Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak etmişlər.
Dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Sonra Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Plamin Orişarski, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Xorvatiyanın Baş naziri Zoran Milanoviç, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər naziri Uilyam Heyq, İtaliyanın xarici işlər naziri Emma Bonino, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ-ın enerji nazirinin köməkçisi vəzifəsini icra edən Conatan Elkind, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, bp şirkətinin baş icraçı direktoru Robert Dadli çıxış etdilər.
Sonra sənədlər imzalandı.
“Azərbaycan Respublikası, Albaniya Respublikası, Xorvatiya Respublikası və Monteneqro arasında Cənub-Şərqi Avropada “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”, “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalandı.
Bununla da, “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi başa çatdı.
AzərTAc