Bu gün ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasi xətt iqtisadiyyatın dinamik inkişafı ilə yanaşı, Silahlı Qüvvələrin maddi-texniki bazasının güclənməsinə və döyüş qabiliyyətinin artmasına da səbəb olmuşdur. Artıq peşəkar şəxsi heyətə malik olan Azərbaycan Ordusu müstəqilliyimizin və dövlətçiliyimizin yeganə qarantıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bizim güclü siyasi iradəmiz, güclü iqtisadiyyatımız, güclü ordumuz vardır. Ordu dövlətçiliyi, bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur”.
Muxtar respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər çərçivəsində hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır, yeni sosial təyinatlı obyektlər tikilir.
Dekabrın 31-də Naxçıvan şəhərindəki 1 nömrəli hərbi şəhərcikdə yeni Xidmət Kompleksi istifadəyə verilmişdir.
Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi qulluqçuları və tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edərək demişdir: “Bu gün ölkəmizdə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və himayəsi ilə ordu quruculuğu sahəsində mühüm işlər görülür. Artıq Azərbaycanda müasir ordu yaradılmışdır. Ordunun maddi-texniki təminatı, hərbçilərin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərindəki hərbi şəhərcikdə istifadəyə verilən yeni Xidmət Kompleksi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır”.
“Azərbaycanda mövcud olan dövlət-ordu-xalq birliyi sarsılmazdır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, bu gün xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramını böyük təntənə ilə qeyd edir. Hər il bu əlamətdar bayram günlərində ordu ilə həmrəylik nümayiş olunur, xalqımız ordu birləşmə və hissələrinə gedərək hərbi qulluqçuların bayramlarını təbrik edirlər. Çünki dövlət-ordu-xalq birliyi olan ölkədə sabitlik və inkişaf da davamlı olur. Bu gün Azərbaycanda sabitlik, davamlı inkişaf, dövlətçiliyimizi və müstəqilliyimizi qoruyan Milli Ordumuz vardır.
Ali Məclisin Sədri hərbi qulluqçulara xidməti vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulamış, açılışı bildirən lenti kəsmişdir.
Bildirilmişdir ki, son illər şəhərcikdə hərbçi ailələrinin normal yaşayışının təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüş, uşaq bağçası və məktəb binası tikilmiş, yaşayış binalarının kommunal-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu gün isə şəhərcikdə yeni Xidmət Kompleksi istifadəyə verilir. 3 mərtəbəli kompleksdə ərzaq və sənaye mallarının satışı mağazaları, o cümlədən uşaq-əyləncə mərkəzi və kafe fəaliyyət göstərir. Mağazalarda yerli məhsulların satışına üstünlük verilir. Burada qadın gözəllik salonu, mətbəx, anbar və xidmət otaqları vardır.
Kompleksin ikinci mərtəbəsində poçt bölməsi yaradılmışdır. Bölmədə danışıq və internet kartlarının, gündəlik mətbuatın satışı həyata keçiriləcəkdir. Eyni zamanda burada bank xidmətinin göstərilməsi də nəzərdə tutulmuşdur. Bu da sakinlərin rahatlığının təmin olunmasına imkan verəcəkdir.
Binada fərdi qazanxana quraşdırılmış, ətrafı abadlaşdırılmış və ərazidə park salınmışdır.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti