən digər tədbirlər əhali­nin rahatlığının təmin olunmasına imkan verəcəkdir”.
Ali Məclisin Sədri demişdir: “Tikinti-qurucu­luq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi üçün ölkədə iqtisadi inkişaf, sabitlik və dövlətin düzgün siyasi xətti olmalıdır. Bu gün Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf, ölkəmizin gələcəyinə hesablanmış siyasi xətt və sabitlik mövcuddur. Bütün bunların yaradılmasında məqsəd isə yaşayış məntəqələrinin abadlaşması, insanların sosial problemlərinin həll olunmasından ibarətdir. Çünki hər bir yaşayış məntəqəsinin müasirləşməsi, abadlaşması, ümumilikdə, ölkənin inkişafı deməkdir. Çeşməbasar kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi bir kəndin timsalında Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının, eləcə də ölkə­mizdə mövcud olan xalq-dövlət birliyinin nəticəsidir. Eyni zamanda həyata keçirilən bu tədbirlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsi və bu yola sədaqətin nümunəsidir”.
Ali Məclisin Sədri kənddə aparılan kompleks quruculuq işlərinə görə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, arxiv və 82 yerlik tədbirlər zalı vardır. Mərkəzin birinci mərtəbəsindəki rabitə evində 150 abonentə xidmət edən 384 nömrəlik yeni nəsil ATS quraşdırılmış, göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Bu da kənddə insanlara genişzolaqlı internet, İP televiziya və digər elektron xidmətlərin göstərilməsinə imkan verəcəkdir. Binada Çeşməbasar və Güznüt kəndlərini əhatə edən polis sahə məntəqəsi üçün də iş otaqları ayrılmışdır.
Baytarlıq məntəqəsi üçün ayrılan otağa soyuducu və dərman vasitələri qoyulmuşdur. Baxış zamanı qeyd olunmuşdur ki, Babək rayonunda epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır. Bunun nəticəsidir ki, 2013-cü ildə rayonun kəndlərində təhlükəli yoluxucu xəstəliklər baş verməmiş, keyfiyyətli ət və süd məhsullarının istehsalına təminat yaranmışdır.
Kənd mərkəzinin istifadəyə verilməsi idarəetmə strukturlarının fəaliyyətini gücləndirməklə yanaşı, kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyətini də xeyli yaxşılaşdırmışdır. Binada kitabxana üçün geniş və işıqlı otaq ayrılmışdır. Kitabxana fondunda 4108 ədəbiyyat vardır. Yaradılan şərait kitabxana-oxucu münasibətlərinin yüksək səviyyədə qurulmasına imkan verəcəkdir. Mədəniyyət evində işçilər üçün iş otaqları ayrılmış və iclas zalı yaradılmışdır. Bu, kənddə ictimai-mədəni tədbirlərin keçirilməsini yaxşılaşdıracaqdır.
Binanın həyətində də abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Çeşməbasar kənd həkim ambulatoriyası üçün yeni bina tikilmişdir

Həmin gün Çeşməbasar kəndində yeni həkim ambulatoriyası da istifadəyə verilmişdir.
Tibb bacısı Günay Əliyeva demişdir ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları Babək rayonunu da əhatə etmişdir. Son illər rayon mərkəzində və kəndlərdə müasir səhiyyə obyektləri tikilərək istifadəyə verilmiş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmişdir. Bu gün Çeşməbasar kəndində istifadəyə verilən həkim ambulatoriyası da insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyanın istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Səhiyyə mədəniyyəti olmadan mədəniyyət inkişaf edə bilməz. Hər bir insan həyatda, ilk növbədə, sağlamlıq mədəniyyətinə, gigiyenik qaydalara əməl etməlidir. Çünki cəmiyyətin inkişafında aparıcı qüvvə sağlam insanlardır. Bu mənada səhiyyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür”.
“Səhiyyə xidməti tibbi maarifləndirmədən başlayır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın kəndlərində tikilən sahə xəstəxanaları, həkim ambu­latoriyaları, feldşer-mama məntəqələri səhiyyə maarifinin aparılmasını diqqət mərkəzində saxlamalı, xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülməlidir. 1200-ə yaxın əhaliyə xidmət göstərəcək Çeşməbasar kənd həkim ambulatoriyası da kənddə gigiyenik qaydalara əməl olunmasını, hamilə qadınlara patronaj xidmətinin və uşaqlar arasında peyvənd işinin aparılmasını diqqət mərkəzində saxlamalı, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməlidir. Ambulatoriyada bu vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılmış, müasir səhiyyə avadanlıqları quraşdırılmışdır.
Ali Məclisin Sədri ambulatoriyanın kollektivinə işlərində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Həkim ambulatoriyasının binasında tibb işçiləri üçün 11 otaq ayrılmışdır. Burada stomatoloq üçün kabinə, pediatr, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları vardır. Ambulatoriya lazımi tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Haliyədə ambulatoriyada 6 tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Yaradılan şərait əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına, insanların hərtərəfli tibbi xidmətlərlə təmin olunmasına imkan verəcəkdir.
Binanın həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.

Kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi bu il Çeşməbasar kənd tam orta məktəbində yenidənqurma işləri aparılmışdır.
Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çeşməbasar kənd tam orta məktəbinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, 2 mərtəbədən ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.
Məktəb kitabxanasının fondunda 2859 ədəd kitab vardır. Bildirilmişdir ki, məktəblərdə müasir tədris vasitələrindən istifadə etməklə yanaşı, şagirdlərin kitabxanalara cəlbi də diqqət mərkəzində saxlanılmalıdır. Ona görə də şagirdlərin kitabxanadan istifadəsinə diqqət artırılmalı, kitabxanada bədii əsərlərin müzakirələri, kitab sərgiləri təşkil olunmalı, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilməlidir.
Təhsil ocağına müasir kompüter dəstləri verilmiş, elektron lövhəli siniflər yaradılmış, kimya-biologiya və fizika laboratoriyaları əyani vasitələrlə təmin edilmişdir. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi biliklərin dərindən öyrənilməsinə də diqqət yetirilmiş, hərbi kabinə yaradılmışdır.
İdman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, 2012-2013-cü tədris ilində Çeşməbasar kənd tam orta məktəbini bitirən 10 məzundan 8-i ali məktəblərə qəbul olunmuş, onlardan 2-si 500-700 intervalında bal toplamışdır. Bu nailiyyətlərin qazanılması məktəbin pedaqoji kollektivinin səyi nəticəsində mümkün olmuşdur. Yaradılan şəraitin müqabilində məktəbdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamışdır.
Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıq edən məktəbin müəllimləri gənc nəslin təlim-tərbiyəsin­də öz səylərini əsirgəməyəcəklərinə söz vermişlər.
Məktəb binasının həyətində geniş abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, açıq idman qurğuları və mini-futbol meydançası istifadəyə verilmişdir.
Məktəb binası ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin, həyata keçirilən mühüm infrastruktur layihələrinin Çeşməbasar kəndini də əhatə etdiyini bildirmiş, bundan sonra da kəndin inkişafına, sakinlərin sosial-rifah halının yüksəldilməsinə hərtərəfli dövlət qayğısının göstəriləcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına xidmət edir. Kəndlərdə tikilən yeni sosial obyektlər, yaradılan müasir infrastruktur da insanların rahatlığının təmin olunmasına, məskunlaşmanın artmasına səbəb olmuşdur.
Sakinlər kənddə yaradılan müasir infra­strukturu, istifadəyə verilən yeni binaları, həyata keçirilən abadlıq işlərini ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrələri kimi dəyərləndirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

*   *   *

Çeşməbasar kəndində aparılan quruculuq işləri zamanı 500 metr fiber-optik kabel, 600 metr elektrik, 300 metr qaz və 2800 metr su xətti çəkilmiş, kənddaxili 1200 metr yola yeni asfalt örtük salınmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR