Başıqarlı dağların əhatəsində yerləşən Bist və Nəsirvaz Ordubad rayonunun ən ucqar dağ kəndləridir. Yaşı min illərlə ölçülən, qədim tarixə, gözəl təbiətə, turizm potensialına, zəhmətkeş və torpağa bağlı insanlara malik olan bu yaşayış məntəqələrində sakinlərin sosial problemləri vaxtlı-vaxtında həll olunur. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində bu il kəndlərdə yeni sosial obyektlər tikilmiş, geniş abadlıq işləri aparılmışdır. Hər iki kənddə yaradılan müasir infrastruktur insan amilinə verilən qiymətin ifadəsi olmaqla yanaşı, dövlətimizin iqtisadi gücünün də daha bir göstəricisinə çevrilmişdir.
Dekabrın 21-də Bist və Nəsirvaz kəndlərində yeni sosial obyektlər istifadəyə verilmişdir.
Bist kənd tam orta məktəbinin binasında yenidənqurma işləri aparılmışdır
Bu il Bist kənd tam orta məktəbinin binası yenidən qurulmuş, müasir tədris sistemi yaradılmışdır.
Dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bist kənd tam orta məktəbinə gəlmiş, yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, ikimərtəbəli məktəb binası 154 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter və müəllimlər otaqları, kitabxana, idman zalı və açıq idman qurğuları yerləşir. Məktəbin kitabxana fondunda 2500 latın qrafikalı dərslik və 1300 bədii ədəbiyyat olmaqla, 3800 kitab vardır.
Yenidənqurma işləri zamanı məktəbdə yeni informasiya texnologiyaları quraşdırılmış, kompüter otağı və 3 elektron lövhəli sinif yaradılmışdır. Elektron lövhələr keçilən dərslərin nəzəri cəhətdən daha yaxşı mənimsənilməsinə imkan verəcəkdir. Kompüter otağındakı 15 kompüterin hər biri internetə qoşulmuşdur.
Məktəbin kimya-biologiya və fizika laboratoriyalarında, hərbi kabinəsində, idman zalında yaradılan şərait də bu fənlər üzrə dərslərin daha yaxşı tədrisinə şərait yaradacaqdır.
Müəllimlərlə görüşən Ali Məclisin Sədri Bist kənd tam orta məktəbində müasir tədris şəraitinin yaradılmasının qarşıya mühüm vəzifələr qoyduğunu bildirərək demişdir ki, pedaqoji kollektiv daim öz üzərində işləməli, şagirdlərin hərtərəfli təhsil alması, müasir informasiya texnologiyalarını mənimsəyən, intellektli və vətənpərvər gənc nəslin yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır. Ötən tədris ilində məktəbin nailiyyətləri qənaətləndirici olmuş, məzunlardan 7-si ali məktəblərə, 3-ü isə orta ixtisas məktəblərinə qəbul olunmuş, 1 nəfər 500-700 intervalında yüksək bal toplamışdır. Məktəbin pedaqoji kollektivinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, 1 müəllim “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. Ali Məclisin Sədri gələcəkdə nailiyyətlərin daha da artırılacağına əminliyini bildirmiş, kollektivə tədrisdə uğurlar arzulamışdır.
Məktəbin müəllimləri yaradılan şəraitə və göstərilən qayğıya görə minnətdarlıq etmiş, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində səylə çalışacaqlarını bildirmişlər.
Bist kənd həkim ambulatoriyasının yeni binasının açılışı olmuşdur
Muxtar respublikada əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır, aparılan quruculuq işləri zamanı yeni səhiyyə ocaqları tikilir. Son 18 ildə muxtar respublikada 217 səhiyyə müəssisəsinin istifadəyə verilməsi bu sahədə həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikada səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, dekabrın 21-də Bist kənd həkim ambulatoriyasının yeni binası istifadəyə verilmişdir.
Tibb bacısı Xalidə Məmmədova ambulatoriyada yaradılan şəraitə görə kənd sakinləri və səhiyyə işçiləri adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həkim ambulatoriyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Aparılan abadlıq-quruculuq işləri nəticəsində Bist müasir Azərbaycan kəndinə çevrilmişdir. Kənd məktəbinin binası yenidən qurulmuş, həkim ambulatoriyası və xidmət mərkəzi tikilmiş, kəndə elektrik enerjisi və təbii qazın fasiləsiz verilişi təmin olunmuş, mənzillər telefonlaşdırılmışdır. Bütün bunlar sakinlərin problemlərinin vaxtlı-vaxtında həllinə, kənddə insanların yaşayış səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur”.
Ali Məclisin Sədri demişdir: “Hər bir yaşayış məntəqəsində insanlara göstərilən qayğı onların rahatlığının təmin olunmasından başlayır. Bist kəndində həyata keçirilən tədbirlər də əhalinin rahat yaşayışına imkan verəcəkdir. Bütün bu işlərin görülməsi ölkəmizdə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Eyni zamanda bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi qüdrətinin və vətəndaşlara göstərdiyi qayğının daha bir nümunəsidir”.
Ali Məclisin Sədri yaradılanlardan, qurulanlardan səmərəli istifadə olunacağına, əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini bildirmiş, bir daha sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, ikimərtəbəli binada səhiyyə xidmətinin nümunəvi təşkili üçün hər cür şərait vardır. Ambulatoriya 11 otaqdan, o cümlədən stomatoloq üçün kabinə, pediatr, baş həkim, tibb bacısı, palata, doğuş, peyvənd, qeydiyyat, aptek, mama və manipulyasiya otaqlarından ibarətdir. Hazırda həkim ambulatoriyasında 9 tibb işçisi çalışır. Lazımi tibbi avadanlıqlarla təminat sakinlərə göstərilən səhiyyə xidmətinin keyfiyyətini xeyli yüksəldəcəkdir.
Binada müasir istilik sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, gülkarlıqlar salınmışdır.
Bistdə yeni xidmət mərkəzi tikilmişdir
Həmin gün Bist kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını etmiş və bildirilmişdir ki, əvvəllər kənddə əhalinin gündəlik məişət tələbatının ödənilməsində çətinliklər vardı. Sakinlər lazımi ərzaq və sənaye mallarına olan tələbatlarını ödəmək üçün rayon və ya şəhər mərkəzlərinə üz tuturdular. Bu isə əlavə xərc və vaxt itkisinə səbəb olurdu. Lakin bu gün istifadəyə verilən Bist kənd xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazalarda keyfiyyətli yerli məhsulların satışına üstünlük verilir, əhalinin tələbatı lazımi səviyyədə ödənilir. Mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur. Bərbərxana və qadın gözəllik salonunda çalışanlar müvafiq olaraq peşə hazırlığı kursu keçmişlər.
Xidmət mərkəzinə baxışdan sonra Ali Məclisin Sədri kənd sakinləri ilə görüşmüş, kənddə əhalinin məşğuliyyəti və yaşayışı ilə maraqlanmışdır.
Sakinlər Bist kəndində aparılan abadlıq-quruculuq işlərinin hər bir sakinin rahatlığına xidmət etdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, sakinlər istər fərdi təsərrüfatların inkişafı və insanların məşğulluğunun təmin olunması, istərsə də onların sosial problemlərinin həlli sahəsində daim dövlət qayğısını hiss edirlər. Tikilən yeni binalar, çəkilən müasir yol, ilk növbədə, kəndlərin inkişafına hesablanmış dövlət siyasətinin nəticəsidir.
Ali Məclisin Sədri muxtar respublikanın bütün yaşayış məntəqələrində, o cümlədən kəndlərində tikilənləri, qurulanları ölkəmizdə həyata keçirilən düzgün siyasi xəttin və mövcud sabitliyin nəticəsi kimi dəyərləndirərək demişdir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasi xətti uğurla davam etdirilir. Ölkəmiz, eləcə də muxtar respublikamız hərtərəfli inkişaf edir. Bu inkişafdan şəhər və kəndlərimizə eyni səviyyədə pay düşür. Bist kəndində təhsil, səhiyyə və xidmət sahələrində yaradılan infrastruktur şəhər və rayon mərkəzlərindən seçilmir. Ona görə də sakinlər tikilənləri, qurulanları qorumalı, yaradılan şəraitdən səmərəli istifadə etməlidirlər.
Nəsirvaz kəndində təhsilin səviyyəsi yüksəldilmişdir
Dekabrın 21-də Nəsirvaz kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Etibar Əhmədov bildirmişdir ki, Nəsirvaz kəndində yaraşıqlı, beynəlxalq standartlara cavab verən və hər cür avadanlıqlarla təchiz olunmuş məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilir. Belə gözəl və rahat şəraitdə işləmək, çalışmaq, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq böyük məsuliyyət tələb edir. Ona görə də məktəbin kollektivi yaradılan şəraitdən səmərəli istifadə edəcək, gənc nəslin hərtərəfli təhsil alması yolunda səylə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nəsirvaz kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Nəsirvaz kənd məktəbi uzun illər uyğunlaşdırılmış binada yerləşmiş və ümumi orta məktəb kimi fəaliyyət göstərmişdir. Bu gün isə kənddə müasir məktəb binası tikilmiş və təhsil ocağı tam orta məktəbə çevrilmişdir. Məktəbdə yaradılan şərait kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə imkan verəcəkdir”.
Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Şagirdlər, gənclər müstəqil Azərbaycan Respublikasının bu gününü, gələcəyini təmin etmək üçün təhsil almalıdırlar” fikrini xatırladaraq demişdir ki, müasir məktəb binasında təhsil alan hər bir şagird hərtərəfli biliyə malik olmalı, intellektli və vətənpərvər gənc kimi yetişməlidir. Nəsirvaz kənd tam orta məktəbində yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir. Ucqar dağ kəndinin məktəbində quraşdırılan müasir tədris avadanlıqları şəhər və rayon mərkəzlərindəki məktəblərdən seçilmir. Şagirdlər tədris prosesində elektron lövhələrdən, kompüterdən, internetdən və müasir laboratoriyalardan istifadə edəcəklər. Eyni zamanda məktəbin geniş və işıqlı idman zalı gənclərin fiziki cəhətdən sağlam böyüməsinə imkan verəcəkdir. Nəsirvazda tikilən yeni məktəb binası kənddə təhsilin səviyyəsini yüksəltməklə bərabər, buranın məzunları da gələcəkdə Azərbaycanın inkişafına, müstəqilliyimizin daha da möhkəmlənməsinə xidmət edəcəklər. Ona görə də hər bir şagirdlə fərdi qaydada məşğul olunmalı, təhsilli və vətənpərvər gənclər yetişdirilməlidir.
Ali Məclisin Sədri məktəbdə təhsilin müasir səviyyədə qurulacağına əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, məktəbdə geniş və işıqlı sinif otaqları, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, idman zalı və bufet vardır.
Ali Məclisin Sədri məktəb kitabxanasında yaradılan şəraitlə tanış olmuşdur. Bildirilmişdir ki, məktəbin kitabxana fondunda 580 latın qrafikalı dərslik və 1480 bədii ədəbiyyat olmaqla, 2060 kitab vardır. Baxış zamanı şagirdlərin mütəmadi olaraq kitabxanaya cəlb edilməsinin və kitabxana günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.
Müasir tədris prosesində informasiya texnologiyalarının tətbiqi vacib şərtdir. Nəsirvaz kənd məktəbində də kompüter otağı və 2 elektron lövhəli sinif yaradılmışdır. Təhsil ocağının elektron dərsliklərlə təmin olunması isə müxtəlif fənlər üzrə dərslərin daha səmərəli tədrisinə imkan verəcəkdir.
Kimya-biologiya və fizika laboratoriyalarında quraşdırılan avadanlıqlar dəqiq elmlərin tədrisində əyani vəsaitlərdən istifadəyə, şagirdlərin keçilən dərsləri praktik olaraq daha yaxşı mənimsəmələrinə şərait yaradacaqdır.
Məktəbdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, onların ilkin hərbi vərdişlərə yiyələnməsi də diqqət mərkəzində saxlanılmış, hərbi kabinə yaradılmışdır. Hərbi kabinədəki stendlərdə ilkin hərbi biliklər haqqında məlumatlar öz əksini tapmışdır. Məktəbin idman zalında da lazımi şərait vardır.
Məktəbin müəllimləri ilə görüşən Ali Məclisin Sədri intellektli və vətənpərvər gənc nəslin yetişdirilməsinin ölkəmizdə, eləcə də muxtar respublikamızda qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirmiş, kollektivə bu vəzifələrin yerinə yetirilməsində uğurlar arzulamışdır. Müəllimlər yaradılan müasir tədris şəraitinə görə minnətdarlıqlarını bildirmişlər.
Məktəb binasının həyətində də abadlıq işləri aparılmış, gülkarlıqlar salınmış, açıq idman qurğuları quraşdırılmışdır.
Nəsirvazda kənd mərkəzi istifadəyə verilmişdir
Muxtar respublikanın kəndlərində aparılan quruculuq işləri zamanı idarəetmənin səmərəli təşkili də diqqət mərkəzində saxlanılır, dövlət qurumları üçün nümunəvi iş şəraiti yaradılır. Bu mənada tikilən kənd mərkəzləri xüsusilə böyük əhəmiyyətə malikdir.
Dekabrın 21-də Nəsirvaz Kənd Mərkəzinin açılışı olmuşdur.
Açılış tədbirində Nəsirvaz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nicat Rzayev çıxış edərək demişdir ki, muxtar respublikada aparılan abadlıq və quruculuq işləri Ordubad rayonunun Nəsirvaz kəndini də əhatə etmişdir. Kənddə məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, avtomobil yolunun yenidən qurulması əhalinin böyük sevincinə səbəb olmuşdur. Bu gün ucqar və sərhəd dağ kəndi olan Nəsirvazda bütün mənzillər elektrik enerjisi və təbii qazla təmin olunmuşdur. Kənd sakinləri, əsasən, heyvandarlıq, bağçılıq və arıçılıqla məşğul olur. Nicat Rzayev yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nəsirvaz kəndinin abad yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Nəsirvaz muxtar respublikanın ucqar dağ kəndlərindən biridir. Dəniz səviyyəsindən 2010 metr yüksəklikdə yerləşən bu sərhəd kəndi Ordubad rayonunun ən səfalı guşələrindəndir. Ona görə də kənddə əhalinin hərtərəfli qayğı ilə əhatə olunması diqqət mərkəzində saxlanılmış, yeni sosial obyektlər tikilərək istifadəyə verilmişdir. Bu gün kənddə uşaqların yaxşı təhsil alması üçün müasir məktəb binası, icra strukturlarının fəaliyyətinin yaxşılaşdırılması üçün kənd mərkəzi, insanların sağlamlığının qorunması üçün feldşer-mama məntəqəsi, eləcə də əhalinin gündəlik məişət tələbatının ödənilməsi üçün xidmət mərkəzi istifadəyə verilir”.
“Rahat yaşayışın təmin olunması yaradılan müasir infrastrukturdan asılıdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün kənd sakinlərindən 58-i dövlət büdcəsindən əməkhaqqı, müavinət və pensiya formasında vəsait alır, əməkhaqqıya əlavə olaraq 30 faiz yüksəklik pulu ödənir. Bu da ölkəmizdə insan amilinə verilən qiymətin daha bir ifadəsidir. Hər bir sakin dövlət tərəfindən yaradılan bu şəraitdən səmərəli istifadə etməli, fərdi təsərrüfatlar genişləndirilməli, insanların məskunlaşması təmin edilməlidir.
Ali Məclisin Sədri sakinləri qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə təbrik etmiş, açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, feldşer-mama məntəqəsi, kənd klubu və 45 yerlik iclas zalı yerləşir.
Kənd kitabxanasında 4326 kitab vardır. Burada oxuculara lazımi şərait yaradılmışdır. Binada baytarlıq məntəqəsi üçün də otaqlar ayrılmış, dərman vasitələri və soyuducu qoyulmuşdur.
Rabitə evində 160 nömrəlik yeni ATS quraşdırılmış, poçt bölməsinin fəaliyyəti təmin edilmişdir.
Feldşer-mama məntəqəsi üçün ayrılmış otaqlarda dərman vasitələri, ilkin tibbi yardım, peyvənd çantaları və tibbi avadanlıqlar qoyulmuşdur.
Kənd mərkəzinin həyətində də abadlıq işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmışdır.
Nəsirvaz kəndində əhalinin məişət tələbatı etibarlı ödənəcəkdir
Həmin gün Nəsirvaz kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye mallarının satıldığı mağaza vardır. Hazırda mərkəzdə 4 nəfər işlə təmin olunmuşdur.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri demişdir ki, bu gün ölkəmizdə həyata keçirilən sosial islahatların mərkəzində insanların rahat yaşayışı dayanır. Nəsirvaz kəndində tikilənlər, qurulanlar da bu məqsədə xidmət edir. İstifadəyə verilən yeni sosial obyektlər yalnız dövlət qurumları tərəfindən deyil, bütün kənd əhalisi tərəfindən qorunmalı, sakinlər bundan sonra da kəndin abadlaşmasında yaxından iştirak etməlidirlər.
Kənd ağsaqqalları muxtar respublikada ucqar dağ kəndlərinin inkişafına hərtərəfli qayğı göstərildiyini bildirərək demişlər ki, sakinlər sovetlər dönəmində Nəsirvaz kəndi ilə gediş-gəlişdə böyük problemlərlə qarşılaşır, günlərlə yollarda qalırdı. Lakin Azərbaycan müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin bütün regionlarında, eləcə də muxtar respublikada hərtərəfli inkişaf təmin edildi. Bu inkişaf Ordubad şəhərini, eləcə də rayonun kəndlərini də əhatə etmişdir. Son 18 ildə bu kəndin həyatında əsaslı dəyişikliklər baş vermiş, avtomobil yolu çəkilmiş, fərdi evlər tikilmiş, insanların problemləri həll olunmuşdur. Bu gün isə kənddə yeni məktəb binası, kənd və xidmət mərkəzləri istifadəyə verilir. Kəndin su, qaz və elektrik problemi yoxdur. Artıq qəsəbə görkəmi alan bu dağ kəndində yaşamaq, işləmək üçün hər cür şərait vardır. Sakinlər göstərilən qayğıya görə minnətdarlıq etmişlər.
* * *
Bist və Nəsirvaz kəndlərində həyata keçirilən tikinti işləri zamanı kəndlərin avtomobil yolu da yenidən qurulmuşdur. Belə ki, 30 kilometr məsafədə yol yatağı genişləndirilərək qum-çınqıl verilmiş, Bist kəndində qədim körpü təmir olunmuş, 1 yeni körpü, 180 metr istinad divarı, 15 selötürücü, 89 suötürücü tikilmişdir. Bununla yanaşı, hər iki kənddə 550 metr yerüstü kabellər, 6000 metr fiber-optik rabitə xətti, 2810 metr elektrik, 410 metr qaz, 700 metr içməli və 380 metr suvarma su xətləri çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti