05 Yanvar 2025, Bazar

Muxtar respublikada yol-nəqliyyat infra­strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu il Hacıvar-Vayxır-Sirab dairəvi avtomobil yolu yenidən qurulacaqdır. Azərbyacan Respublikası Prezidentinin “Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, avtomobil yolunun tikintisinə 6,3 milyon manat vəsait ayrılmışdır.
Martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolun layihəsinə baxmışdır.

Yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərək bildirilmişdir ki, uzunluğu 25,6 kilometr olan Hacıvar-Vayxır-Sirab avtomobil yolunun asfalt örtüklü hərəkət hissəsinin eni 9, yol yatağının eni isə 11 metrədək genişləndiriləcəkdir. İki hərəkət zolağından ibarət olacaq yolun üzərində 4 yeni körpü, 120 su keçidi və su­ötürücüləri inşa olunacaq, yolun müxtəlif hissələrində beton suaxıdıcı kanallar tikiləcəkdir. Tikinti işləri aparılarkən yolun nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsinə və təbii təsirlərə davamlılığına xüsusi diqqət yetiriləcəkdir.
18 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini əhatə edən Hacıvar-Vayxır-Sirab dairəvi avtomobil yolunun əsas cəhətlərindən biri Naxçıvan-Culfa magistralı ilə Naxçıvan-Şahbuz-Batabat magistral yolunu bir-birinə birləşdirməsidir. Bu, avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Ordubad-Culfa-Şahbuz-Batabat və əks istiqamətə rahat və təhlükəsiz hərəkətinə imkan verəcək, Naxçıvan şəhərində nəqliyyatın sıxlığının qarşısını alacaqdır.
Ali Məclisin Sədri yolun mövcud vəziyyəti ilə tanış olmuş, tikinti işlərinə başlanması və görülən işlərin keyfiyyətlə aparılması barədə tapşırıqlar vermişdir.
Hacıvar-Vayxır-Sirab avtomobil yolunun tikintisinin bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR