Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının gücləndirilməsi, nazirliyin və onun struktur qurumlarının iş şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Bu gün muxtar respublikada fövqəladə hadisələrin baş vermədən qarşının alınması, yaşayış məntəqələrinin və əhalinin təbii və texnogen hadisələrdən qorunması diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi üçün yeni bina inşa olunur.
Yanvarın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılan əraziyə və binanın layihəsinə baxmışdır.
Məlumat verilmişdir ki, binanın yerləşdiyi ərazi rayonun yaşayış məntəqələri istiqamətində şəxsi heyətin və avtomobillərin hərəkətinin təşkilinə uyğun seçilmişdir. Hazırda binanın özülü qazılmış və ilkin dəmir-beton işləri görülmüşdür. Ərazidə inzibati bina, yeraltı ehtiyat su hovuzu, texniki qaraj və təlim qülləsi tikiləcək, növbətçi yanğınsöndürmə xidmətinin fəaliyyətinin təmin olunması üçün hər cür şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti