Dekabrın 28-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilmişdir.
Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:
1. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi
3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi
4. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı
5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur).
“Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi” təsdiq olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.
Ali Məclisin Sədri gündəlikdə duran növbəti məsələ ilə bağlı bildirmişdir ki, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 4-cü maddəsinə əsasən, Müvəkkil 7 il müddətinə seçilir. Hazırkı Müvəkkil 2006-cı ildə bu vəzifəyə seçildiyindən səlahiyyət müddəti başa çatmışdır. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 10-cu bəndinə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) seçilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verməlidir. Bununla əlaqədar olaraq Bayramova Ülkər İmamqulu qızı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçilmək üçün təqdim olunur.
Səsvermə keçirilmiş və Ülkər Bayramova Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir. İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) seçilmiş Ülkər Bayramova Ali Məclisin sessiyasında and içmişdir.
Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir ki, 2013-cü ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Qarşıdakı dövrdə əldə olunan nailiyyətləri daha da artırmalı, səylə çalışmalıyıq.
2014-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi qeyd olunacaqdır. Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə 2014-cü il muxtar respublikada “Muxtariyyət ili” elan olunur. Əminik ki, muxtar respublikamızın yubiley ilində də iqtisadiyyatın dinamik inkişafı davam etdiriləcək, qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq, Azərbaycan tarixinin bir qolu olan Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində fəaliyyət daha da güclənəcəkdir.
2013-cü ildə, “Heydər Əliyev ili”ndə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirən Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etmişdir.
Bununla da, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış səkkizinci sessiyası öz işini başa çatdırmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun MƏRUZƏSİ
Hörmətli deputatlar və sessiya iştirakçıları!
Bu gün biz muxtar respublikada daha bir quruculuq dövrünə – 2013-cü ilə yekun vururuq. Yola saldığımız 2013-cü il Ali Məclisin 2012-ci il 22 dekabr tarixli sessiyasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmuşdur. Bu mənada 2013-cü il ciddi məsuliyyət və tələbkarlıq mərhələsinə çevrilmiş, ulu öndərin 90 illik yubileyi ilə əlaqədar geniş Tədbirlər Planı təsdiq olunaraq icra edilmiş, sosial-iqtisadi fəaliyyət sahəsində nailiyyətlər daha da artırılmışdır. Əvvəlki dövrlərdə olduğu kimi, 2013-cü ildə də biz bu nailiyyətlərə ulu öndərimizin quruculuq yolunun davam etdirilməsi nəticəsində nail olmuşuq. “Heydər Əliyev ili”nin uğurları bir daha göstərdi ki, xalqı əmin-amanlığa qovuşdurmağa, sabit inkişafı təmin etməyə qadir olan yeganə yol – əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan quruculuq və inkişaf yoludur. Xalq bu yola sadiqdir və onun davamını ölkəmizin inkişafının yeganə aparıcı qüvvəsi kimi qəbul edir.
Azərbaycan xalqının bu inamı öz təsdiqini bir daha 2013-cü ildə keçirilmiş prezident seçkilərində tapdı. Ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrilən 9 oktyabr prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı ulu öndərimizin müəyyənləşdirdiyi yolun davam etdirilməsində qərarlıdır. Ümummilli liderimizin siyasi kursuna ardıcıl sədaqət nümayiş etdirən görkəmli dövlət xadimi cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər daim inkişaf edən və yeniləşən Heydər Əliyev quruculuq xəttinə, dahi rəhbərimizin şanlı yubileyinə xalqımızın layiqli töhfələridir.
Böyük öndərimizin yubileyinə Naxçıvan Muxtar Respublikası da öz töhfəsini vermiş, 2013-cü ildə bütün sahələrdə inkişaf təmin olunmuş, makroiqtisadi göstəricilər daha da artmışdır. Belə ki, 2 milyard 337 milyon manatdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur ki, bu da bir il əvvəlki müvafiq göstərici ilə müqayisədə 10 faiz çoxdur. Onun hər bir nəfərə düşən həcmi də 2012-ci illə müqayisədə 9 faiz artaraq 5 min 420 manata çatmışdır. Ümumi Daxili Məhsulda maddi istehsal sektorunun 65 faizlik paya malik olması iqtisadi inkişafda dayanıqlığın təmin edilməsinin konkret göstəricisidir.
İqtisadi və sosial sahədə qazanılmış uğurlar, heç şübhəsiz ki, müxtəlif sahələr üzrə, o cümlədən regional inkişafla əlaqədar qəbul olunmuş dövlət proqramlarının vaxtında və tam həcmdə icrası ilə bağlıdır. Muxtar respublikanın 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan ikinci dövlət proqramının uğurla başa çatdırılması sahibkarlıq fəaliyyətinin inkişafına, əlverişli investisiya mühitinin formalaşdırılmasına, yeni istehsal sahələrinin və iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsinə öz təsirini göstərmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, muxtar respublikanın Ümumi Daxili Məhsulunda özəl bölmənin xüsusi çəkisi artmış və 87 faiz təşkil etmişdir.
Bu gün muxtar respublikanın iqtisadi inkişafının başlıca xüsusiyyəti hər bir rayonun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verən layihələrin həyata keçirilməsindən ibarətdir. Belə layihələrin davamı kimi, istehsal potensialının gücləndirilməsi siyasətinə uyğun olaraq, 2013-cü ildə müxtəliftəyinatlı 122 istehsal və xidmət sahəsi fəaliyyətə başlamışdır.
Səmərəli kredit mexanizminin formalaşdırılması yeni istehsal və xidmət sahələrinin yaradılmasını şərtləndirən əsas amillərdəndir. 2013-cü ilin ötən dövrü ərzində muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən həyata keçirilən 42 milyon 800 min manata yaxın kreditləşmənin 17 milyon 305 min manatı, yaxud 40 faizi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə verilmişdir. Sahibkarlıq subyektlərinə göstərilən maliyyə dəstəyinin 5 milyon 960 min manatı fərdi sahibkarlığın inkişafına, 11 milyon 345 min manatı isə özəl bölmədə yeni istehsal sahələrinin yaradılmasına yönəldilmişdir.
Sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait fəaliyyətin bu növünə olan marağın ildən-ilə artması ilə nəticələnmişdir. 2013-cü ildə sahibkarlıq fəaliyyəti ilə bağlı 24 hüquqi və 1162 fiziki şəxs müraciət etmiş, onların hamısı qeydə alınmışdır. Bu bir daha göstərir ki, sahibkarlıq subyektlərinin sayı ilbəil davamlı olaraq artır. Sahibkarların sayının artması, öz növbəsində, muxtar respublikada istehsal olunan məhsulların və göstərilən xidmətlərin çeşidinin də artmasına, müxtəlif məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına müsbət təsir göstərir. Artıq bu gün muxtar respublikada 115 növdə, 459 çeşiddə ərzaq, 231 növdə, 529 çeşiddə qeyri-ərzaq məhsullarının istehsalı üçün bütün imkanlar vardır. 2013-cü ildə 106-sı ərzaq və 226-sı qeyri-ərzaq olmaqla, 332 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilmişdir.
Yeni istehsal sahələrinin yaradılması daxili tələbat məhsulları istehsalı ilə yanaşı, məşğulluq problemlərinin həllinə də əhəmiyyətli təsir göstərmiş, 2013-cü ildə 2127 yeni iş yeri açılmışdır. Onun 92 faizi və ya 1960-ı daimi iş yerləridir.
Son illər sənayeləşmə muxtar respublikamızda həyata keçirilən iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması Ümumi Daxili Məhsul istehsalında bu sektorun həcminin ildən-ilə artmasını təmin etmişdir. Belə ki, 2013-cü ildə sənaye 29 faizlik payla Ümumi Daxili Məhsulun tərkibində ilk yerə sahib olmuş, istehsalın həcmi bir il öncə ilə müqayisədə artaraq 863 milyon manata çatmışdır. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür.
Müasir texnologiyalara əsaslanan yeni sənaye müəssisələrinin işə salınması daxili tələbatı yüksəkkeyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırmışdır. Bu istiqamətdə görülən işlərin nəticəsidir ki, cari ilin ötən dövründə 241 milyon manatlıq sənaye məhsulu ixrac olunmuşdur.
Muxtar respublikada sənayenin üstün inkişafına baxmayaraq, kənd təsərrüfatı həmişə öz aparıcı mövqeyini qorumuşdur. Əhalinin ərzaq məhsullarına, emal müəssisələrinin isə xammala olan tələbatının ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun təmin olunmasındakı yeri nəzərə alınaraq kənd təsərrüfatının inkişafı hər zaman diqqət mərkəzində saxlanılmışdır. Son illər aqrar sektorda çalışanlara müxtəliftəyinatlı güzəştli kreditlərin verilməsi, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi, satış yarmarkalarının təşkili bu sahəyə olan marağı artırmış, məhsuldarlıq yüksəlmişdir. Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi kimi 2013-cü ildə muxtar respublikada 337 milyon manatdan çox kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir.
Ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə 2008-ci il sentyabrın 17-də qəbul olunmuş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” keyfiyyətli və təhlükəsiz ərzaq istehsalında mühüm rola malikdir. Dövlət proqramının icrası nəticəsində kənd təsərrüfatının inkişafı sahəsində yeni imkanlar yaranmışdır. Əmək potensialının, əsasən, kənd yaşayış məntəqələrində cəmləşməsi, əlverişli iqlim və torpaq şəraiti, tarixən formalaşmış məşğulluq ənənələrinin mövcudluğu muxtar respublikada əkinçiliyin üstün inkişafını təmin etmiş, əkin sahələrinin həcmi artırılmış, 2013-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 127 hektar sahədə əkin aparılmışdır.
Məhsul istehsalçılarının müasir texnika və mineral gübrələrlə təchizatı da əkinçiliyin inkişafına öz təsirini göstərmişdir. 2013-cü ildə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. Hazırda bu təşkilat tərəfindən gətirilən texnikaların sayı 1227-yə çatmışdır. Gətirilmiş texnikalardan 253-ü 2013-cü ildə lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Bununla yanaşı, torpağın məhsuldarlığını artırmaq məqsədilə əkinçiliklə məşğul olan fermerlərə 4 min 124 ton mineral gübrə də verilmişdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətini genişləndirmək və xidmətlərin səviyyəsini daha da yaxşılaşdırmaq məqsədilə onun muxtar respublikanın bütün rayonlarda filiallarının yaradılması davam etdirilmiş, 2013-cü ildə Cəmiyyətin Şahbuz rayon filialı istifadəyə verilərək lazımi texnika ilə təchiz olunmuşdur.
Muxtar respublikada suvarma əkinçiliyinin geniş yayılması meliorasiya-irriqasiya sistemlərinin təkmilləşdirilməsini və yeniləşdirilməsini tələb edir. Bu sahədə görülən tədbirlərin davamı olaraq, 2013-cü ildə 4 nasos stansiyası, 3 subartezian quyusu və 11 kəhriz istifadəyə verilmişdir.
Kənd təsərrüfatında taxılçılıq 2013-cü ildə də üstün mövqeyi ilə seçilmişdir. 35 min 324 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 25 min 869 hektarını buğda təşkil etmişdir. Əvvəlki dövrə nisbətən taxıl əkini sahələrinin həcmi 359 hektar artırılmışdır. Taxıl zəmilərindən 102 min 960 ton məhsul toplanmışdır ki, bu da 2012-ci illə müqayisədə 1112 ton çoxdur. Taxıl istehsalının artımı ilə yanaşı, taxıl ehtiyatının yaradılması imkanları da yaxşılaşdırılmış, ümumi tutumu 9 min ton olan üç yeni bunker istifadəyə verilmişdir. Bununla da, Naxçıvan Muxtar Respublikasında taxılı uzun müddətə saxlamağa imkan verən anbarın həcmi 18 min tondan 27 min tona çatdırılmışdır. Bundan başqa, Culfa rayonunun Camaldın kəndində qədim su dəyirmanı bərpa olunaraq əhalinin istifadəsinə verilmişdir.
Kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış, 2957 hektar sahədə kartof əkilmişdir. Əkin sahələrindən 41 min tondan çox məhsul götürülmüş, kartof istehsalı keçən illə müqayisədə artırılmışdır.
Muxtar respublika həmişə özünün ekoloji cəhətdən saf və təmiz meyvə-tərəvəz məhsulları ilə tanınıb. 2012-ci il fevralın 14-də qəbul olunmuş “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası bu sahəyə olan marağı daha da artırmışdır. 2013-cü ildə tərəvəz məhsullarının istehsalı məqsədilə 359 min manat, bağçılıq təsərrüfatlarının inkişafı üçün isə 538 min manat kredit verilmişdir. Görülmüş işlərin nəticəsidir ki, məhsuldarlıq artmış, əkin sahələrindən 67 min tona yaxın tərəvəz, meyvə bağlarından 43 min tondan çox meyvə, 15 min tondan çox üzüm toplanmışdır.
Kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdıran amillərdən biri də bu məhsulların keyfiyyətlə saxlanmasına və il boyu satışına imkan verən soyuducu anbarların yaradılmasıdır. Cari ildə tutumu 250 ton olan 2 soyuducu anbar istifadəyə verilmiş, soyuducu anbarların sayı 17-yə, ümumi tutumu isə 12 min tona çatdırılmışdır.
Muxtar respublikada heyvandarlıq məhsullarının istehsalını artırmaq üçün mütərəqqi təsərrüfatçılıq metodları təşviq olunmuş, müasir tələblərə cavab verən 2 yeni heyvandarlıq təsərrüfatı yaradılmışdır. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq və damazlıq sahəsini inkişaf etdirmək məqsədilə 2013-cü ildə 337 baş, ümumilikdə isə son 5 ildə 1678 baş cins mal-qara gətirilərək lizinq yolu ilə fermerlərə verilmişdir.
Daxili bazarda quş əti və yumurtaya olan tələbatın tam şəkildə yerli istehsal hesabına ödənilməsi tədbirlərinə uyğun olaraq, cari ildə 13 yeni quşçuluq təsərrüfatı yaradılmış, quşçuluq təsərrüfatlarının ümumi sayı 59-a çatdırılmışdır. Bundan əlavə, muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək üçün Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi yaradılmışdır.
Arıçılığın inkişafına da diqqət artırılmışdır. Bu sahəyə maliyyə dəstəyi gücləndirilmiş, balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri istifadəyə verilmişdir. 2013-cü ilin əvvəlinə arıçılıq təsərrüfatlarında 65 mindən çox arı ailəsi mövcud olmuşdursa, il ərzində onların sayı artırılaraq 69 minə çatdırılmışdır. Bu artım bal istehsalının həcminə də öz təsirini göstərmiş, əvvəlki illə müqayisədə 2013-cü ildə 11 faiz artıq, yəni 1300 tondan çox bal istehsal edilmişdir.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, təbii sərvətlərin qorunması, onlardan səmərəli istifadənin təmin olunması istiqamətində də mühüm tədbirlər görülür. Bununla bağlı hər il keçirilən yaşıllaşdırma tədbirlərinin böyük əhəmiyyəti vardır. 2013-cü ildə 531 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 400 mindən çox ağac və gül kolu əkilmişdir.
Sosial-iqtisadi inkişaf üzrə əldə olunmuş nailiyyətlərin daha da artırılmasında səmərəli investisiya siyasəti mühüm əhəmiyyətə malikdir. Muxtar respublikada aparılan dövlət investisiya siyasətinin başlıca məqsədi kapital qoyuluşlarının sosial və iqtisadi cəhətdən zəruri olan layihələrə yönəldilməsini təmin etməkdən ibarətdir. 2013-cü ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşlarının həcmi 1 milyard 38 milyon manat təşkil etmişdir.
Muxtar respublikamızda insanların rahat yaşayışı üçün mənzil-kommunal xidmətlərinin səviyyəsi artırılır, zəruri infrastruktur layihələri icra olunur. 2013-cü ildə 592 obyekt tikilərək, əsaslı bərpa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Görülən işlərin əhatə dairəsinin ildən-ilə genişlənməsi hesabına tikinti-quraşdırma tədbirlərinə sərf olunan maliyyə vəsaitlərinin həcmi də artmışdır. Cari ildə əsas kapitala investisiya qoyuluşlarının 89 faizə qədəri və ya 919 milyon manatdan çoxu tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Funksional təyinatına görə digər tikililərdən fərqlənən kənd mərkəzlərinin inşasına diqqət artırılmışdır. İdarəçiliyin mərkəzləşdirilmiş qaydada təşkilinə və sakinlərin zəruri xidmətlərlə çevik təminatına imkan verən bu mərkəzlər yaxın perspektivdə muxtar respublikanın bütün qəsəbə və kəndlərini əhatə edəcəkdir. 2013-cü ildə 20 kənd mərkəzi tikilmiş və yenidən qurulmuş, ümumilikdə, muxtar respublikadakı kənd mərkəzlərinin sayı 104-ə çatdırılmışdır. Kənddə yaşayan əhalinin zəruri istehlak mallarını sərfəli qiymətlərlə əldə etməsinə, həmçinin müxtəlif məişət xidmətlərindən yerindəcə istifadəsinə imkan verən xidmət mərkəzlərinin də yaradılması diqqət mərkəzində saxlanılmış, 2013-cü ildə 21 xidmət mərkəzi tikilmiş və ya yenidən qurulmuşdur. Bütövlükdə, kənd və qəsəbələrdə 76 xidmət mərkəzi istifadəyə verilmişdir.
Əhalinin şəxsi vəsaiti hesabına aparılan inşaat işlərinin də həcmi artmışdır. Cari ildə əhali tərəfindən tikilən mənzillərin sahəsi 358 min kvadratmetrdən artıq olmuşdur ki, bu da bir il əvvəlki nəticə ilə müqayisədə 8 min 248 kvadratmetr çoxdur.
Mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sahədə infrastrukturun yeniləşdirilməsi, məişət tullantılarının vaxtında daşınması işinin operativ təşkili məqsədilə cari ildə də muxtar respublikaya yeni texnika və avadanlıqlar alınıb gətirilmişdir. Əhalinin rahatlığına və yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən kommunal-məişət sistemlərinin yaxşılaşdırılması tədbirlərinin tərkib hissəsi kimi içməli su xətlərinin və kanalizasiya şəbəkələrinin tikintisi Naxçıvan şəhəri, rayon mərkəzləri və ətraf kəndlər üzrə davam etdirilmiş, Naxçıvan Şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilmişdir.
Sosial-iqtisadi tərəqqidə dinamik artım meyillərinin qorunub saxlanılması maddi istehsalın üstün inkişafı ilə yanaşı, infrastrukturun yenilənməsindən və burada müasir standartların tətbiqindən xeyli dərəcədə asılıdır. Bu baxımdan muxtar respublikada yol-nəqliyyat infrastrukturunun inkişafına xüsusi əhəmiyyət verilir, nəqliyyat kompleksi yenilənərək beynəlxalq standartlara uyğun təşkil edilir, yeni yollar salınır. Bu gün magistral yollarının böyük əksəriyyətinin yenidən qurulduğu muxtar respublikamızda kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması diqqətdən kənarda qalmır, bu məqsədlə xüsusi maliyyə vəsaitlərinin ayrılması təmin edilir. Ölkə Prezidenti 2013-cü il 5 mart tarixli Sərəncamla Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6 milyon 300 min manat vəsait ayırmışdı. Artıq hörmətli Prezidentimizin Sərəncamı icra olunmuş, tikinti işləri başa çatdırılmışdır. Ümumilikdə isə 2013-cü ildə muxtar respublikada 164 kilometr uzunluğunda yollar salınmış və ya əsaslı təmir olunmuş, 21 körpü tikilərək, 12 körpü isə təmir olunaraq istismara verilmişdir.
Müasir dünyada ölkələrin rəqabətə davamlılığı, ilk növbədə, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə ölçülür. Bu amil nəzərə alınaraq ölkəmizdə yeni informasiya texnologiyalarının tətbiqi diqqət mərkəzində saxlanılır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına göstərilən diqqətin daha bir təzahürüdür. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı muxtar respublikamızda da Tədbirlər Planı təsdiq olunmuş və müvafiq işlər görülmüşdür. Telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 57 faizinə xidmət göstərir. Avtomat telefon stansiyalarının 94 faizi fiber-optik bağlantılarla təmin edilmişdir. İnformasiya cəmiyyətinin formalaşmasında xüsusi əhəmiyyətə malik olan “Elektron hökumət”in qurulması istiqamətində ardıcıl tədbirlər görülmüş, “Elektron hökumət” portalı yaradılmışdır. Muxtar respublikada keyfiyyətli televiziya və radio yayımının təşkili məqsədilə tədbirlər görülmüşdür. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 75 faizində rəqəmli yayım təşkil edilmişdir.
Poçt xidmətlərinin müasir tələblər səviyyəsində qurulmasını, ənənəvi xidmətlərlə yanaşı, əhaliyə yerlərdə poçt-maliyyə xidmətlərinin də göstərilməsini və kommunal xidmət haqlarının poçtlar vasitəsilə yığılmasını təmin etmək, eləcə də bu sahədə idarəetməni təkmilləşdirmək məqsədi ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Muxtar respublikanın enerji təhlükəsizliyi həyati əhəmiyyətli məsələdir. Ona görə bu sahədə görülən işlər 2013-cü ildə də davam etdirilmiş, Şərur rayonunda 20,5 meqavat gücündə Arpaçay Su Elektrik Stansiyası tikilərək istifadəyə verilmişdir. Ordubad rayonunda 36 meqavat gücündə “Ordubad”, Şərur rayonunda isə 1,4 meqavat gücündə “Arpaçay-2” su elektrik stansiyalarının tikintisi davam etdirilir. Muxtar respublikada həyata keçirilən enerji layihələri deməyə əsas verir ki, yaxın illərdə daxili tələbat tamamilə su elektrik stansiyaları hesabına ödəniləcəkdir ki, bu da istehsal prosesinin ən rentabelli formasıdır.
Enerji təhlükəsizliyini təmin edən mühüm faktorlardan biri də muxtar respublikanın təbii qazla tam təmin olunmasıdır. İstehlakçıların təbii qazla fasiləsiz təchiz olunması ilə yanaşı, mövcud infrastrukturun yenilənməsi də diqqət mərkəzində saxlanmış, istismar müddəti ötmüş qaz xətlərinin yenilənməsi təmin olunmuşdur. 2013-cü ildə 81,6 kilometr uzunluğunda Naxçıvan-Sədərək yüksəktəzyiqli qaz xəttində tikinti işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
Elektrik enerjisi və təbii qazla fasiləsiz təminat enerji və qazdan istifadəyə görə vəsaitlərin toplanmasına da öz təsirini göstərmiş, istehlak olunan enerji daşıyıcılarının dəyəri abonentlər tərəfindən tam həcmdə ödənilmişdir.
Enerji daşıyıcıları sahəsində davam etdirilən yeniləşmə payız-qış mövsümünə hazırlıqla bağlı problemlərin də aradan qaldırılmasına imkan vermişdir. Hər il olduğu kimi, 2013-cü ildə də qış mövsümünə hazırlıqla əlaqədar Ali Məclisdə müşavirə keçirilərək aid orqanlar qarşısında konkret vəzifələr müəyyənləşdirilmişdir. Artıq Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərindəki çoxmərtəbəli yaşayış binaları da qış aylarında fasiləsiz istiliklə təmin olunur. Bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə cari ildə 12 qazanxana tikilərək istifadəyə verilmişdir. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin böyük bir qisminin, idman müəssisələrinin isə hamısının mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunması qış mövsümündə bu təşkilatların normal fəaliyyətinə şərait yaratmışdır.
Sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər əhali rifahının davamlı yüksəlişinə səbəb olmuş, 2013-cü ildə bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği artaraq 377 manata çatmışdır. 2013-cü ildə ölkə rəhbərinin sərəncamlarına əsasən, minimum əməkhaqqının və pensiyaların baza hissəsinin, eləcə də müxtəlif peşə sahiblərinin əməkhaqlarının orta hesabla 10 faiz artırılması da əməkhaqqı artımına müsbət təsir göstərmişdir.
Əməkhaqqı artımı, eləcə də yeni istehsal və xidmət sahələrinin yaradılması əhali gəlirlərinin artması ilə nəticələnmişdir. 2013-cü ildə muxtar respublikada əhalinin gəlirləri keçən ilə nisbətən 7 faiz artmış və 1 milyard 737 milyon manatdan çox olmuşdur.
Gəlirlərin həcmində müşahidə olunan irəliləyiş əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsində, istehlak bazarında əmtəə dövriyyəsinin və pullu xidmətlərin artımında da özünü daha qabarıq şəkildə göstərir. 2013-cü ildə muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 289 milyon manatdan çox istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da əvvəlki ilin göstəricilərindən 13 faiz çoxdur.
İqtisadi sahədə əldə olunan artım, öz növbəsində, muxtar respublika büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin də artmasına səbəb olmuşdur. 2013-cü ilin ötən dövründə muxtar respublika büdcəsinin gəlirləri 59 milyon 464 min manat olmuşdur. Pensiya və müavinətlərin ödənilməsinə yönəldilmiş vəsaitin 51 faizi, yaxud 52 milyon 635 min manatı məcburi dövlət sosial sığorta haqqı şəklində toplanmışdır.
Dövriyyədə olan nağd pul kütləsinin həcminin azaldılmasında və vergidənyayınma hallarının qarşısının alınmasında əməliyyatların nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm şərtdir. Bu məqsədlə cari ilin ötən dövründə ticarət və satış obyektlərində 131 POS-terminal quraşdırılmış və ümumilikdə, fəaliyyət göstərən POS-terminalların sayı 227-yə çatdırılmışdır.
2013-cü ilin ötən dövründə muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 58-i hüquqi, 7 min 702-si isə fiziki şəxs olmaqla, 7 min 760 bank hesabı açılmışdır. Açılmış bank hesablarından 7 min 706-sı və ya 99 faizi aktiv hesablardır. Cari ilin ötən dövründə banklar tərəfindən dövriyyəyə 716 milyon 600 min manata yaxın pul kütləsi buraxılmışdır.
Muxtar respublika iqtisadiyyatının dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə də şərait yaradır. 2013-cü ildə xarici ticarət dövriyyəsinin həcmi əvvəlki ilə nisbətən 11 faiz artaraq 501 milyon 493 min ABŞ dolları təşkil etmişdir ki, bunun da 389 milyon 915 min ABŞ dolları ixracın, 111 milyon 578 min ABŞ dolları isə idxalın payına düşmüşdür. İxracın idxalı üstələməsi nəticəsində xarici ticarət dövriyyəsində 278 milyon 337 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır.
2013-cü il təkcə makroiqtisadi göstəricilərlə deyil, eyni zamanda elm, təhsil, səhiyyə və digər sahələrdə uğurlu nəticələrin qazanılması, əvvəlki illərdən başlanmış mütərəqqi islahatların daha geniş vüsət alması ilə də yaddaqalan olmuşdur. 2013-cü ildə elm və təhsilin, intellektual əməyin inkişafı sahəsində bir sıra tədbirlər görülmüş, elmi-tədqiqat müəssisələrinin və təhsil ocaqlarının fəaliyyəti üçün ən müasir şəraitin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Naxçıvana həsr olunmuş çoxlu sayda kitab, albom, elmi-kütləvi məqalə, qəzet və jurnal materiallarının, sənədli filmlərin, elektron daşıyıcıların qorunub saxlanılması, tədqiq və təbliğ olunması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılaraq fəaliyyətə başlamışdır.
2013-cü ildə elmi kadrların sayı artmış, 4 nəfər elmlər doktoru, 10 nəfər isə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Ali təhsil və elm mərkəzlərində 6 beynəlxalq, 65 respublika və ali məktəb əhəmiyyətli konfrans və simpoziumlar keçirilmişdir. Alim və tədqiqatçıların 72 kitab və monoqrafiyası, 23 metodiki vəsaiti, 1500-dən çox elmi məqalə və tezisi çap olunmuşdur. Ali Məclis Sədrinin 2012-ci il 6 avqust tarixli Sərəncamına uyğun olaraq, “Naxçıvan tarixi” çoxcildliyinin fundamental elmi əhəmiyyət kəsb edən birinci cildi hazırlanaraq çap edilmişdir.
Hər bir xalqın intellektual potensialını formalaşdıran və elmi səviyyəsini yüksəldən əsas sahə təhsildir. Təsadüfi deyildir ki, ümummilli liderimiz təhsilin inkişafını diqqət mərkəzində saxlayaraq deyirdi: “Təhsil uşaqları, gəncləri gələcəyə əsl vətəndaş, yüksək səviyyəli mütəxəssis kimi hazırlayan müqəddəs bir sahədir”. İstənilən dövrdə iqtisadiyyatın inkişafında aparıcı amil olan təhsil eyni zamanda yüksək mədəni və intellektual səviyyəli cəmiyyətin formalaşmasında da əhəmiyyətli rola malikdir. Bu amil nəzərə alınaraq muxtar respublikamızda təhsil infrastrukturunun yenilənməsi, müasir tədris vasitələri ilə təchiz olunmuş məktəb binalarının tikintisi hər il diqqət mərkəzində saxlanılır. 2013-cü ildə Naxçıvan şəhərində 972 şagird yerlik 10 nömrəli, 846 şagird yerlik 16 nömrəli, Şərur rayonunun Sərxanlı kəndində 234, Dəmirçi kəndində 1026, Xanlıqlar kəndində 396, Şahbulaq kəndində 110, Gümüşlü kəndində 132, Babək rayonunun Şəkərabad kəndində 306, Çeşməbasar kəndində 234, Ordubad rayonundakı Sabirkənddə 378, Ələhi kəndində 88, Bist kəndində 154, Xurs və Nürgüt kəndlərinin hər birində 110, Nəsirvaz kəndində 88, Culfa rayonunun Kırna kəndində 306, Teyvaz kəndində 110, Şahbuz rayonunun Kükü kəndində 198, Ayrınc və Qızıl Qışlaq kəndlərinin hər birində 110, Kəngərli rayonunun Xok kəndində 1080 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilmiş, Babək rayonunun Cəhri və Sədərək rayonunun Sədərək kəndlərinin hər birində 828 şagird yerlik məktəb binalarının yenidən qurulması, Culfa rayonunun Ərəfsə kəndində 320 və Şurud kəndində 90 şagird yerlik məktəb binalarının isə əsaslı təmiri başa çatdırılmışdır. Ümumilikdə, 2013-cü ildə 9 min 164 şagird yerlik 25 tam orta məktəb binasında tikinti, yenidənqurma və əsaslı təmir işləri həyata keçirilmişdir.
Aydındır ki, qabaqcıl texnologiyalar tətbiq edilmədən təhsil sistemini irəli aparmaq mümkün deyil. Bu baxımdan təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblər səviyyəsində möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilməsi xüsusi diqqət yetirilən məsələlərdəndir. Hazırda muxtar respublikanın ümumtəhsil müəssisələri hər 13 şagirdə bir kompüter olmaqla, 3409 dəst kompüterlə təchiz olunmuşdur. Onlardan 2849-u və ya 84 faizi internetə qoşulmuşdur. Bundan başqa, tədrisin keyfiyyətini yüksəltmək məqsədilə orta məktəblərdə 548 elektron lövhə quraşdırılaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Təhsilin inkişafına göstərilən diqqət və qayğı bu sahədə keyfiyyət göstəricilərinin də ilbəil yaxşılaşmasına səbəb olmuşdur. 2013-cü ildə qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1677 nəfəri ali məktəblərin, 515 nəfəri isə orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Cari ildə 500-dən yuxarı bal toplayan tələbələrin sayı ötən ilə nisbətən artaraq 312 nəfər olmuşdur. Onlardan 6-sı Prezident təqaüdünə, təhsildə qazandığı yüksək nailiyyətlərə görə isə 3 məktəb ilin “Ən yaxşı ümumtəhsil məktəbi”, 5 müəllim “Ən yaxşı müəllim” mükafatına layiq görülmüşdür.
Məktəbəqədər təhsil uşaqların intellektual inkişafında, məktəbə hazırlanmasında, bacarıq və vərdişlərinin formalaşmasında mühüm rol oynayır. Ona görə də muxtar respublikamızda bu sahəyə xüsusi diqqət yetirilir, yeni uşaq bağçaları tikilir, onlar lazımi avadanlıqlarla təmin edilir. 2013-cü ildə Ordubad şəhərində 242, Heydərabad qəsəbəsində isə 144 yerlik uşaq bağçaları istifadəyə verilmişdir. Naxçıvan şəhərində və Babək qəsəbəsində uşaq bağçalarının tikintisi davam etdirilir. Bununla yanaşı, uşaq musiqi məktəbləri şəbəkəsinin genişləndirilməsi də diqqətdə saxlanmış, Naxçıvan şəhərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi tikilərək, 3 nömrəli Uşaq Musiqi Məktəbi üçün bina isə yenidən qurularaq istifadəyə verilmişdir.
Gənc nəslin təhsili və təlim-tərbiyəsi qədər onların sağlam böyüməsi də vacibdir. Ümumiyyətlə, əhali sağlamlığının qorunmasında səhiyyə müəssisələrinin müasir tələblərə uyğun fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Səhiyyə sahəsində siyasətin başlıca məqsədi əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin edilməsindən ibarətdir. Bunun üçün müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə müəssisələri tikilir, burada çalışanların peşəkarlığının artırılması məqsədilə tədbirlər görülür. Səhiyyə sistemində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq 2013-cü ildə Şərur rayonunun Dəmirçi, Xanlıqlar və Sərxanlı, Babək rayonunun Çeşməbasar, Ordubad rayonunun Bist, Culfa rayonunun Kırna, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Kükü və Qızıl Qışlaq kəndlərində həkim ambulatoriyaları, Şərur rayonunun Gümüşlü və Şahbulaq, Babək rayonunun Şəkərabad, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Ələhi və Xurs, Culfa rayonunun Teyvaz, Şahbuz rayonunun Güney Qışlaq və Ayrınc kəndlərində isə feldşer-mama məntəqələri istifadəyə verilmiş, Babək Rayon Mərkəzi Xəstəxanasının tikintisi, Kəngərli Rayon Xəstəxanasının və Şahbuz rayonunun Sələsüz kəndində isə həkim ambulatoriyasının yenidən qurulması başa çatdırılmış, bütövlükdə, 22 səhiyyə müəssisəsi tikilmiş və ya yenidən qurulmuşdur.
Cari ildə əhalinin sosial müdafiəsi sahəsində də tədbirlər davam etdirilmiş, qayğıya ehtiyacı olan 30 nəfərə minik avtomobili verilmiş, iki ailə üçün fərdi yaşayış evi tikilmişdir.
Hər bir millətin gələcəyi onun gəncliyinin necə yetişməsindən asılıdır. Muxtar respublikada bu sahəyə olan qayğının nəticəsidir ki, bu gün məşğul əhalinin əksəriyyətini gənclər təşkil edir. Gənclərin sağlam, vətənpərvər ruhda yetişmələri, cəmiyyətin müxtəlif sahələrində fəal iştiraklarının təmin olunması üçün hərtərəfli şərait yaradılıb.
Həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsidir. Bununla bağlı bir sıra tədbirlər görülmüş, Atıcılıq, Hava və Ekstremal İdman Növləri federasiyaları yaradılmış, Naxçıvan şəhərində Atıcılıq Mərkəzi, Babək rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni bina istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublika Stadionunda yenidənqurma işləri aparılmışdır. “Araz-Naxçıvan” Futbol Klubunun peşəkar futbola qayıdışı təmin olunmuşdur.
Mövcud idman potensialı muxtar respublikada beynəlxalq turnir və yarışların keçirilməsinə də əlverişli şərait yaratmışdır. Cari ildə “Naxçıvan Open-2013” Beynəlxalq Şahmat Festivalının və yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin, futbol üzrə Azərbaycan kubokunun final yarışının, eləcə də digər idman yarışlarının keçirilməsi muxtar respublikada idmanın kütləviliyinin artırılması baxımından əhəmiyyətli olmuşdur.
“Heydər Əliyev ili”ndə tarixi-mədəni irsin qorunması və təbliği, mədəni potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanmış, mədəniyyət obyektlərinin inşası və təmiri davamlı xarakter almışdır. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin inzibati binası və sərgi salonu tikilərək, Naxçıvan şəhərində Saat meydanı və parkı yaradılaraq istifadəyə verilmişdir.
Tarixi abidələr qədim irsimizin, milli mədəniyyətimizin öyrənilməsində əvəzsiz mənbədir. Xalqımızın tarixini özündə yaşadan abidələr həm də milli dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin bərpası davam etdirilmiş, Naxçıvan şəhərində “Buzxana” tarix-memarlıq abidəsi bərpa olunaraq istifadəyə verilmişdir.
Tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, incəsənətimizin öyrənilməsi və təbliği, gələcək nəsillərə çatdırılması işində muzeylər əhəmiyyətli rol oynayırlar. Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvanın tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Cari ildə Ordubad rayonunun Nəsirvaz kəndində “Gəmiqaya” Tarix-Bədii Qoruğu və Muzey üçün bina tikilmiş, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi və Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi yenidən qurulmuşdur.
Milli-mədəni dəyərlərimizin qorunması tədbirləri çərçivəsində xalq tətbiqi sənətinin əsas qollarından olan xalçaçılığın təbliği məqsədi ilə aparılan elmi araşdırmalar nəticəsində nəfis tərtibatda “Naxçıvan xalçaçıları” kitabı və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı çap olunmuş, “Naxçıvan xalçaları” sənədli filmi çəkilmişdir. Yenidənqurmadan sonra istifadəyə verilən Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyası zənginləşdirilmiş, muzeyin internet saytı hazırlanmışdır.
Bu gün muxtar respublikada dini dəyərlərin yaşadılması istiqamətində də ardıcıl tədbirlər görülür, dini abidələrin bərpasına və yenidən qurulmasına hərtərəfli diqqət yetirilir. 2013-cü ildə Culfa rayonunun Əbrəqunus kəndində yeni məscid tikilərək, Teyvaz kəndində isə məscid binası bərpa olunaraq dindarların ixtiyarına verilmişdir.
Naxçıvan torpağı Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına dahi şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin xalqımız qarşısında xidmətləri heç vaxt unudulmur, onların xatirəsi əziz tutulur. 2013-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Məmməd Arazın 80, İslam Səfərlinin 90 illik yubileyləri təntənəli şəkildə qeyd olunmuş, Məmməd Araz irsinin öyrənilməsi və təbliği məqsədi ilə şairin doğulub boya-başa çatdığı Nursu kəndində ev-muzeyinin yaradılması qərara alınmışdır.
Muxtar respublikada kitabxana işinin müasir standartlar səviyyəsində qurulması və elektron kitabxanaların yaradılması sahəsində də başlanmış işlər davam etdirilmiş, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində və Naxçıvan Dövlət Universitetində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır.
Müasir dünyada turizm sektoru iqtisadi cəhətdən ən gəlirli və perspektivli sahələrdən biridir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Belə tədbirlərin davamı kimi Şahbuz rayonu ərazisində müasir standartlara uyğun Ağbulaq İstirahət Mərkəzi istifadəyə verilmişdir. Turizm sektorunda fəaliyyətin səmərəli təşkilinin nəticəsidir ki, 2013-cü ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xaricdən, ümumilikdə, 370 mindən çox turist gəlmişdir.
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, əməkdaşların fəaliyyətinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər 2013-cü ildə də davam etdirilmişdir. Naxçıvan Dövlət Televiziyası və Radiosunun texniki imkanları daha da artırılmış, yeni efir və çəkiliş avadanlıqları alınmış, virtual studiya yaradılmışdır. Bununla yanaşı, hazırlanan verilişlərin keyfiyyətini artırmaq məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziyasında və “Naxçıvanın səsi” radiosunda bədii şuralar fəaliyyətə başlamışdır. “Şərq qapısı”, şəhər və rayon qəzetlərinin də maddi-texniki bazaları yaxşılaşdırılmış, qəzet redaksiyalarına kompüter dəstləri, fotoaparatlar və səsyazma avadanlıqları verilmişdir.
2013-cü ildə həyata keçirilən tədbirlər insanların rifah halını yaxşılaşdırmaqla bərabər, sabitliyin və əmin-amanlığın qorunmasına da öz təsirini göstərmişdir. Sabitlik o yerdə davamlı olur ki, iqtisadi inkişafla yanaşı, ordu quruculuğu da davamlı xarakter alsın. Bu prinsip əsas götürülərək ordu quruculuğu muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılmış, ordunun döyüş qabiliyyəti daha da yüksəldilmiş, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmış, maddi-texniki baza möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülmüşdür. 2013-cü ildə Naxçıvan şəhərində Daxili Qoşunların Naxçıvan Alayının zabitləri üçün iki yaşayış binasının, Şahbuz şəhərindəki hərbi hissədə yeni texniki parkın və sursat anbarının tikintisi, Kəngərli rayonundakı hərbi hissədə əsgər yataqxanasının yenidən qurulması başa çatdırılmışdır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi üçün inzibati bina yenidən qurularaq istifadəyə verilmişdir.
Ölkəmizin müharibə vəziyyətində olması ordunun ixtisaslı zabitlərlə təmin olunmasına diqqətin artırılmasını zəruri edir. Vətənpərvərlik tərbiyəsinin artırılmasının nəticəsidir ki, bu gün gənclər arasında hərbi təhsilə olan maraq getdikcə artır. 2013-cü ildə Heydər Əliyev adına Hərbi Liseyi bitirmiş kursantlardan 177-si ali hərbi məktəblərə qəbul olmuşdur. Bu gün ümumtəhsil məktəblərimizin məzunları arasında da ali hərbi və xüsusi təyinatlı məktəblərdə təhsilə maraq güclüdür. Təkcə builki orta məktəb məzunlarından 38 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunmuşdur.
Hüquq-mühafizə orqanlarının iş şəraitinin yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının və təlim mərkəzinin, Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Şərur və Babək Rayon şöbələrinin inzibati binalarının və texnika parklarının tikintisi aparılmışdır.
Davamlı iqtisadi inkişaf, yeni iş yerlərinin açılması, gənclərin səmərəli məşğulluğunun təmin edilməsi muxtar respublikada cinayətkarlığın aşağı səviyyədə olması ilə nəticələnmişdir. Bu işdə düzgün təşkil olunmuş hüquq maarifi və profilaktik tədbirlər də öz təsirini göstərmişdir.
Məşğulluğun təmin olunması, yeni iş yerlərinin açılması, əhali rifahının yaxşılaşdırılması və ailələrin iqtisadi müstəqilliyinin təmin edilməsi demoqrafik vəziyyətə də müsbət təsir göstərmiş, 2013-cü ildə muxtar respublika əhalisinin sayı artaraq 435 min nəfərdən çox olmuşdur.
Bir sözlə, “Heydər Əliyev ili” muxtar respublikanın tarixinə bütün sahələrdə qazanılan nailiyyətlər ili kimi daxil olmuş, iqtisadi inkişafın dinamik artımı təmin edilmişdir. Bu inkişafa töhfəsini verənlərin əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 53 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilmiş, 1 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmiş, 9 nəfər Prezident mükafatına layiq görülmüşdür. Həmçinin 21 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 4 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 33 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunmuşdur.
Bu nailiyyətlərin qazanılmasında, Naxçıvan Muxtar Respublikasının inkişafında əməyi olanların hamısına təşəkkürümüzü bildiririk.
Hörmətli sessiya iştirakçıları!
Qarşıda bizi daha mühüm vəzifələr gözləyir. Biz ümummilli liderimizin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, yaşatmağa və inkişaf etdirməyə borcluyuq. Bunu isə yalnız bütün sahələrdə ən yüksək nəticələrə nail olmaqla təmin etmək mümkündür. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Növbəti illərdə biz bütün istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti üzrə ancaq və ancaq irəli gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın”.
Bu yolda hamınıza uğurlar arzulayıram.
Sağ olun!
Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının QANUNU
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 66 800 000,0 manat, xərcləri 350 500 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 283 700 000,0 manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 47 710 000,0 manat, yerli gəlirləri 19 090 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 263 425 905,0 manat, yerli xərcləri 87 074 095,0 manat) məbləğində təsdiq edilsin.
Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:
Maddə 3. Müəyyən edilsin ki, “Avtomobil Yolları” Məqsədli Büdcə Fondu dövlət büdcəsinin aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:
Maddə 4. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinə vergi daxilolmaları müəyyən olunmuş vergi dərəcələrinə uyğun olaraq hesablanır.
Maddə 5. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində aşağıdakı məqsədlərə yönəldilir:
Maddə 6. Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsinin xərcləri funksional və iqtisadi təsnifatın paraqrafları səviyyəsində bu Qanunun əlavəsində verilmiş məbləğlərdə təsdiq edilsin.
Maddə 7. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonları üzrə gəlirlər 19 170 000,0 manat, o cümlədən şəhər və rayonların yerli gəlirlərinə aid olan məbləğ 19 090 000,0 manat, “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna aid olan məbləğ 80 000,0 manat, yerli xərcləri 87 074 095,0 manat olmaqla, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait 67 984 095,0 manat təsdiq edilsin.
(manatla)
Maddə 8. Büdcə daxilоlmalarının vəziyyətindən asılı оlmayaraq, əməkhaqqı, əməkhaqqına üstəlik, pensiya, başqa sоsial müavinətlər və ödənişlər müdafiə оlunmuş xərc maddələridir.
Maddə 9. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 28 dekabr 2013-cü il
“Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin FƏRMANI
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2013-cü il 28 dekabr tarixli 16-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxil olmasını təmin etmək üçün dövlət orqanları üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilsin:
(manatla)
2. “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə nəzərdə tutulan dövlət büdcəsinin xərcləri dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlar və оnlar tərəfindən həyata keçiriləcək tədbirlər üzrə aşağıdakı kimi bölüşdürülsün:
(manatla)
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. “Naxçıvan Muxtar Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ilə dövlət büdcəsinin gəlirləri üzrə təsdiq оlunmuş göstəricilərin yerinə yetirilməsinə nəzarət etsin;
3.2. bu Fərmanın 2.10.1-ci yarımbəndində (Dövlət əsaslı vəsait qоyuluşu (investisiya xərcləri)) nəzərdə tutulan vəsaitin оbyektlər və istiqamətlər üzrə bölgüsünü həyata keçirsin və bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məlumat versin.
4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi:
4.1. 2014-cü ilin dövlət büdcəsində nəzərdə tutulan Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Kоmitəsinin xətti ilə daxil olan vergi və ödənişlərin aylıq və rüblük bölgüsünü həmin оrqanlarla razılaşdırıb təsdiq etsin;
4.2. bu Fərmanın 2.1.4-cü, 2.1.5.7-ci, 2.4.6-cı, 2.5.5-ci, 2.7.5-ci və 2.9.6-cı yarımbəndlərində nəzərdə tutulan vəsaitin (dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri) aidiyyəti təşkilatlar üzrə bölgüsünü həyata keçirsin.
5. Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi muxtar respublikanın şəhər və rayonları üzrə müəyyən olunmuş vergi daxilolmalarının aylıq proqnozunun icrasının təmin edilməsi üçün tədbirlər görsün və görülmüş işlər barədə rübdə bir dəfə aidiyyəti üzrə məlumat təqdim etsin.
6. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 28 dekabr 2013-cü il
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının QANUNU
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin gəlirləri 48 689 000,0 manat, xərcləri 120 840 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 72 151 000,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2014-cü ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Maddə 4. Qalıq vəsaitlərdən istifadə
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 5. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 28 dekabr 2013-cü il
“Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin FƏRMANI
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2013-cü il 28 dekabr tarixli 17-IV QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunundan irəli gələn məsələləri həll etsin.
2. Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu:
2.1. Fondun 2014-cü il büdcəsinin gəlirlərinin və xərclərinin yerinə yetirilməsi üçün tədbirlər görsün və aidiyyəti üzrə məlumat versin;
2.2. dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənməsini təmin etmək üçün tədbirlər həyata keçirsin.
3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Naxçıvan şəhəri, 28 dekabr 2013-cü il