Naxçıvanda əsası qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın milli birliyinin təqviminə çevrilmişdir. Milyonlarla insanı vahid ideologiya ətrafında həmrəy edən bu bayram bütövlük və bərabərliyin vacib formulu olan xalq-ordu birliyinin də əsasını təşkil edir. Muxtar respublikamızda həmrəylik bayramının əsgərlərimizlə birlikdə keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hər il bayram günlərində idarə, müəssisə və təşkilatların kollektivlərinin, ictimaiyyətin nümayəndələrinin vətənimizin sadiq keşikçilərinə maddi və mənəvi dəstək olması onların mübarizlik əzmini daha da artırır.
Dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Hərbi Hospitalına gəlmişdir.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin Sədri hərbi qulluqçuların səhhəti, müalicəsi, dərman təchizatı və qidalanması ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, muxtar respublikada yerləşən hərbi hissələrdə əsgərlərin döyüş hazırlığının gücləndirilməsi ilə yanaşı, şəxsi heyətin sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılır. Hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinədən keçirilir, xəstəliklərin qarşısı vaxtında alınır. Hərbi hissələrdə zabit və əsgərlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qidalanmaya ciddi diqqət yetirilməsi və gigiyenik qaydalara əməl olunması xəstələrin sayının azalmasına səbəb olmuşdur. Hazırda hospitalda 18 xəstə vardır. Hərbi hospitalın lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminatı müayinə və müalicə prosesinin daha effektli aparılmasına imkan verir.
Ali Məclisin Sədri hospitalın ayrı-ayrı bölmələrində müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik etmiş, onlara tezliklə sağalıb xidmət yerlərinə qayıtmalarını arzulamışdır.
Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanmış, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti