Nəsirvaz tağım dayaq məntəqəsində xidmət nümunəvi təşkil olunmuşdur
Muxtar respublikamızda hərbi hissələrin maddi-texniki bazalarının gücləndirilməsi, əsgər və zabitlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Göstərilən yüksək diqqət və qayğı nəticəsində bu gün muxtar respublikamızda dağ şəraitində yerləşən tabor mərkəzlərində, bölük və tağım dayaq məntəqələrində xidmət yüksək səviyyədə təşkil olunmuş, əsgər və zabitlərimiz torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmışlar.
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nəsirvaz tağım dayaq məntəqəsinə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.
Ali Məclisin Sədri şəxsi heyəti salamlamış, çətin dağlıq şəraitində xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə onlara öz təşəkkürünü bildirərək demişdir: “Bu gün sərhəd yaşayış məntəqələri olan Bist və Nəsirvaz kəndlərində yeni sosial obyektlərin istifadəyə verilməsi, bu kəndlərdə əhalinin rahat yaşayışının təmin olunması torpaqlarımızın etibarlı qorunması nəticəsində mümkün olmuşdur. Çünki torpaqlarımızın etibarlı müdafiəsi, hərbi hissələrimizin şəxsi heyəti qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi insanların da rahat və firavan yaşayışı deməkdir. Bu gün siz əsgər və zabitlər öz üzərinizə düşən vəzifələri layiqincə yerinə yetirirsiniz”.
“Birlik və qarşılıqlı hörmət hərbi xidmətin nümunəvi təşkilində başlıca şərtdir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün muxtar respublikanın ucqar sərhəd kəndlərində xidmətin təşkili üçün hər cür şərait yaradılmışdır. Bu da əsgərlər və zabitlər qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifə isə sərhədlərimizi və torpağımızı etibarlı şəkildə müdafiə etməkdir.
Ali Məclisin Sədri şəxsi heyəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik etmişdir.
Əsgər Coşqun Cəfərov şəxsi heyət adından minnətdarlığını bildirərək demişdir ki, çətin dağlıq şəraitdə xidmət edən əsgərlərimiz üçün yaradılan şərait şəxsi heyətdə ruh yüksəkliyi və inam hissi yaradır. Əsgərlər bundan sonra da Vətənin keşiyində ayıq-sayıq dayanacaqlar.
Sonra Ali Məclisin Sədri əsgər yataqxanasına baxmışdır.
Bildirilmişdir ki, əsgərlər isti geyim və yataq dəstləri, kalorili qidalarla təmin edilmişlər. Tağım dayaq məntəqəsinin anbarında ərzaq və yanacaq ehtiyatı yaradılmışdır. Burada əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait vardır.
Gətirilmiş bayram sovqatı tağım dayaq məntəqəsinin ərzaq anbarına təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti