Muxtar respublikanın kəndlərində həyata keçirilən kompleks abadlıq-quruculuq işləri sakinlərin sosial problemlərinin həlli ilə yanaşı, turizm potensialını da xeyli artırmışdır. Zəngin təbiətə, saf suya və təmiz havaya malik olan dağ kəndlərində tikilən yeni sosial obyektlər həm də turizm infrastrukturunun inkişafına təkan vermişdir. Bu gün müasirliyin vəhdətində daha abad və əsrarəngiz bir görkəm alan yaşayış məntəqələrindən biri də Şərur rayonunun Şahbulaq kəndidir. Rayon mərkəzindən 22 kilometr aralıda yerləşməsinə baxmayaraq, kənddə insanların yaşayışı üçün hər cür şərait yaradılmış, yeni sosial obyektlər tikilmişdir.
Dekabrın 3-də Şərur rayonunun Şahbulaq kəndində avtomobil yolu, məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilmişdir.
Ucqar dağ kəndinin yolu müasir tələblər səviyyəsindədir
Muxtar respublikanın dağ kəndlərində yolların yenidən qurulması sakinlərin rahatlığına, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə şərait yaratmışdır.
Dekabrın 3-də Gümüşlü-Şahbulaq avtomobil yolu istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni yolun istifadəyə verilməsi münasibətilə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Yolun texniki göstəriciləri barədə Ali Məclisin Sədrinə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Gümüşlüdən Şahbulaq kəndinədək olan yolun uzunluğu 7 kilometrdir. Yenidənqurma işləri zamanı yola yeni asfalt örtük salınmış, kənddaxili 2300 metr məsafəyə qum-çınqıl qatı verilmişdir. Yolun üzərində 20 su keçidi, 2 körpü və 310 metr istinad divarı tikilmiş, 280 metr beton kanal çəkilmişdir.
Kənd turizminin inkişafında müasir yol şəbəkələrinin yaradılması vacib amildir. Bu mənada Gümüşlü-Şahbulaq avtomobil yolunun yenidən qurulması kənddə turizmin inkişafına geniş imkanlar açacaqdır.
Şahbulaq kənd tam orta məktəbi yeni binada fəaliyyət göstərəcəkdir
Hər bir dövlətin gücü həm də onun elmi potensialı ilə ölçülür. Çünki tarixən elm və təhsil milləti gələcəyə aparan, cəmiyyəti tərəqqiyə qovuşduran bir sahə olmuşdur. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda “Təhsil millətin gələcəyidir” prinsipi əsas tutularaq bu sahənin maddi-texniki bazası gücləndirilir, yeni məktəb binaları tikilərək istifadəyə verilir.
Dekabrın 3-də Şahbulaq kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.
Məktəbin direktoru Salman Cəfərov çıxış edərək demişdir ki, müasir məktəb binasının istifadəyə verilməsi təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Şahbulaq kənd tam orta məktəbi bu gündən elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunmuş binada fəaliyyətini davam etdirəcəkdir. Salman Cəfərov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə müəllim və şagird kollektivi adından minnətdarlıq etmiş, qarşıdakı tədris illərində nailiyyətlərini daha da artırmaq üçün səylə çalışacaqlarını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbulaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və kənd sakinlərini təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Bizim məqsədimiz müstəqil Azərbaycanın gələcəyi üçün daha bilikli, zəkalı gənclər hazırlamaqdır” fikrini xatırladaraq demişdir: “Bu gün ölkəmizdə ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Təhsilin inkişafı və gənclərin hərtərəfli hazırlanması sahəsində ardıcıl tədbirlər görülür, yeni məktəb binaları tikilir, təhsil ocaqları informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunur. Bu da ölkəmizdə, eləcə də muxtar respublikamızda tədrisin müasir tələblər səviyyəsində qurulmasına, intellektli və bilikli gənc nəslin yetişdirilməsinə səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Təhsilli, bilikli və vətənpərvər gənc nəslin yetişdirilməsi ölkənin gələcəyinin təmin olunması deməkdir. Bu gün muxtar respublikada yeni məktəb binalarının istifadəyə verilməsi yaşayış məntəqələrində təhsilin səviyyəsini yüksəldirsə, bu məktəblərdə yetişən gənclər isə gələcəkdə müxtəlif sahələrdə çalışmaqla, ümumilikdə, ölkəmizə xidmət edəcəklər. Ona görə də gənclərin təhsilli və vətənpərvər böyüdülməsinə xüsusi diqqət yetirilməlidir. Şahbulaq kəndində bu vəzifələrin həyata keçirilməsi üçün lazımi şərait yaradılmış, ən yeni tədris avadanlıqları ilə təmin olunmuş məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilmişdir”.
Ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirləri ümummilli liderimizin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsi kimi dəyərləndirən Ali Məclisin Sədri demişdir: “Bu il ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi dövlət səviyyəsində təntənə ilə qeyd olundu. Həmçinin 2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmuşdur. “Heydər Əliyev ili”ndə muxtar respublikamızda istifadəyə verilən yeni obyektlər, eləcə də məktəb binaları ulu öndərin xatirəsinə dərin ehtiramın və sədaqətin daha bir ifadəsidir. Şahbulaq kənd tam orta məktəbi də “Heydər Əliyev ili”ndə istifadəyə verilir. Ona görə də məktəbdə təhsil alan hər bir gənc öz Vətənini ümummilli liderimiz kimi sevməli, ulu öndərin müəyyənləşdirdiyi yola sədaqət ruhunda tərbiyə olunmalıdır”.
Məktəbin nailiyyətlərinin uğurlu olduğunu bildirən Ali Məclisin Sədri bütün bunları məktəbdə müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsi kimi dəyərləndirmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, məktəb binası 110 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet yerləşir. Məktəbin kitabxana fondunda 1308 latın qrafikalı dərslik və 2400 bədii ədəbiyyat olmaqla, 3708 kitab vardır.
Şahbulaq kənd tam orta məktəbində informatika dərslərinin daha səmərəli keçilməsi üçün ayrıca kompüter otağı yaradılmış, kompüter dəstləri quraşdırılmış, onların internetə çıxışları təmin edilmişdir. Bununla yanaşı, məktəbdə 3 elektron lövhəli sinif vardır.
Məktəb binasında yerləşən kimya-biologiya və fizika laboratoriyaları bu fənlər üzrə dərslərin daha yaxşı tədris olunmasına imkan verəcəkdir. Hərbi kabinədə yaradılan şərait isə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına imkan verəcəkdir. Şagirdlərin fiziki cəhətdən sağlam böyüməsi və bədən tərbiyəsi dərslərinin normal tədrisi üçün binada idman zalı yaradılmış, həyətdə açıq idman qurğuları və futbol meydançası istifadəyə verilmişdir.
Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı təhsilin inkişafı istiqamətində ölkəmizdə uğurlu islahatların həyata keçirildiyini qeyd etmiş, Şahbulaq kənd tam orta məktəbində yaradılan şəraitin kollektiv qarşısında mühüm vəzifələr qoyduğunu bildirmiş, bundan sonra da tədrisin keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.
Müəllimlər göstərilən diqqət və qayğıya görə minnətdarlıq etmişlər.
Binanın həyətində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Şahbulaqda kənd mərkəzi istifadəyə verilmişdir
Şahbulaq kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində yeni kənd mərkəzi də inşa olunmuşdur.
Həmin gün kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Müasir standartlara uyğun inşa edilən bina iki mərtəbədən ibarətdir. Mərkəzdə kitabxana, polis sahə məntəqəsi, baytar otağı, rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, mədəniyyət evi və 55 yerlik iclas zalı yerləşir.
Yeni tikilən kənd mərkəzlərində kitabxanalar üçün nümunəvi şəraitin yaradılması, ilk növbədə, əhalinin asudə vaxtının səmərəli təşkilinə imkan verir. Mərkəzdə yerləşən kitabxananın fondunda 3832 kitab vardır.
Polis sahə məntəqəsi kənd mərkəzinin birinci mərtəbəsində yerləşir. Binada baytarlar üçün də iş otağı ayrılmış, lazımi dərman vasitələri qoyulmuşdur. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, bələdiyyənin, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının, kənd mədəniyyət evinin fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Rabitə evində yeni ATS quraşdırılmış, poçt bölməsi yaradılmışdır. Poçt bölməsində məktub və banderolların, teleqramların qəbulu və göndərilməsi, pul baratlarının qəbulu və ödənişi, qəzetlərin, müxtəlif növ danışıq və internet kartlarının satışı həyata keçiriləcək, kənd əhalisinə bank xidməti göstəriləcəkdir.
Kənd mərkəzinin birinci mərtəbəsində feldşer-mama məntəqəsi üçün 4 iş otağı ayrılmışdır. Məntəqə dərman vasitələri, peyvənd və ilkin tibbi yardım çantaları ilə təmin edilmişdir.
Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.
Şahbulaq kəndində yeni xidmət mərkəzi tikilmişdir
Dekabrın 3-də Şahbulaq kəndində xidmət mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, mərkəzdə ərzaq mağazası, ət satışı yeri istifadəyə verilmişdir. Burada bərbərxana və qadın gözəllik salonu da yerləşir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüşdür.
Kənd ağsaqqalları Şahbulaq kəndində sakinlərin rahatlığı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, hər bir kəndin abadlaşması həm də sakinlərin rifah halının yaxşılaşması, onların torpağa bağlılığının artması deməkdir. Şahbulaq kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Kəndin sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirən sakinlər bunu insan amilinə verilən qiymət kimi dəyərləndirmişlər.
Muxtar respublikanın kəndlərinin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davam etdiriləcəyini bildirən Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikanın kəndlərinin müasir görkəm alması ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial siyasətin bəhrəsidir. Bu gün Şahbulaq kəndi də muxtar respublikanın abad yaşayış məntəqəsinə çevrilmişdir. Kənddə əhalinin sosial problemləri həll olunmuş, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin edilmiş, rabitə xətti çəkilmişdir. Həmçinin dövlətimiz tərəfindən kənddə fərdi təsərrüfatların inkişafına xüsusi diqqət yetirilir, güzəştli şərtlərlə kreditlər verilir. Bu gün kənddə 111 nəfər dövlətdən əməkhaqqı, pensiya və müavinət formasında vəsait alır, əməkhaqlarına əlavə 20 faiz yüksəklik pulu ödənilir. Yaradılan şərait insanların torpağa bağlılıqlarını, onların qurub-yaratmaq əzmini daha da artırmalı, kənddə məskunlaşma təmin edilməlidir.
* * *
Şahbulaq kəndində abadlıq işləri də aparılmış, 7 min metrdən artıq fiber-optik, 2300 metr elektrik və 300 metr qaz xətti çəkilmişdir. Kəndin 380 metr içməli su xətti təmir edilmiş, kənddaxili məhəllələrdə yol kənarları boyu 150 metr hasar çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti